Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Yanvarın 24-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov qoşunların Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində əsgər valideynləri ilə görüşüb, onların təklif və müraciətlərini dinləyib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, habelə sabitliyin qorunub saxlanılmasında mühüm rol oynayan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verən general-leytenant Ş.Məmmədov qeyd edib ki, dünyada və regionda iqtisadi böhranın dərinləşməsinə baxmayaraq, ölkəmizdə bu istiqamətdə dövlət başçısı tərəfindən mütərəqqi addımlar atılmaqdadır: “Hal-hazırda Daxili İşlər Nazirliyinin tərkib hissəsi olan Daxili Qoşunların şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərtərəfli şəraitə malik yaşayış komplekslərinin, yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikilib istifadəyə verilməsi, o cümlədən növbəti dəfə vəzifə maaşlarının artırılması ölkə rəhbərliyinin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğısının nəticəsidir”.

   Daxili Qoşunların Komandanı əsgər valideynlərini əmin edib ki, bundan sonra da övladlarının normal xidmət keçmələri üçün hərtərəfli şərait yaradılacaq.

  Görüşdə əsgərlərin sağlamlıq durumu ilə bağlı məsələlərə də toxunulub. Vurğulanıb ki, Daxili Qoşunların bütün hərbi hissələrində şəxsi heyət tərəfindən sanitar-gigiyenik qaydalara riayət olunması, yoluxucu xəstəliklərə qarşı immunitetin artırılması üçün keyfiyyətli qidalanma ilə şəxsi heyətin təmin edilməsi ciddi nəzarət altında saxlanılır.

  Sonra valideynlərin müraciətləri dinlənilib. Hərbi hissədə yaradılmış hərtərəfli şəraitə görə Respublika Prezidentinə, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirən valideynlərin əksəriyyəti övladlarının müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında qalıb xidmətlərini davam etdirməyə köməklik göstərilməsini xahiş ediblər.

  Valideynlər tərəfindən övladlarının Daxili Qoşunlarda hərbi xidmətlərini davam etdirmələri üçün çoxsaylı müraciətlərin səsləndirilməsinin sevindirici hal olduğunu deyən Daxili Qoşunların Komandanı arzu və istəklərin yerinə yetirilməsi istiqamətində konkret göstərişlər verib. İcrası mümkün olan  məsələlər isə yerindəcə həllini tapıb.