Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Sentyabrın 13-də Daxili Qoşunların Ali Hərbi Məktəbinə bu il qəbul olan kursantların təntənəli andiçmə mərasimi keçirildi. Mərasimdə Daxili Qoşunlar Komandanının 1-ci müavini-Qərargah rəisi general-mayor Şirin Xəlilov, Daxili Qoşunlar Komandanının müşaviri polkovnik Aziz Altıntepe, Veteranlar Şurasının üzvləri, kursant valideynləri və ictimaiyyət nümayəndələri  iştirak edirdi.

Tədbir Ali Hərbi Məktəbin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başladı. Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov Daxili Qoşunlar Komandanının 1-ci müavini-Qərargah rəisi general-mayor Ş.Xəlilova şəxsi heyətin mərasimə hazır olması barədə məruzə etdi.

  Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi.

  Kursantlar hərbi andı qəbul etdikdən sonra məktəb rəisi general-mayor İ.Məmmədov çıxış etdi. Andiçmə mərasimini əlamətdar hadisə kimi qiymətləndirərək, zabit peşəsinin ən şərəfli peşələrdən olduğunu bildirdi. Qeyd etdi ki, zabit olmaq bütün həyatını Vətənə xidmətə həsr etməklə yanaşı, vətənpərvər, cəsur, savadlı və ədalətli olmaq kimi xüsusiyyətləri özündə birləşdirməyi tələb edir. Bu keyfiyyətləri gələcəyin zabitlərinə aşılamaqdan ötrü Ali Hərbi Məktəbin komandir və müəllim heyəti var gücü ilə çalışacaqdır.

  Tədrisin peşəkar hərbçi müəllimlər tərəfindən həyata keçiriləcəyini diqqətə çatdıran məktəb rəisi bunun üçün Ali Hərbi Məktəbdə yüksək standartlara cavab verən maddi-texniki tədris bazasının və məişət şəraitinin olduğunu vurğuladı. Gələcək zabitlərin də öz növbəsində onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə etdi.

  Çıxış edən kursant Şaban Hacıyev bütün yoldaşları adından müqəddəs bayrağa əl basaraq and içdiklərini və lazım gələrsə, bu yolda canlarını fəda edəcəklərinə, zabit adına hər zaman layiq olmağa çalışacaqlarına söz verdi.

  Valideynlər adından çıxış edən Süleyman Quliyev bütün valideynləri təbrik edərək, onları bu müqəddəs və şərəfli yolda hər bir kursanta dayaq olmağa çağırdı. Kursantlarla yanaşı, hər bir valideynin də Vətənin əsgəri kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmrləri layiqincə yerinə yetirməyə hazır olduqlarını mərasim iştirakçılarının nəzərinə çatdırdı.

  Tədbirdə iştirak edən general-mayor Ş.Xəlilov hərbi andiçmə günü münasibəti ilə kursantları səmimi qəlbdən təbrik edərək tövsiyələrini çatdırdı. Özünün də 40 il bundan öncə kursant adını daşıdığını deyən general-mayor Ş.Xəlilov bu gün müstəqil Azərbaycan dövlətinin and içən kursantlarını gördükdə fəxarət hissi keçirdiyini vurğuladı. Bu andan etibarən kursantların Qoşunların bütün şəxsi heyəti kimi qarşıya qoyulan hər bir tapşırıq üçün  məsuliyyət daşıdıqlarını bildirdi. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunların inkişafı naminə göstərdiyi qayğısını xüsusilə vurğulayan Qoşunların Qərargah rəisi bu diqqətin hər bir hərbi qulluqçunu öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığını söylədi.

  Ardınca Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun təbrik məktubu şəxsi heyətə çatdırıldı. Təbrikdə Qoşunların bütün şəxsi heyəti kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırığın layiqincə yerinə yetirəcəkləri, Daxili Qoşunların sıralarının daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün səy göstərəcəkləri qeyd edilirdi. Təbrik məktubunda həmçinin sıralarımıza daxil olan gənclərimizin sədaqət hissi ilə döyünən qəlblərinin daima Vətən eşqi ilə alovlanacağına, onların xidməti-döyüş tapşırıqlarını daha keyfiyyətlə yerinə yetirəcəklərinə, eləcə də öz fədakar xidmətlərini əsirgəməyəcəklərinə əminlik ifadə olunurdu.

  Tədbir şəxsi heyətin tribuna önündən təntənəli keçidindən sonra kursantların Ali Hərbi Məktəbin marşının ifası ilə başa çatdı.