Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

  Tədbirdə iştirak edən Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov şəxsi heyəti təbrik edib
 
  Mayın 14-də Dövlət Bayrağı Meydanında Daxili Qoşunların sıralarına xidmətə yeni qəbul edilmiş gənc əsgərlərin təntənəli andiçmə mərasimi keçirilib.
 
 Tədbirdə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov, Veteranlar şurasının üzvü Elxan Xəzər və əsgər valideynləri iştirak ediblər.
 
  Andiçmə mərasimi Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Sonra Nümunəvi-göstərici Hərbi Orkestrin müşayiəti ilə Dövlət himni ifa edilib.
 
  Hərbi hissənin komandiri polkovnik S.Cəfərov çıxış edərək qısa nitqində gənc əsgərlərə hərbi andın mənasını, Azərbaycan Respublikasına, Azərbaycan hökümətinə və xalqına sədaqətlə xidmət etməkdə and içən hərbi qulluqçuların üzərlərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası konstitusiyasının müvafiq maddələrini xatırladıb.
 
  Sonra gənc əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə  söz veriblər.
 
  Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin yaratdığı və qurucusu olduğu müstəqil Azərbaycan ordusunun və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların mərhələ-mərhələ inkişaf etdiyini diqqətə çatdırıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısı,  sıralarımızda xidmət edən hər bir gənci ruhlandırdığını vurğulayıb.
 
  Əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik edən general-leytenant Ş.Məmmədov ictimai təhlükəsizliyin təmin edilməsinin, hər qarış torpağımızın müqəddəratının məhz gənc əsgərlərin nümunəvi xidmətindən asılı olduğunu qeyd edərək, Qoşunların bütün hərbi qulluqçuları kimi gənc əsgərlərin də xidməti-döyüş tapşırıqlarının keyfiyyətlə yerinə yetirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, Vətən torpağını göz bəbəkləri kimi qoruyacaqlarına, yüksək döyüş hazırlığı və möhkəm nizam-intizama malik olacaqlarına əminliyini ifadə edib.
 
  Əsgər Miri Cahangirli əsgər yoldaşları adından çıxış edərək, təlim dövründə onlara göstərilən diqqət və qayğıya cavab olaraq xidmət zamanı komandirlərin etimadını, valideynlərin ümidini doğruldacaqlarını, sədaqətlə xidmət edəcəklərini söyləyib.
 
  Valideynlər adından çıxış edən əsgər atası Natiq Məmmədov hərbi hissədə əsgərlər üçün yaradılan hərtərəfli şəraitə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevə, Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Daxili Qoşunlar Komandanlığına dərin minnətdarlığını bildirib, əsgərləri səmimi qəlbdən təbrik edərək onlara xidmətlərində müvəffəqiyyətlər arzulayıb.
 
  Daxili Qoşunların veteranı, döyüşçü şair Elxan Xəzər də gənc əsgərləri təbrik edərək onlara öz tövsiyələrini verib. Hərbi andın hər bir əsgərin düşüncəsində yaratdığı məsuliyyətdən danışaraq, Vətənin, xalqın, dövlətin öz müqəddəratını onlara etibar etdiyini deyən veteranımız “Bayraq meydanından başlayan yol” adlı şeirində bu fikirləri nəzmə çəkib.
 
  Andiçmə mərasimi şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.