Doğum gününü qeyd etməyən şəhid baş çavuşumuz...
Doğum günü fevral ayının 26-na - Xocalı soyqırımının ildönümünə təsadüf etdiyi üçün bunu əsla qeyd etməzdi Tural. Hətta bu münasibətlə təbrik olunmağından heç xoşu gəlməzdi və cavabında: “yəqin bilirsiniz ki, mən doğum günümü qeyd etmirəm” – deyə könülsüz halda mövqeyini bildirərdi. Vətənpərvər ruhda böyüyüb tərbiyə alan cəsur silahdaşımız qəti olaraq bununla bağlı özünə söz də vermişdi: “İşğal olunmuş torpaqlarımız azad olunmayınca, şəhidlərimizin intiqamı mənfur düşməndən alınmayınca, doğum günümü heç bir zaman qeyd etməyəcəyəm!”.
Haqqında bəhs edəcəyimiz “Şəhidlərimiz” rubrikasının budəfəki qəhrəmanı Vətən uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış “Qarabağ” ordenli cəsur silahdaşımız baş çavuş Abdullayev Tural Şakir oğludur. Baş çavuş Tural Abdullayev 1990-cı il fevralın 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. Şakir Abdullayevin və İradə Sadıqovanın böyüdüb tərbiyə etdikləri üç övladın ortancılı, həmçinin, iki bacının – Gülər və Nisənin yeganə qardaşı, arxa-dayağı idi Tural... Hələ körpə yaşlarından Tural doğma Vətənimizə məhəbbət, mənfur düşmənlərimizə isə nifrət ruhunda tərbiyə almışdı. Təbii ki, bunun da başlıca səbəbi erməni işğalı nəticəsində Abdullayevlər ailəsinin, digər soydaşlarımız kimi, taleyin amansız hökmü ilə yaşamağa məhkum olduğu məcburi köçkünlük həyatının qəlbləri göynədən ağrı-acısı, çəkdiyi min bir əzab-əziyyəti idi. Atasının da vurğuladığı kimi, Birinci Qarabağ müharibəsi zamanı düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmiş əmisi Abdullayev Fazil Azay oğlu, həmçinin, Xocalıda və digər yurd yerlərimizdə amansız erməni vəhşiliyinin günahsız qurbanlarına çevrilərək həyatını itirmiş on səkkiz nəfər yaxın qohum-əqrəbası da daxil olmaqla, bütün şəhidlərimizin qisasını almaq arzusu cəsur silahdaşımızın bu qaniçən topluma olan nifrətini daha da artırırdı. Tural Laçının Ərikli kəndində dünyaya göz açsa da, iki yaşınadək ailəsi ilə birgə Xocalıda yaşamışdı. Bunun da başlıca səbəbi o dövrdə Xocalının tədricən şəhər kimi inkişaf etməyə başlaması idi. Belə ki, yeni-yeni müəssisələrin istifadəyə verilməsi, həmçinin, aparılan böyük həcmdə tikinti-quruculuq işlərilə əlaqədar yaranan çoxsaylı iş yeri səbəbindən, ətraf rayonlarda yaşayan bir sıra aztəminatlı azərbaycanlı ailələr kimi, Turalın ailəsi də işləmək və daimi yaşamaq üçün bu şəhərə üz tutmuşdu. Lakin 1992-ci il fevralın 26-da şəhər erməni qəsbkarları tərəfindən işğala və əhalisi soyqırıma məruz qaldığından, Abdullayevlər ailəsi Bakının Xətai rayonuna pənah gətirməli olmuşdu. Bu səbəbdən də müvafiq sənədlərdə Turalın və ailə üzvlərinin qeydiyyat ünvanlarının Xocalı şəhəri olması göstərilib.
Orta təhsilinin 8-ci sinfədək olan hissəsini Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Laçın rayonu 28 saylı tam orta məktəbində, 9-11-ci sinifləri isə ailəsinin təsərrüfat qurmaq səbəbilə müvəqqəti yaşamaq üçün üz tutduğu və yaxın qohumlarının da məskunlaşdıqları Qax rayonunun Almalı kənd orta məktəbində oxumalı olub. Üç ildən sonra, burada üzləşdikləri bir sıra çətinliklər səbəbindən istədikləri həyat şəraitini qura bilməyən Abdullayevlər ailəsi yenidən Bakı şəhərinə qayıtmağı qərara alır. Lakin bu dəfə Sabunçu rayonunun Bilgəh qəsəbəsində müvəqqəti kirayə tutduqları evdə yaşamalı olurlar. Tural Vətən müharibəsində iştirak etmək üçün döyüş bölgəsinə yollanmazdan öncə, sonuncu dəfə məhz bu ünvanda doğmaları ilə sağollaşaraq ata-anasının xeyir-duasını alıb, onlardan ayrılmışdı...
