Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

İlk səhifə / Şəhidlərimiz / Xəlilov Elxan Məhərrəm oğlu

Müqəddəs Vətən torpaqları uğrunda canını qurban verməyə hazır olan döyüşçülərimizdən biri də Xəlilov Elxan Məhərrəm oğlu idi. O, 1973-cü il yanvarın 2-də qədim yurd yerimiz olan Gəncə şəhərində dünyaya göz açmışdır.

Boyabaşa çatdığı doğma şəhərdə fəaliyyət göstərən 27 saylı texniki peşə məktəbinin məzunu idi. Elxan məktəbi bitirdikdən sonra, bir müddət Alüminum zavodunda işləyib. Elxanın hələ erkən yaşlarından başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuş, ailəsinə maddi çəhətdən köməklik etmişdir. Gənc Elxanın “alın təri və əlinin qabarı” ilə çörək pulu qazanması, onun zəhmətsevər olduğunu deməyə əsas verir.  

1992-ci ilin  aprelin 21-də E.Xəlilov Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Bir qədər sonra o, Daxili Qoşunların sıravi hərbi qulluqçusu kimi Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır. Elxanın ilk döyüş yolu Çaylı və Marquşevan kəndlərindən başlasa da, sonralar o, Ağdərənin bir neçə kəndinin müdafiəsində də yaxından iştirak edir.

13 oktyabr 1992-ci il tarixdə Sırxavənd uğrunda gedən qanlı döyüşdə Elxan düşmənin  mərmi qəlpəsindən ağır yaralanır. Yara dərin olduğundan Elxanın həyatını xilas etmək mümkün olmur. Elxan da Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucaldı.