Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

  General-leytenant Şahin Məmmədov bildirib ki, vəzifəsindən, rütbəsindən asılı olmayaraq, Daxili Qoşunların sıralarında xidmət edən hər bir hərbi qulluqçu üzərinə düşən vəzifələrin icrasına son dərəcə məsuliyyətlə yanaşmalıdır.
 
                                  
 
  Yanvarın 31-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Qoşunların "N" saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş gənc əsgərlərlə görüşüb.
 
  Görüşün keçirilməsində məqsəd Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının vəzifələri, qarşıda duran tapşırıqlar, hərbi xidmət keçmənin xüsusiyyətləri barədə şəxsi heyətin məlumatlandırılması və gənc əsgərlərin müraciətlərinin dinlənilməsindən ibarət idi.
 
  General-leytenant Ş.Məmmədov görüşdə çıxış edərək son illərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilmiş islahatlardan danışıb. Qeyd edib ki, ötən illər ərzində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mаddi-tехniki bazası daha da gücləndirilmiş, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində, eləcə də regionlarda yerləşən hərbi hissələrdə abadlıq-quruculuq işləri aparılmış, yeni hərbi şəhərciklər, əsgər kazarmaları tikilmiş, müasir standartlara cavab verən, hərtərəfli şəraitə malik xidməti-yaşayış kompleksləri hərbi qulluqçuların istifadəsinə verilmişdir.
 
  Sonra Daxili Qoşunların vəzifələrindən danışan cənab Komandan diqqətə çatdırıb ki, Daxili Qoşunların vəzifələri 8 fevral 1994-cü il tarixli "Daxili Qoşunların statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilib.
 
  Bu vəzifələrin dövlət və dövlətçilik baxımından çox mühüm əhəmiyyət kəsb etdiyini bildirən general-leytenant Ş.Məmmədov vurğulayıb ki, vəzifəsindən, rütbəsindən asılı olmayaraq, Daxili Qoşunların sıralarında xidmət edən hər bir hərbi qulluqçu üzərinə düşən vəzifələrin icrasına son dərəcə məsuliyyətlə yanaşmalıdır.
 
  Bu gün ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarını təmin edən sabitliyin hökm sürdüyünü deyən Daxili Qoşunlar Komandanı təəssüf hissi ilə diqqətə çatdırıb ki, dövlətimizin inkişafını, əhalinin rifah halının yaxşılaşmasını istəməyən qüvvələr də var. Buna misal kimi, bildirib ki, ötən ilin noyabr ayında Nardaran qəsəbəsində xaricdən maliyyələşən dini radikalların ölkənin konstitusyon quruluşuna və qanunlarına qarşı hərəkətləri digər hüquq-mühafizə orqanları ilə birlikdə Daxili Qoşunların şəxsi heyəti tərəfindən dərhal alınıb.
 
  Xidmətin ilk günlərindən Azərbaycan Respublikasının hərbi nizamnamələrinin tələblərinə ciddi riayət etməyin vacibliyini vurğulayan Daxili Qoşunların Komandanı nəzərə çatdırıb ki, nizamnamədən kənar hərəkətlər yolverilməzdir. O, bir qayda olaraq təlimlərdə, məşğələlərdə fəal olmağı, fiziki hazırlığı artırmağı, qarşılıqlı münasibətlərin əsl dostluğa əsaslanmasını, xidmətin aparılmasında təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, sağlamlığa fikir verməyi və ziyanlı vərdişlərdən çəkinməyi gənc əsgərlər qarşısında tələb kimi qoyub.
 
  General-leytenant Ş.Məmmədov çıxışının sonunda qeyd edib ki, ötən illərdə Daxili Qoşunlar qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirib və bundan sonra da döyüş hazırlığının yüksək səviyyədə qorunub saxlanılmasını təmin edəcəkdir. Şəxsi heyət bütün qüvvəsini ölkədə cinayətkarlığa qarşı mübarizəyə, hüquq qaydalarının etibarlı təmin edilməsinə, bütövlükdə ictimai təhlükəsizliyin və asayişin qorunmasına səfərbər edəcək, qarşıya qoyulmuş məsul tapşırıqları növbəti illərdə də əzmlə yerinə yetirəcək, xalqa, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəkdir.
 
  Sonda əsgərlərin müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.