Yaralı silahdaşına özünü yetirərkən həyatını qurban verən igid...
Önündə diz çöküb baş əyirik biz,
Can verib can verdin daşa, torpağa.
İndi ürəklərdir sənin Vətənin,
Döndün könüllərdə enməz bayrağa.
Şair-publisist Elxan Yurdoğlunun müəllifi olduğu “Haqqınızı halal edin, şəhidlər” adlanan şeirdəki bu misralar şəhidlik zirvəsinə ucalan mərd oğulların keçdikləri şərəfli yola dərin ehtiram duyğusu ilə yazılıb. Həqiqətən də hər bir şəhidin üzərimizdə böyük haqqı var. Onlar Vətənin toxunulmazlığı, elin qeyrəti naminə canlarını fəda etməklə düşmən tərəfindən öldürülən, əsir götürülən, yurdlarından didərgin salınan, doğma obaları viran qoyulan soydaşlarımızın qisasını gələcək nəsillərə saxlamadılar, bütövlükdə, qalib xalq adımızı öz qanları ilə tarixə yazdılar.
44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətinin keçdiyi döyüş yolu şücaət nümunələri ilə zəngindir. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə son nəfəsinədək hərbi anda sadiq qalmış cəsur hərbi qulluqçularımızdan biri də şəhid baş çavuş Nadirov Elçin Nadir oğludur.
Elçin 1987-ci il dekabrın 5-də Şəki şəhərində anadan olub. Ailənin ikinci övladı idi, Ülkər adlı bacısı var. Anası Rəmziyyə Nadirovanın övladlarının boya-başa çatması və tərbiyəsində zəhməti xüsusi qeyd olunmalıdır. O, fədakar ana kimi Vətənə layiqli oğul yetişdirib. Şəki Dövlət Regional Kollecində musiqi müəlliməsidir. Oğlunun da musiqiyə marağı olub, Şəkidəki 2 saylı uşaq musiqi məktəbində qarmon üzrə təhsil alıb. Bununla yanaşı, Elçin Şəkidəki Mirzə Fətəli Axundov adına 2 saylı, habelə 5 və 7 saylı orta məktəblərdə oxuyub, sonra şəhərdə yerləşən Fizika-riyaziyyat və humanitar təmayüllü liseyə qəbul olunub, 2005-ci ildə buranı bitirib.
Yeniyetməlik illərində Elçin doğma şəhərində idmanın karate növü ilə məşğul olub, sağlam həyat tərzinə, fiziki hazırlığının inkişafına, idmançı məharətinin artırılmasına xüsusi diqqət yetirib. Azərbaycan Respublikası Karate-do Federasiyaları Assosiasiyasının Şəki Regional Şöbəsi tərəfindən keçirilən imtahanlarda müvəffəqiyyət qazanaraq ağ, sarı və yaşıl kəmərlərə layiq görülüb, ona müvafiq dərəcəli diplomlar verilib.
Doğmalarının bildirdiklərinə görə, Elçin böyük-kiçiyə hörmətlə yanaşan, xoşxasiyyətli, səbirli, ailəcanlı, qurub yaratmaq həvəsli, əməksevər gənc idi. Onun taleyinə hələ yeniyetmə ikən həyatın bəzi çətinlikləri ilə üzləşmək yazılıb. Bu amil də onun şəxsi keyfiyyətlərində iz qoyub. Xeyirxah və yardımsevər olması onu tanıyanlarda şəxsinə rəğbət yaradıb. Uşaq yaşlarından gələcəkdə polis olmaq istədiyini deyib.
2006-cı ilin yanvar ayında Elçin müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Hacıqabul rayonu, Bakının Xətai rayonu və Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissələrində hərbi xidmət keçərək, 2007-ci ilin iyul ayında tərxis olunub.
2007-ci ildə Şəki Dövlət Texnologiya Texnikumunun (hazırda Şəki Dövlət Regional Kolleci) Mühasibat uçotu fakültəsində qiyabi təhsil almağa başlayıb. Ancaq ailənin maddi imkanının məhdud olması səbəbindən təhsili yarımçıq qalıb. Bir müddət müxtəlif yerlərdə işləyib.
