Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

İlk səhifə / Şəhidlərimiz / Allahverdiyev Eyvaz Allahverdi oğlu

Azərbaycan torpaqlarının hər bir qarışı bizim üçün müqəddəs və olduqca qiymətlidir. Min illər boyu ulu babalarımız müqəddəs saydığımız bu torpaqları – Vətənimizi göz-bəbəyi kimi qorumuş və gələcək nəsillərə ərmağan etmişlər.  
Qədim yurd yerlərimizdən biri də Muğanla Milin qovuşduğu yer – Arazın hər iki sahilində qərar tutmuş İmişli rayonudur. Mil-Muğan elinin igid oğulları qədim zamanlardan başlayaraq yurdumuza göz dikən yağı düşmənlərə qarşı mətinliklə vuruşmuş, öz qanları bahasına torpaqlarımızın müdafiəsinə qalxmışlar.

Elə XX əsrin sonlarında olduğu kimi... Bu elin yüzlərlə gənci silaha sarılaraq, erməni işğalçılarına qarşı respublikamızın ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə iştirak etmişdir. Vətən uğrunda qəhrəmancasına döyüşən rayonun mərd oğullarından 108 nəfəri şəhidlik zirvəsinə yüksəlmişdir. Onlardan 13 nəfəri isə məhz Daxili Qoşunların sıravi hərbi qulluqçuları olmuşdur. Onları tanımaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətənpərvərlik borcudur.

Bu dəfəki “Şəhidlərimiz” rubrikasında Mil-Muğan elinin ölümsüz qəhrəmanlarından biri, Daxili Qoşunların hərbi qulluqçusu olmuş sıravi Allahverdiyev Eyvaz Allahverdi oğlunun  həyat və döyüş yolu barədə sizlərə məlumat verəcəyik.     

Sıravi E.Allahverdiyev 13 iyun 1974-cü ildə İmişli rayonunda anadan olub. Kim bilir, Eyvaz artıq özünü dərk edəndən, gələcəkdə hansı peşənin sahibi olmaq haqqında düşünmüşdü. Bəlkə də onun heç ağlına da gəlməzdi ki, nə vaxtsa Vətəninin əsgəri olaraq əldə silah torpaqlarımızın müdafiəsinə qalxacaq və ...
Eyvaz 1992-ci ilin sentyabrın 25-də İmişli RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların sıravi hərbi qulluqçusu kimi erməni daşnaklarının torpaqlarımıza təcavüzünün dəf edilməsində qəhrəman döyüşçü kimi iştirak edib. 

Hamı kimi E.Allahverdiyev də gələcək taleyindən – onu gözləyən şəhidlik zirvəsinə yüksələcəyindən xəbərsiz idi.  Eyvaz, Vətən uğrunda həyatını qurban verməyə hər zaman hazır idi. O, ölümdən heç zaman qorxmazdı. Ona görə də, bu qorxu bilməz Vətən oğlu döyüşlər zamanı erməni faşistlərinin cavabını layiqincə verərək, məkirli planlarını gözlərində qoyurdu. 1993-cü ilin fevral ayının 7-də baş verən qanlı döyüşlər isə Eyvazın son döyüşü oldu... Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlər zamanı əsgər E.Allahverdiyev düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəldi.  

Bu gün Eyvazın döyüşçü dostları, qohumları, onu tanıyanlar igid döyüşçü haqqında ancaq bu sözləri deyirlər: “Mil-Muğan elinin mərd oğlu idi Eyvaz...”  

Sıravi E.Allahverdiyev İmişlinin Vətən yolunda canını qurban verərək şəhidlik zirvəsinə yüksələn 108 nəfər qəhrəman övladlarından biridir. Onun məzarı rayonun Şəhidlər Xiyabanındadır.    

Nə qədər ağrılı olsa da, Eyvaz kimi qəhrəman oğullarımızın uğrunda şəhid olduqları Vətən torpaqları artıq iyirmi ilə yaxındır ki, düşmən tapdağı altındadır. Erməni faşistlərinin işğalçılıq siyasəti bu gün də davam edir. Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın  , ruhunu şad etmək bizim müqəddəs borcumuzdur. Təbii ki, bu borcun yerinə yetirilməsi düşməndən intiqamımızı alaraq, torpaqlarımızın azad olunmasından keçir.

Sıravi E.Allahverdiyev kimi minlərlə vətənpərvər və cəsur hərbi qulluqçular bu gün də Silahlı Qüvvələrimizdə, o cümlədən Daxili Qoşunların sıralarında Vətənə xidmətlərini layiqincə davam etdirirlər. Şəxsi heyətin yüksək vətənpərvərlik əhval-ruhiyyəsi və getdikcə daha da artan hərbi potensialımız düşmən üzərində qələbə çalacağımız günün uzaqda olmadığına inamı artırır.