Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Beynəlxalq Mətbuat Mərkəzində Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” adlı layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə ölkədə fəaliyyət göstərən müxtəlif kütləvi informasiya vasitələrinin, o cümlədən bu cür layihələrin həyata keçirilməsində hər zaman yaxından iştirak edən Daxili Qoşunların “Əsgər” qəzetinin nümayəndəsi, şəhid ailələri, qeyri-hökumət təşkilatı rəhbərləri iştirak ediblər.
 
Tədbir torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalan qəhrəman oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
  Sonra çıxış edən layihə rəhbəri Mətanət Əsgərqızı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin 3 ay davam etdiyini və uğurla yekunlaşdığını qeyd edib. Bildirib ki, ötən müddət ərzində Qarabağ və Böyük Vətən Müharibəsi əlilləri, veteranları, şəhid ailələrində, ölkənin 2 ali, 6 orta məktəbində, 2 kollecdə, Quba və Mingəçevir şəhərlərində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrində, ümumilikdə, 23 tədbir keçirilib.
 
 Görüşlər zamanı əsasən vətənpərvərliyin təbliğinə geniş yer verilib, tariximiz, şəhidlərimiz, qəhrəmanlarımız haqqında söhbətlər aparılıb, “Difai”, “Cümhuriyyət”, “Adsız qəhrəmanlar”, “Mübariz” filmləri nümayiş etdirilib. Diqqətdə saxlanılan əsas məsələ isə şəhid ailələri ilə bağlı mövcud problemlərin həll edilməsi olub.
 
   Məlumat üçün bildirək ki, tədbirdə Əsgər Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən sözügedən layihənin reallaşmasında hərtərəfli şəraitin yaradılmasına görə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Mətbuat xidməti "Təşəkkürnamə" ilə mükafatlandırılıb.
 
  Qeyd edək ki, layihə çərçivəsində yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun, hərbi qulluqçuların Vətənə, torpağa bağlılıq hisslərinin yüksəldilməsi məqsədilə bir qrup şagird və tələbələrin may ayının 28-də və iyun ayının 18-də Daxili Qoşunların “N” saylı hərbi hissələrilə tanışlığı həyata keçirilib.