Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Fevralın 13-də Daxili Qoşunların “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş gənc əsgərlərin andiçmə mərasimi  keçirilib.

Mərasimdə Daxili Qoşunların Veteranlar şurasının üzvləri, əsgərlərin valideynləri və yaxın qohumları iştirak ediblər.

Mərasim Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Nümunəvi-Göstərici Hərbi Orkestrin müşayiəti ilə Dövlət himni ifa edilib.

  Hərbi hissənin komandiri polkovnik Salamat Cəfərov qısa nitqində gənc əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikasının konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıb.

  O, gənc əsgərləri bu əlamətdar gün münasibəti ilə təbrik edərək, Azərbaycan əsgəri olmalarından həmişə qürur duymalarını, Vətənimizə layiqincə xidmət etməyi arzulayıb.

  Gənc əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

  Sonra Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun andiçmə münasibətilə gənc əsgərlərə ünvanladığı təbriki çatdırılıb. Təbrikdə hər bir əsgərin Vətənə şərəflə xidmət edəcəyinə, Azərbaycan Respublikasının qanunlarına və hərbi nizamnamələrin tələblərinə ciddi riayət edəcəyinə, eləcə də yüksək döyüş hazırlığına və möhkəm nizam-intizama malik olacaqlarına əminlik ifadə olunub.

  Daxili Qoşunlar Komandanının 1-ci müavini - Qərargah rəisi general-mayor Şirin Xəlilov təntənəli gün münasibətilə gənc əsgərləri təbrik edərək onlara öz tövsiyələrini verib. Qeyd edib ki, hərbi andı qəbul edən hər bir hərbi qulluqçu birmənalı olaraq dərk etməlidir ki, Vətənə, xalqa, dövlət və dövlətçiliyimizə sonsuz sədaqətlə xidmət etməlidir.

  Çıxış edən Veteranlar Şurasının üzvləri, əsgər valideynləri də gənc əsgərləri səmimi qəlbdən təbrik edərək onlara xidmətlərində müvəffəqiyyətlər arzulayıblar.

  Mərasim şəxsi heyətin sıra meydanından təntənəli keçidi ilə başa çatıb.