Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

                                  
 
  Dekabr ayının 12-də DİN-nin Daxili Qoşunlarının Baş İdarəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirildi. Mərasimdə Daxili Qoşunların Komandanlığı ilə yanaşı, millət vəkili Zahid Oruc, siyasi elmlər doktoru, professor Elman Nəsirov da iştirak etmişlər. Tədbir dahi liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Dövlət Himninin ifa olunması ilə başladı. Daha sonra Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən film nümayiş olundu.
 
  Filmin nümayişindən sonra «Heydər Əliyevin həyat və fəaliyyəti hər birimiz üçün örnəkdir» mövzusunda çıxış üçün söz millət vəkili Z.Oruca verildi. Ulu Öndər Heydər Əliyevi tarixdə iz qoyan müstəsna insan kimi qiymətləndirən millət vəkili, Heydər Əliyev adının və onun  missiyasının növbəti əsrlərə,  nəsillərə ötürüləcəyini əminliklə vurğuladı. Heydər Əliyev şəxsiyyətinin hər zaman xatırlanacağını söyləyən Z.Oruc, dahi rəhbərə münasibətin əslində insanlıq və mənəvi kimlik məsələsi olduğunu bildirdi. Onu olduqca sadə, mərd, istedadlı, təvazökar, bir sözlə, mükəmməl insan kimi dəyərləndirən millət vəkili Ulu Öndərin eyni zamanda bütün varlığı ilə xalqına bağlı olduğunu, “ayrılarmı, könül candan” deyərək, qəhərlənən Liderin bununla da öz taleyini, cismində və ruhunda daşıdığı Vətəni hər kəsə anlada bildiyini qeyd etdi: “İki dövrün qəhrəmanı olmur, amma xalq sevgisi və tarix Heydər Əliyevi həm sovet dövrünün, həm də azadlıq dövrünün qəhrəmanına çevirdi.”
 
  Sonra professor E.Nəsirov "Heydər Əliyev və azərbaycançılıq ideyası" mövzusunda çıxış etdi. O, yахın keçmişimizin hər səhifəsində Heydər Əliyevin imzasının, fədakar xidmətinin olduğunu bildirdi: “Azərbaycanın bütün sahələrinin inkişafı, o cümlədən nizami ordunun yaranması, formalaşması məhz Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsində baş vermişdir. Hələ sovet dönəmində Cəmşid Naxçıvanski adına Hərbi Litsey məhz onun diqqət və qayğısı sayəsində qısa zaman ərzində ən müasir təhsil müəssisələrindən birinə çevrildi.”
 
  Heydər Əliyev ideyalarının bu gün də yaşadığını söyləyən professor, seçilmiş siyasi xətt sayəsində bu inkişafın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi.
 
  Sonda çıxış üçün söz Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədova verildi. O, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışarkən diqqətə çatdırdı ki, hansı sahəyə diqqət etsək, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin yaratdıqlarını - onun şah əsəri - müstəqil Azərbaycanı görürük: " Ulu öndərin ölkəyə rəhbərliyi sayəsində respublikada yaranmış vətəndaş müharibəsinə son qoyuldu, sabitlik yarandı, asayiş bərpa olundu və ən nəhayətdə Azərbaycan iqtisadiyyatı yenidən qurularaq günü-gündən inkişaf etdi. Ulu Öndər üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Bu fəlsəfə onun memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı."
 
  Ümummilli Lider Heydər Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Bunun üçün biz hərbçilərin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edən Daxili Qoşunların Komandanı bundan sonra da Ulu Öndərimizin ideyalarına sadiq olmağı, Vətənimizi Heydər Əliyev kimi sevməyi, dövlətimizə, dövlətçiliyimizə qarşı çıxanlarla barışmaz olmağı tövsiyə etdi. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşməyi, onun əmr və göstərişlərini sözsüz yerinə yetirməyə hər an hazır olmağa borclu olduğumuzu vurğuladı.
 
  Sonda bir daha vurğulandı ki, Heydər Əliyev sözün əsl mənasında bütöv bir əsrin - XX əsrin şəxsiyyəti idi. Onun əməlləri bundan sonra da gələcək nəsillərə təlqin olunacaq və hər bir azərbaycanlı Heydər Əliyev məktəbindən  bəhrələnəcəkdir.