2009-cu ilin aprel ayında Elçin həyatının mühüm qərarlarından birini verib. Vətənpərvərlik əqidəsi və hərbi xidmətə marağı səbəbindən Daxili Qoşunların sıralarına qayıdıb. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində snayper, atıcı vəzifələrinə təyin edilib. 2011-ci ilin mart - 2015-ci ilin yanvar aylarında Zaqatala rayonundakı “N” saylı hərbi hissənin ayrı yerləşən əməliyyat taborunda taqım komandirinin müavini-manqa komandiri, həmin taborun xüsusi vasitələrin tətbiqi bölməsində baş atıcı, atıcı-sanitar, texnik vəzifələrində xidmət edərək geniş təcrübəyə yiyələnib. 2015-ci ilin yanvar ayından Qəbələ rayonunda yerləşən “N” saylı hərbi hissəyə keçirilib, burada xüsusi vasitələrin tətbiqi dəstəsində heyət rəisi vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Həmin ilin oktyabr ayından isə yenidən Zaqatala rayonundakı “N” saylı hərbi hissədə hərbi xidmət keçərək, xüsusi təyinatlı dəstədə atıcı-istehkamçı vəzifəsini yerinə yetirib. Hərbi xidməti dövründə tutduğu vəzifələrdə komandanlığın etimadını doğruldub.
2015-ci ilin fevral ayının 9-dan mart ayının 7-dək baş çavuş E.Nadirov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təşkil etdiyi “Əsas humanitar minaaxtarma kursu”nu keçib. Bununla əlaqədar ona müvafiq şəhadətnamə verilib.
Nümunəvi xidməti nəzərə alınaraq, hərbi qulluqçu dəfələrlə mükafatlandırılıb. 2018-ci ilin iyun ayının 26-da III dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunub. Zaqatala rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri, Vətən müharibəsi iştirakçısı mayor Sahib İbrahimov bildirdi ki, baş çavuş E.Nadirov nizam-intizamlı, funksional vəzifələrinin, qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlməyi bacaran, öz döyüş hazırlığının yüksəldilməsinə çalışan, ona təhkim olunan silah və xüsusi vasitələrdən mükəmməl istifadə edən, dəstənin təlimlərində fəallıq göstərən peşəkar hərbi qulluqçu kimi şəxsi heyətin yaddaşında qalıb. Dəstənin hərbi qulluqçusu kimi öz məsuliyyətini daim düzgün dərk edib. Silahdaşlarının hörmət və inamını qazanıb.
Komandir nəzərə çatdırdı ki, Elçin Vətən müharibəsinin ilk günlərindən düşmənə qarşı cəsurluqla vuruşub. Ön cəbhənin ayrı-ayrı istiqamətlərində silahdaşları ilə birgə döyüş tapşırıqlarını mətinliklə yerinə yetirib. Quba rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstə komandirinin müavini-qərargah rəisi, Vətən Müharibəsi Qəhrəmanı kapitan Nicad Bədəlov məlumat verdi ki, Elçinlə səkkiz il birgə xidmət edib. Xüsusi təyinatlının qeyrətli və vətənpərvər hərbi qulluqçu kimi həmişə xatırlanacağını vurğuladı. 2020-ci il sentyabrın 27-dən etibarən Kəlbəcər istiqamətində, Murovdağda döyüşə başladıqlarını dedi. Sonra Cəbrayıl və Füzuli rayonlarının ərazilərində işğalçılara qarşı birgə vuruşublar. Düşmənin müdafiə xəttinin yarılması, mövqelərinin ələ keçirilməsi, onun canlı qüvvəsinin məhv edilməsində Elçin döyüşçü şücaəti göstərib.
Zabit bildirdi ki, Elçin 2020-ci il oktyabrın 15-də, təxminən gündüz saat 3 radələrində Füzuli şəhəri ərazisində ağır yaralanan yoldaşına kömək etməyə cəhd göstərərkən ermənilərin minaatandan açdığı atəş nəticəsində ölümcül yaralanıb. Nicad onu çiyninə alıb və təhlükəsiz yerə aparıb. Son nəfəsində Nicada deyib ki, komandir, özünüzü qoruyun, qisasımızı alın, torpaqlarımız düşmən tapdağında qalmasın.
Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində snayper yarımqrupunun komandiri, Vətən müharibəsi iştirakçısı baş çavuş Samir Mirzəyev Füzuli şəhəri ərazisində Elçinlə eyni gündə yaralanıb. Samir yaralı olaraq həmin gün Elçinin cənazəsi ilə eyni avtomobildə təxliyyə edilib. Söylədi ki, yaxın dostu olmuş Elçin barədə danışmaq onun üçün ağırdır. Silahdaşının döyüşlərdə yaralananlara yardım göstərməyə can atdığını, qorxmaz bir xüsusi təyinatlı olduğunu dedi. Öndə gedən döyüşçülərdən biri olub. Dediyinə görə, oktyabrın 15-də Füzuli şəhərinin çıxacağında, “Daş karxanası” adlanan yerdə partlayan minaatan mərmisinin qəlpələri çavuş Mədəni Poladın sağ ayağının dizdən aşağı hissəsini qoparıb, bud nahiyəsi ağır dərəcəli zədələnib. Yaralıya yetişmək və atəş altındakı ərazidən çıxarmaq üçün heç bir tərəddüdsüz özlərini riskə atan iki döyüşçüdən biri olan Elçin düşmənin minaatan mərmisinin partlayışından ağır yaralanıb, ilk tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Digər döyüşçü çavuş Ceyhun Abbasovu da həmin məqamda mərmi qəlpələri yaralayıb.
