Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Mayın 16-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi. Mərasimdə əsgər valideynləri də iştirak edirdi.
 
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni ifa olundu.
 
Hərbi hissə komandiri polkovnik Salamat Cəfərov çıxış edərək, gənc əsgərlərə hərbi andın mənasını, öz xalqına, Vətəninə sədaqət andı içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri xatırlatdı.
 
  Sonra gənc əsgərlərin təntənəli şəkildə andiçmə mərasimi keçirildi. Bu münasibətlə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun təbrik və tövsiyələri çatdırıldı.
 
  Təbrikdə qeyd edildi ki, bu andan etibarən gənc əsgərlər Daxili Qoşunların bütün şəxsi heyəti kimi Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə görə şəxsi məsuliyyət daşıyırlar. Hər bir gənc əsgər bu müqəddəs andın mənasını tam dərk etməli, hərbi anda sadiq qalaraq, bundan sonra da dövlətçiliyimizin qorunması, vətəndaşlarımızın təhlükəsizliyi və torpaqlarımızın müdafiəsi naminə əllərindən gələni əsirgəməməlidirlər.
 
  Daha sonra çıxış üçün söz Daxili Qoşunlar Komandanının müavini-Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyevə verildi. Bu günün əlamətdar və şərəfli bir gün olduğunu vurğulayan general-mayor V.Əliyev, bütün əsgərləri cəsur, nizam-intizamlı olmağa, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyə, Vətənə namusla, ləyaqətlə xidmət etməyə və Daxili Qoşunların adını, nüfuzunu hər zaman qorumağa çağırdı.
 
  Döyüşçü-şair Elxan Xəzər də gənc əsgərləri Hərbi andiçmə münasibətilə təbrik edərək, onlara Azərbaycan əsgərinə xas olan bütün xüsusiyyətləri özlərində formalaşdırmağı tövsiyə etdi.
 
  Əsgər valideynləri adından çıxış edən Əmir Hacızadə isə hərbi hissədə əsgərlər üçün yaradılan hərtərəfli şəraitə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevə, Daxili İşlər Nazirinə və Daxili Qoşunların Komandanlığına səmimi minnətdarlığını bildirdi.
 
  Andiçmə mərasimi gənc əsgərlərin təntənəli keçidi ilə başa çatdı.