Yeni ilin əvvəli Daxili Qoşunların həyatında daha bir əlamətdar hadisə ilə yadda qaldı. Yanvar ayının 10-da Daxili Qoşunların Hərbi Hospitalı 22 yaşını təntənəli surətdə qeyd etdi.
Mərasimdə Hərbi Hospitalın veteran həkimləri və digər dəvət olunmuş qonaqlar iştirak edirdi. Tədbirin rəsmi hissəsi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Sonra Azərbaycanın Dövlət Himni ifa olundu. Ardınca Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun təbrikini çatdırmaq üçün söz polkovnik-leytenant Rasim Qüdrətova verildi. Təbrikdə Hərbi Hospitalın yarandığı ilk günlərdə ön cəbhədə yüzlərlə yaralı döyüşçülərimizi ölümün pəncəsindən xilas edən tibb işçilərinin fəaliyyəti yüksək qiymətləndirilmişdir: "...Bu gün də Daxili Qoşunların şəxsi heyətinin sağlamlığının keşiyində müsəlləh əsgər kimi durmuş Hərbi Hospitalın tibb işçiləri vəzifələrinin öhdəsindən məharətlə gələrək, hərbi qulluqçularımızın qısa bir müddətdə keyfiyyətlə müalicə olunmasını təmin edirlər...". Cənab Komandan şəxsi heyətin bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəyinə, bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artıracaqlarına əminliyini ifadə etmişdir.
Sonra polkovnik-leytenant Şəmsəddin Heydərov çıxış etdi. O, 1992-1993-cü illərdə - qızğın döyüş əməliyyatlarının getdiyi bir vaxtda yaralıların tez bir zamanda sağlamlıqlarının bərpa olunduğunu və yenidən döyüş meydanlarına qaytarıldığını tibb işçilərinin əzmkarlığı və fədakarlığı kimi dəyərləndirdi. Əlavə etdi ki, o zaman - zəruri tibbi avadanlıqların çatışmadığı bir dövrdə həkim briqadası üzərinə düşən tapşırıqları layiqincə yerinə yetirmişdir. Polkovnik-leytenant Ş.Heydərov bu gün hospitalın ən müasir tibbi aparatlarla, diaqnostika vasitələri ilə təchiz olunduğunu Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Qoşunlara olan xüsusi diqqət və qayğısının nəticəsi kimi tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Polkovnik-leytenant Adil Həsənov və mayor Ceyhun Abuzərov da həmkarları qarşısında çıxış edərək müharibənin fəsadlarından, dövrün çətinliyindən bəhs etdilər. Müharibədə həyatlarının ən şərəfli və məsuliyyətli anlarını yaşadıqlarını qeyd edən çıxışçılar bir daha vurğuladılar ki, Qarabağ savaşında yaralanmış hərbi qulluqçuların sağalması üçün əllərindən gələni əsirgəməmişlər. “Qocaman həkimlər" təkcə iki gün ərzində 534 hərbi qulluqçunu həyata qaytardıqlarını dilə gətirərək, onların çoxunun bu gün də sıralarımızda xidmətlərini davam etdirdiklərini bildirdilər.
İştirakçılar arasında olan veteran Faiq Əliyev də öz xatirələrini bölüşmək üçün tribuna önünə keçdi. Çıxışı zamanı hörmətli akademik Vəli Əliyevin “Tarixi unutmağa heç kəsin ixtiyarı yoxdur” fikrini xatırladaraq, Hərbi Hospitalın keçdiyi şərəfli döyüş yolunu əks etdirən bir stend hazırlanmasını tövsiyə etdi. Bildirdi ki, bu stend gənc həkimlərimiz üçün bir örnək rolunu oynaya bilər.
Tədbirin rəsmi hissəsi polkovnik Elçin Əliyev tərəfindən xidmətdə fərqlənmiş hərbi qulluqçulara mükafatların təqdim edilməsi ilə başa çatdı.
Hərbi Hospitalın 22-ci ildönümü Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestrin solistlərinin konsert proqramı ilə davam etdirildi.