Həmin hərbi hissənin xüsusi təyinatlı dəstəsində atıcı-radiotelefonçu, Vətən müharibəsi iştirakçısı çavuş Şamil Qədirov danışdı ki, Elçini yaxından tanıyırdı, onun özünə tələbkar yanaşdığını, yerini bilən, yoldaşlıqda diqqətli və qayğıkeş olduğunu vurğuladı. Geniş dünyagörüşünə malik Elçindən yoldaşları bəzi məsələlərdə məsləhət alıblar. Məlumat verdi ki, Vətən müharibəsindən əvvəl Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin tərkibində xüsusi təyinatlıların təlimində iştirak ediblər. Vətən müharibəsinin ilk günlərində Murovdağ döyüşləri zamanı işğalçıların bir neçə postunu ələ keçirdiklərini dedi. Cəbrayıl və Füzuli rayonlarında da ağır döyüşlərin getdiyini, müharibənin hər əziyyətinə dözdüklərini söylədi. Elçin silahdaşlarına mənəvi cəhətdən dəstəyini əsirgəməyib.
Şamilin sözlərinə görə, Elçinin istehkamçı kimi praktiki hazırlığı döyüş tapşırıqlarının yerinə yetirilməsində vacib rol oynayıb. Döyüşlərdən birində onun çantasında olan, düşmənə pusqu qurmaq üçün nəzərdə tutulan minaya güllə dəyərək istiqamətini dəyişib. Həmin anda təhlükə sovuşub. Ancaq başqa bir döyüşdə yaralı silahdaşına köməyə özünü yetirərkən mərmi qəlpələrindən onu heç nə qorumadı...
Vətən müharibəsi qazisi, ehtiyatda olan baş çavuş İbrahim Əhmədov qeyd etdi ki, “N” saylı hərbi hissədən səhhəti ilə bağlı ehtiyata buraxılıb. Xüsusi təyinatlı dəstənin hərbi qulluqçusu kimi Murovdağ silsiləsi və Cəbrayıl rayonu ərazisində Elçinlə birgə erməni işğalçılarına qarşı döyüşüb. Cəbrayıl rayonu istiqamətində döyüşlərdən birində İbrahim yaralanarkən Elçin ona yardım edərək, atəşə tutulan ərazidən çıxarıb. Döyüş meydanından təxliyyəsində Elçinin rolunu vurğulayaraq, onun fədakarlığını heç vaxt unutmayacağını dedi.
2020-ci il oktyabrın 23-də tərtib edilən ölüm haqqında şəhadətnamədə baş çavuş E.Nadirovun 15.10.2020-ci il tarixdə, Füzuli rayonunda, “hərbi əməliyyat nəticəsində digər növ partlayışlar və qəlpələrlə törənmiş zədələnmələr” səbəbindən həlak olduğu barədə qeydlər öz əksini tapıb. Şəhid Şəki şəhərinin Məzahir Abbasov küçəsində yerləşən qəbiristanlıqdakı Şəhidlər məzarlığında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15.12.2020-ci il tarixli, 25.12.2020-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş E.Nadirov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Anasının təşəbbüsü ilə şəhidin xatirə guşəsi və barelyefi düzəldilib. Şəki rayonunun Qoxmuq kəndində yaradılan şəhid bulağı və fotostenddə Elçinin də şəkli var.
Rəfiqə Sadıqovanın müəllifi olduğu “Əbədi yaşayanlar. Şəki şəhidləri” kitabında şəhid hərbi qulluqçumuz barədə məlumat verilib. “Polis” və “Şəki təhsili” qəzetlərində silahdaşımız haqqında məqalələr dərc edilib. 2011-ci il sentyabrın 5-də Elçin Svetlana xanımla ailə qurub. Bu xoşbəxt ailədə Arzu və Zaur adlı övladları dünyaya gəliblər. Svetlana xanım qeyd etdi ki, Elçin üçün ailəsi çox dəyərli idi. Hərbçi ailəsi olduqlarından həmişə qürur duyublar. Qızının göz həkimi, oğlunun isə hərbçi olmasını arzulayırdı. İnanıram ki, uşaqlar böyüyərək atalarının arzularını həyata keçirəcək, qalib ölkəmizin gələcəyinə onun adına layiq töhfələrini verəcəklər.
Allah rəhmət eləsin!
Yalçın Abbasov
DİN-in Daxili Qoşunlarının
veteranı, tədqiqatçı-jurnalist