Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

İlk səhifə / Şəhidlərimiz / Namiq Mirzəyev Qələmşah oğlu

Daxili Qoşunların şəhid hərbi qulluqçularından olan Namiq Qələmşah oğlu Mirzəyev də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş, düşmən qarşısında bir addım belə geri çəkilməmişdir. Onun həyat və döyüş yolu barədə əlmizdə olan məlumatları təqdim edirik.
Sıravi N.Mirzəyev 1971-ci il yanvarın 3-də Ağsu rayonunun Bozavand kəndində dünyaya göz açıb. Ağaxır kənd orta məktəbini bitirib. Orta təhsilini başa vuran Namiq, rayon hərbi komissarlığından əsgəri xidmətə çağırış gözləmədən, 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb.

Bəşər tarixinin ən dəhşətli faciəsi və erməni vəhşiliyinin bariz nümunəsi olan Xocalı soyqırımı onun düşmənə olan nifrət və qəzəb hissini daha da alovlandırmışdı. Məhz bu səbəbdən də Vətənin qeyrətli oğlu Namiq Mirzəyev getdikcə azğınlaşan erməni daşnaklarının məkrli arzularını gözlərində qoymaq üçün məhz könüllü cəbhəyə getməyə qərar vermişdi...  

Beləliklə, Namiq Daxili Qoşunların 67987 saylı hərbi hissəsinin sıravi hərbi qulluqçusu kimi respublikamızın ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərə atılır. Yoldaşları arasında cəsur döyüşçü kimi ad-san qazanan Namiq, Ağdam və Ağdərə bölgələrində əsl qəhrəman kimi vuruşaraq, neçə-neçə daşnaq yaraqlısını cəhənnəmə vasil etmişdir.    

27 oktyabr 1992-ci il. Bu tarix Namiqin ömrünə əbədi həkk olundu. Həmin gün Ağdərə rayonunun Qazançı kəndinin müdafiəsi zamanı Namiq də yoldaşları kimi silaha sarıldı. Nə biləydi ki, bu, onun son döyüşü olacaq. Bu tarix Namiqi əzizlərindən ayırsa da, Azərbaycan xalqının ürəyində əbədiyyətə, ölməzliyə qovuşdurdu - O, şəhid oldu.    

Sıravi N.Mirzəyevin həyat və döyüş yolu barədə Ağsu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin www.agsumks.tk internet saytının “Ağsu şəhidləri” bölməsində qısa məlumat verilmişdir. Saytda Namiqin Ağdam rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olduğu qeyd olunub.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Ali Sovetinin (indiki Milli Məclisinin – A.Ə.) 13 oktyabr 1992-ci il tarixli müvafiq qərarı ilə Ağdərə rayonu ləğv edilərək, ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonlarının tərkibinə verilmişdir. Bu baxımdan Qazançı da daxil olmaqla, Ağdərənin 8 kəndi Ağdam rayonunun inzibati tərkibinə daxil edilmişdir.