Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

   Daxili Qoşunların hərbi qulluqçuları həvalə olunmuş tapşırıqların icrası zamanı xidməti itlərdən də istifadə edir. Bu sahədə fəaliyyət göstərən şəxsi heyətin bilik və bacarıqlarının daha da artırılması məqsədilə Daxili Qoşunların xidməti itləri yetişdirmə məntəqəsində ilkin hazırlıq kursu keçirilmişdir. Kursa rəhbərlik edən Döyüş hazırlığı şöbəsində xidməti heyvanların hazırlanması üzrə baş zabit polkovnik-leytenant Elbəy Kazımov kursun təşkili və keçirilməsi barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, kurslarda xidməti itlərin təlimi ilə məşğul olan hərbi qulluqçuların peşə hazırlığının təkmilləşdirilməsi məqsədilə müvafiq məşğələlər keçirilmişdir.
 
   Xidməti itlərin təlimi ilə məşğul olan, xüsusi hazırlığı olmayan hərbi qulluqçularla keçirilən ilkin hazırlıq kursu Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının müvafiq əmrinə uyğun olaraq keçirilmiş, tələb olunan bütün sənədlər hazırlanmışdır.
 
  Hazırlıq kursuna cəlb olunan hərbi qulluqçulara əvvəlcə xidməti itlər haqqında ümumi məlumatlar verilmişdir. Sonra xidməti itlərə xüsusi qulluğun göstərilməsi, saxlanılması və istifadə qaydaları öyrədilmişdir. Həmçinin, tədris müddətində xidməti itlərin xidməti-döyüş tapşırığını yerinə yetirərkən tətbiq edilməsi qaydaları kurs iştirakçılarının nəzərinə çatdırılmışdır.
 
   Tədris prosesində nəzəri biliklərin aşılanması ilə yanaşı, xidməti itlərə təlimlərin keçirilməsi və onların tətbiq edilməsi ilə əlaqədar praktiki məşğələlər keçirilmişdir. Praktiki təlimlər zamanı təlimçilərə partlayıcı maddələrin yerinin müəyyənləşdirilməsi, silahlı cinayətkarların axtarılması və tutulması, eləcə də post-patrul, qarovul xidmətinin aparılması zamanı xidməti itlərdən istifadə metodları məşq etdirilmişdir.
 
   Toplanışın sonunda hərbi qulluqçulardan məqbullar qəbul olunmuş, kursu müvəffəqiyyətlə başa vurmuş hərbi qulluqçulara şəhadətnamələr təqdim edilmişdir.