Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alan kursantlarla görüşüb.

General-leytenant Ş.Məmmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin daha da gücləndirilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyətindən danışaraq qeyd edib ki, bu baxımdan əsas diqqəti təlim və tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəltmək günün vacib tələblərindəndir.

Hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbində nəzəri və praktiki təlimlərin peşəkar müəllim heyəti tərəfindən aparıldığını bildirən cənab Komandan qeyd edib ki, məqsəd kursantların bilik və bacarıqlarının, ixtisas hazırlığının artırılmasından ibarətdir.

  O, əlavə edib ki, bu gün Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların şəxsi heyəti hərtərəfli şəraitlə təmin olunub. Bildirilib ki, bütün bunlara baxmayaraq, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yüksəldilməsi istiqamətində işlər davam etdirilir.

  Vəzifə borclarının tələblərindən irəli gələn tapşırıqların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyini deyən general-leytenant Ş.Məmmədov çıxışı zamanı hərb peşəsinin, xüsusilə də zabit şərəfinin məsuliyyətindən də söz açıb. Qeyd edib ki, Vətənə sevgi, xalqa məhəbbət ruhunda tərbiyə olunan Daxili Qoşunların zabiti  dövlət və dövlətçiliyimizin gücləndirilməsi, ölkəmizin daha da qüdrətlənməsi, inkişafı və tərəqqisi naminə öz bilik və bacarıqlarını əsirgəməməli, lazım gələrsə bu şərəfli yolda canından da keçməyə hazır olmalıdır.

  Görüşün sonunda Daxili Qoşunlar Komandanı kursantları maraqlandıran sualları cavablandırıb, onların istək və arzularını dinləyib.

  Sonra Ali Hərbi Məktəbdə təlim-tədris prosesinin təşkili, keçirilməsi və keyfiyyəti ilə tanış olan general-leytenant Ş.Məmmədov kursantlarla birgə nahar yeməyində iştirak edib.