Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

                                                          
 
  Kollektivin ən böyük arzusu - zəfər günü Şuşada, Laçında, Xankəndidə və digər işğal altında olan torpaqlarımızda qələbə marşını ifa etməkdir.
 
  Azərbaycan mədəniyyətinin mühüm bir qolu sayılan musiqimiz çoxəsrlik inkişaf yolu keçib, nəsildən-nəslə ötürülərək təkmilləşib və daha da zənginləşib. Xüsusilə XX əsrdə yaradıcılıq axtarışlarının diapazonu genişlənib, yeni-yeni janrlar, melodiya və ritm zənginliyi ilə fərqlənən müxtəlif rəqslər yaranıb.
 
  Bu janrlar arasında önəmli yer tutan hərbi musiqi zamanından və məkanından asılı olmayaraq insanları daim mübarizəyə və qələbəyə səsləyib.
 
  Əsrin sonlarında ölkəmizə qarşı torpaq iddiası qaldırmış erməni qəsbkarları ilə aparılan müharibə şəraitində yaranan bu nəğmələr o illərin bütün ağrı, acısını əks etdirməklə yanaşı, düşmənə nifrət, Vətənə sevgi, dövlətə sədaqət hissləri aşılayırdı. O çətin illərdə formalaşan Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestri də hərbi qulluqçularda ruh yüksəkliyini, qələbəyə inam hissini gücləndirmək üçün əlindən gələni əsirgəmirdi.
 
  Noyabr ayının 17-də 20 illik yubileyini qeyd edən hərbi orkestr fəaliyyət göstərdiyi bu zaman kəsiyində sözün əsl mənasında nümunəvi olduğunu sübut etdi. Çünki onun sıralarına daxil olan musiqiçilər nəinki peşəkar ifaları, eyni zamanda bütün varlığı ilə Vətənə, torpağa bağlı olmaları ilə də seçilirlər.
 
  Bu ənənə yenə də davam edir. Hazırda orkestrin heyəti 115 nəfərdən ibarətdir. Onun nəzdində mahnı və rəqs ansmblı fəaliyyət göstərir. Kollektiv fleyta, qoboy, klarnet, şeypur, alt, tenor, bariton, saksofon, trombon, tuba, böyük və kiçik təbil ifaçılarından ibarətdir. Leytenant Zaur Əmiraslanov, gizir Vəsilə İbrahimova, Fidan Hacıyeva, Səlim Abbasov, Prezident təqaüdçüsü Amil Məmmədov, Zabitə Alıyeva, Zeynalabdin Kərimov, Aslan Hüseynov orkestrin solistləridirlər.
 
  Bədii rəhbər isə Daxili Qoşunların Baş İdarəsində Hərbi orkestr xidmətinin rəisi-baş hərbi dirijor, Azərbaycan Respublikasının “Əməkdar artist”i polkovnik-leytenant İlqar Novruzovdur. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının məzunu olan polkovnik-leytenant İ.Novruzov kollektivin yarandığı ilk günlərdən öz əməyini, istedadını hərbi musiqinin inkişafına yönəldib. “Daxili Qoşunların marşı”, “Ali Hərbi Məktəbin marşı”, “Alay marş­ları”, Ümümmilli Lider Heydər Əliyevə həsr olunmuş “Parlaq Günəş” əsəri, “Əsgər Anası” mahnısı məhz onun əməyinin məhsuludur.
 
  Bu baxımdan deyə bilərik ki, hərbi dirijorumuzun Azərbaycan musiqi sənətinin inkişafında da xidmətləri, fəaliyyətləri danılmazdır. Bunun nəticəsidir ki, polkovnik-leytenant İ.Novruzov dəfələrlə həm Daxili İşlər Naziri, həm də Daxili Qoşunlar Komandanlığı tərəfindən mükafatlandırılıb. Lakin ən böyük mükafat özünün də qeyd etdiyi kimi, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilən “Əməkdar artist” fəxri adıdır. Əslində, bu fəxri ad onun 20 ildə çəkdiyi zəhmətin, əziyyətin ən gözəl mükafatıdır.
 
  Hərbi orkestrin fəaliyyəti haqqında danışarkən bədii rəhbər ilk olaraq vurğaladı ki, orkestr həqiqətən də böyük inkişaf yolu keçib: “Nümunəvi-göstərici Hərbi Orkestr Daxili Qoşunlarla birgə addımlayıb, istər ən ağır və çətin, istərsə də ən əlamətdar və sevincli günlərdə şəxsi heyətin döyüş ruhunun yüksəldilməsinin şərəf borcu olduğunu dərindən dərk edib”.
 
  Ötən müddətdə kollektivin həm tərkibi, həm də yaradıcılıq səviyyəsi dəyişib, professional yönümdə formalaşıb.
 
  Polkovnik-leytenant İ.Novruzov qeyd etdi ki, illər ötdükcə yaxşı mənada ifaçılıq dəsti-xətti ilə fərqlənən orkestrin repertuarına bu gün dünyanın dahi bəstəkarları L.Van Bethoven, V.A.Mosart, F.Şopen, P.Çaykovski, eləcə də Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev, S.Ələsgərov, V.Adıgözəlov, T.Quliyev kimi dahi bəstəkarların əsərləri daxil edilib: “Repertuarımızda estrada və caz musiqilərinə də müraciət olunur, lakin milli ruhlu marşlar və mahnılar daha çox üstünlük təşkil edir”.
 
  Kollektiv indiyədək yüzlərlə rəsmi tədbirlərdə, müxtəlif idarə və təşkilatlarda, mədəniyyət ocaqlarında və ölkənin televiziya kanallarında uğurlu çıxışlar edib. Lakin baş hərbi dirijor orkestrin cəbhə bölgəsində yerləşən hərbi hissələrdə təşkil edilən konsert proqramlarını ən böyük xidmətləri kimi dəyərləndirdi. O, böyük fəxr hissi ilə bildirdi ki, bu cür tədbirlər həqiqətən də hərbi qulluqçularımızın döyüş əzmini yüksəldir, qələbəyə inamı artırır.
 
  Bu gün orkestrin normal fəaliyyəti üçün demək olar ki, hər cür şərait yaradılıb. Yeni avadanlıqlar, musiqi alətləri, gücləndirici aparatlar alınıb, yerləşdiyi bina əsaslı şəkildə təmir olunub. Bütün bunları Daxili İşlər Naziri və Daxili Qoşunlar Komandanlığının göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi kimi qeyd edən hərbi orkestrin rəisi kollektivin daima yaradıcılıq axtarışlarında olduğunu dedi: “Kollektiv peşəkarlığını artırmaq və Daxili Qoşunların adını hər zaman zirvələrdə tutmaq üçün əzmlə çalışır və bundan sonra da çalışacaqdır”.
 
  Nümunəvi-göstərici Hərbi Orkestrin bütün heyətini 20 illik yubiley münasibətilə ürəkdən təbrik edir, onlara arzularının çin olmasını - zəfər günü Şuşada, Laçında, Xankəndidə və digər işğal altında olan torpaqlarımızda qələbə marşını ifa etməyi arzulayırıq.