2009-cu ilin iyul ayında T.Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı Rayon Bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Müddətli həqiqi hərbi xidmətini 2009-cu ilin iyul ayından 2011-ci ilin yanvar ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölməsində keçib. Qısa fasilədən sonra, yəni 2011-ci ilin aprel ayından Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan borcunu yerinə yetirməyə başlayıb. Burada müxtəlif vəzifələrdə xidmətini davam etdirən Tural 2015-ci ilin may ayından etibarən xüsusi təyinatlı dəstənin avtomobil yarımqrupunda sürücü vəzifəsini şərəflə yerinə yetirib. Yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi xidməti ilə hər zaman hərbi hissə komandanlığının etimadını doğruldub. Hələ xidmət etdiyi dövrdə xidməti vəzifələrinin, hərbi borcunun yerinə yetirilməsində və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilər əldə edən cəsur hərbi qulluqçumuz 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi “Milli Ordu-100” xatirə medalı və “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi” yubiley döş nişanı ilə təltif edilib, həmçinin, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.
Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstə komandirinin müavini-qərargah rəisi, Vətən Müharibəsi Qəhrəmanı kapitan Nicad Bədəlov vaxtilə birgə xidmət etdiyi cəsur döyüşçü yoldaşının nümunəvi xidmətini bu gün də böyük fəxr hissi ilə xatırladığını bildirdi: “Baş çavuş Tural Abdullayev dəstəmizin hər zaman nümunəvi xidməti və yüksək hərbi intizamı ilə fərqlənən hərbi qulluqçularından biri olub. Düşünürəm ki, Turalı yaxından tanıyan hər bir insanın qəlbində onunla bağlı yalnız ən xoş xatirələr yaşaya bilər. Yaşadığımız indiki bu dünyada layiqli bir vətəndaş, eyni zamanda, əsl vətənpərvər insan üçün deyilən və yazılan bütün xoş sözləri məhz ona şamil etmək olar.
Erməni vəhşiliyi nəticəsində hələ körpə yaşlarından tərk etmək məcburiyyətində qaldığı Xocalıya, doğma Qarabağımıza yenidən qayıtmaq arzusu ilə yaşayırdı. Bir xüsusi təyinatlı kimi yeganə amalı da elə bu idi Turalın. Vətən müharibəsinə də böyük ruh yüksəkliyilə, şəhidlərimizin intiqamını mənfur düşməndən almaq əzmilə qatılmışdı...”. Vətən müharibəsi zamanı baş çavuş T.Abdullayevlə eyni qrupun tərkibində hərbi əməliyyatlarda yaxından iştirak etmiş qoşunların Zaqataladakı “N” saylı hərbi hissənin “Qartal” xüsusi təyinatlı dəstəsinin cəsur hərbi qulluqçuları - baş çavuşlar Olxan Quliyev (Laçın istiqamətində gedən döyüşlərdə yaralanıb), Hilal Əliyev (Füzuli istiqamətində gedən döyüşlərdə yaralanıb), Tural Həmzəyev və kiçik çavuş Dəyanət Rüstəmovun (Hadrut istiqamətində gedən döyüşlərdə travma alıb) söylədiklərindən də aydın olur ki, igid silahdaşımız andına sadiq vətənpərvər xüsusi təyinatlı olduğunu elə döyüş meydanında, son nəfəsinədək vuruşaraq düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməklə sübut edib.
30 sentyabr 2020-ci il... Kəlbəcər istiqamətində gedən döyüş Turalın son döyüşü oldu. “Qartal” xüsusi təyinatlı dəstəsində texnik, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş baş çavuş Olxan Quliyev ən yaxın dostu olmuş Turalın ağır yaralanaraq şəhidlik zirvəsinə ucaldığı son döyüşü barədə danışarkən, onun fədakarlığı ilə hər zaman qürur duyacağını bildirdi: “Tural mənim ən yaxın dostum, eyni zamanda, sirdaşım idi. Mənə adımla deyil, soyadıma uyğun olaraq hər zaman “Qulu” deyə müraciət edərdi. Çox qoçaq, gözlərində qorxu hissi olmayan əsl döyüşçü idi. Qismət elə gətirdi ki, Vətən müharibəsi başlayanda da onunla eyni qrupun tərkibində düşmənə qarşı vuruşmalı olduq.
