Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Aprelin 8-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Milli Aviasiya Akademiyasını müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları ilə görüşüb.
 
Görüşdə Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Şəmiyev və Trenajor Mərkəzinin direktoru professor Rauf Cəfərzadə iştirak ediblər.
 
Qonaqları səmimi salamlayan general-leytenant Ş.Məmmədov son illərdə  ordu quruculuğu istiqamətində məqsədyönlü islahatların həyata keçirildiyini diqqətə çatdıraraq, aviasiya sahəsində də yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını vurğulayıb. Qeyd edib ki, bu işdə Milli Aviasiya Akademiyasının rolu əvəzsizdir.
 
  Hərbi qulluqçularımızı təbrik edən general-leytenant Ş.Məmmədov eyni zamanda yaradılan hərtərəfli şəraitə görə Milli Aviasiya Akademiyasının rəhbərliyinə dərin minnətdarlığını bildirib və əməkdaşlığın gələcəkdə də davam etdirilməsindən məmnunluğunu ifadə edib.
 
  Milli Aviasiya Akademiyasının müəllim heyəti adından çıxış edən R.Cəfərzadə də öz növbəsində hərbi qulluqçuları təbrik edərək, onlara daima öz üzərilərində çalışmağı, peşə vərdişlərini daha da artırmağı arzulayıb.
 
  Tədbirin sonunda pilotlara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.
 
  Qeyd edək ki, ötən ilin sentyabr ayında Milli Aviasiya Akademiyasında başlayan tədris kursunda Daxili Qoşunların "N" saylı hərbi hissəsindən 7 nəfər pilot, 1 nəfər bortexnik olmaqla, ümumilikdə, 8 nəfər hərbi qulluqçu iştirak edib. Bu müddət ərzində onların biliklərinin artırılması məqsədilə nəzəri məşğələlərlə yanaşı, praktiki uçuşlar da həyata keçirilib.