Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

  Sentyabrın 12-də Daxili Qoşunların Ali Hərbi Məktəbində ilk dəfə olaraq kursantların təntənəli şəkildə andiçmə mərasimi keçirildi. Tədbir Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədovun Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanına şəxsi heyətin mərasimə düzülməsi barədə məruzəsi ilə başlandı. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi.

  Kursantlar hərbi anda gətirildikdən sonra ilk olaraq çıxış edən məktəb rəisi general-mayor İ.Məmmədov bu günü Ali Hərbi Məktəbin tarixində baş verən əlamətdar hadisə kimi qiymətləndirərək zabit peşəsinin ən şərəfli peşələrdən olduğunu bildirdi. Qeyd etdi ki, zabit olmaq bütün həyatını Vətənə xidmətə həsr etməklə yanaşı, vətənpərvər, cəsur, savadlı və ədalətli olmaq kimi xüsusiyyətləri özündə birləşdirməyi tələb edir. Bu keyfiyyətləri gələcəyin zabitlərinə aşılamaqdan ötrü Ali Hərbi Məktəbin komandir və müəllim heyəti var gücü ilə çalışacaqdır.

  Çıxış zamanı kursantların təhsili üçün Ali Hərbi Məktəbdə yüksək standartlara cavab verən maddi-texniki tədris bazası və məişət şəraitinin yaradıldığı, abadlıq-quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyi vurğulandı. Daxili Qoşunların müasir silah və texnika ilə tam təchiz olunduğunu söyləyən general-mayor İ.Məmmədov torpaqlarımızın düşmən tapdağından azad olunmasında gələcək zabitlərin də öz sözlərini deyəcəklərinə əminliyini ifadə etdi.

  Kursant Xəyal Zeynalov isə öz növbəsində bütün yoldaşları adından Vətəni göz bəbəkləri kimi qoruyacaqlarına, lazım gələrsə, onun uğrunda canlarını fəda edəcəklərinə, zabit adına hər zaman layiq olmağa çalışacaqlarına söz verdi.

  Valideynlər adından çıxış edən İlqar Məhərrəmov  bütün valideynləri təbrik edərək, bu keşməkeşli, lakin müqəddəs və şərəfli yolda hər bir kursanta müvəffəqiyyət arzuladı. Onları mükəmməl hərbi biliklərə yiyələnərək, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmrləri layiqincə yerinə yetirməyə və Vətənə sədaqətlə xidmət etməyə çağırdı.

  Daha sonra təbrik və tövsiyələrini çatdıran Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general – mayor Şahin Məmmədov hərbi andiçmə günü münasibəti ilə kursantları səmimi qəlbdən təbrik edərək bu andan etibarən onların qoşunların bütün şəxsi heyəti kimi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün  məsuliyyət daşıdıqlarını bildirdi. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərdiyi qayğısını xüsusilə vurğulayan Daxili Qoşunlar Komandanı bu diqqətin hər bir hərbi qulluqçunu öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığını söylədi.

  General-mayor Ş.Məmmədov sonda bir daha qoşunların sıralarına yeni qoşulan gənclərin daim Vətənimiz Azərbaycana sədaqət hissi ilə xidmət edəcəklərinə, mükəmməl hərbi biliklərə yiyələnəcəklərinə və dövlətimizin qorunması, ölkəmizin daha da qüdrətlənməsi, inkişafı və tərəqqisi naminə öz bilik və bacarıqlarını əsirgəməyəcəklərinə inandığını bildirdi.

  Təntənəli mərasimdə Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Nevzat Taşdelen iştirak etmişdir.

   Tədbir şəxsi heyətin təntənəli keçidindən sonra Ali Hərbi Məktəbin marşının ifası ilə başa çatdı.