Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Fevralın 14-də Dövlət Bayrağı Meydanında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının gənc əsgərlərinin andiçmə mərasimi keçirildi. Mərasimdə əsgər valideynləri də iştirak edirdi.

 Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Nümunəvi-göstərici hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olundu. 

  Hərbi hissə komandiri polkovnik Salamat Cəfərov çıxış edərək, gənc əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına sədaqət andı içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri xatırlatdı.

  Sonra gənc əsgərlər Hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü qanını və canını əsirgəməyəcəklərinə söz verdilər.

  Andiçmə mərasimində iştirak edən Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov Qoşunlarda yeni xidmətə başlayan gənc əsgərləri hərbi and içmələri münasibətilə təbrik etdi və öz tövsiyələrini çatdırdı.

  Cənab Komandan qeyd etdi ki, bu andan etibarən onlar da Daxili Qoşunların bütün şəxsi heyəti kimi Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə hər an hazır olmalıdırlar.

  Daxili Qoşunların Komandanı həmçinin gənc əsgərlərə xitabən vurğuladı ki, bu müqəddəs andın mənasını tam dərk etməli, vətəndaşlarımızın təhlükəsizliyi və torpaqlarımızın müdafiəsi istiqamətində əllərindən gələni əsirgəməməlidirlər.

  Döyüşçü-şair Elxan Xəzər, əsgər valideynləri adından Ələddin Hüseynov gənc əsgərləri Hərbi and içmələri münasibətilə təbrik edərək, onlara səmimi, cəsur və intizamlı, daim Vətənin müdafiəsinə hazır olmağı, Azərbaycan əsgərinə xas olan bütün xüsusiyyətləri özlərində formalaşdırmağı tövsiyə etdilər.

  Andiçmə mərasimi gənc əsgərlərin təntənəli keçidi ilə başa çatdı.