Qrupumuz sentyabrın 27-dən başlayaraq, müvafiq döyüş tapşırığına uyğun Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları ilə birgə hərbi əməliyyatlarda iştirak edib. Tərkibində Turalın da vuruşduğu qrupumuzun şəxsi heyəti Kəlbəcər istiqamətində bir sıra düşmən postlarının ələ keçirilməsində və xeyli sayda canlı qüvvəsinin məhv edilməsində xüsusilə fərqlənib. Lakin əfsuslar olsun ki, onunla az bir zamanda birgə vuruşa bildik. Sentyabrın 30-da Turalın ağır yaralandığı o son döyüş indi də gözlərimin önündən getmir”. Bu arada Olxanı qəhər boğduğundan, söhbətinə bir qədər ara verir. Müsahibim əli ilə gözlərinin yaşını silərək, özünü toparlamağa və ən yaxın dostunu itirdiyi amansız müharibənin acı xatirələrini yenidən bizimlə bölüşməyə davam edir: “Canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalmış düşmən olduğumuz mövqeləri uzaq məsafədən minaatanlardan və digər artilleriya qurğularından atəşə tutmaqla, düçar olduğu məğlubiyyətin əvəzini çıxmağa çalışırdı. Turalla aramızda cəmi iyirmi metr məsafə olardı. Bu zaman düşmənin atdığı minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində baş çavuş T.Abdullayev ağır qəlpə yarası aldı. Mən tez bir zamanda özümü ona yetirib, ilkin tibbi yardım göstərdim, ağrıkəsici iynə vurdum. Bundan əlavə, bu döyüşdə bizimlə birgə vuruşan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı hərbi qulluqçularından da ikisi şəhid olmaqla, dörd nəfəri ağır yaralanmışdı. Sonra biz şəhid və yaralıları maşınlara mindirib, ərazidən çıxartdıq. Çox təəssüflər olsun ki, iki gündən sonra Turalın şəhid olma xəbərini aldım...”.
Turalın digər döyüşçü yoldaşı, xüsusi təyinatlı dəstənin başçavuşu “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş baş çavuş Hilal Əliyev isə yaxın dostu olmuş Turalın ağır yaralanmazdan bir saat öncə aralarında olan söhbəti məhz müharibənin ən ağrılı xatirəsi kimi heç zaman unutmayacağını bildirdi: “Tural şəhid olacağını sanki bilirdi. Mənə yaxınlaşaraq: “Səndən bir xahişim var” – dedi. Mən cavabımda: “Buyur, qardaş, eşidirəm” – dedim. Gözləri dolmuşdu. Tural bir qədər susduqdan sonra yenidən: “Mən bilirəm ki, şəhid olacağam” – söylədiyi an mən onun sözünü kəsib: “Elə şey ola bilməz. İnşallah, müharibə bizim qələbəmizlə başa çatar, hər birimiz sağ-salamat evimizə qayıdarıq” – deyib, fikrini dağıtmaq istədim. Lakin Tural başını bulayıb, gözlərimin içinə dik baxaraq: “Yox, qardaş. Bu mənim ürəyimə damıb. Əgər mən şəhid olsam, anamı mənim yerimə bol-bol qucaqlayıb, onu çox sevdiyimi söyləyərsən” - demişdi... Bu mənim üçün nə qədər ağır olsa da, şəhidlik məqamına yüksəlmiş döyüşçü yoldaşımın son xahişini yerinə yetirməli oldum”.
Baş çavuş T.Abdullayev 2020-ci il oktyabrın 1-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli, 15 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş Abdullayev Tural Şakir oğlu (ölümündən sonra) “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Bununla yanaşı, ölkə başçısının şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə mənzil və fərdi evlərin verilməsini nəzərdə tutan müvafiq sərəncamına əsasən, 2021-ci ilin aprel ayında Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində bu məqsədlə inşa olunmuş yaşayış binasından Abdullayevlər ailəsinə də yeni mənzil təqdim olunub.
Məlumat üçün bildirək ki, Turalın ailə üzvlərinin xatirələri əsasında Azərbaycan Dövlət Televiziyası, eləcə də bir sıra internet saytları tərəfindən hazırlanmış süjetlərdə şəhid hərbi qulluqçumuzun gənc nəslə nümunə olan həyat və döyüş yolu barədə məlumatlar izləyicilərə təqdim edilib. Bundan əlavə, “525-ci qəzet”in 5 aprel 2021-ci il tarixli sayında dərc edilmiş “Əbədiyyətdəki əziz ünvanlarımız” və “Fədai” qəzetinin saytında verilmiş “Zəfər tarixində imzası olan şəhidlərimiz – Tural Abdullayev” başlıqlı məqalələrdə cəsur silahdaşımızın həyat və döyüş yolu işıqlandırılıb. Sonda məqaləni şairə Şərqiyyə Balacanlının “Şəhidlər” şeirindən bir bəndlə yekunlaşdırıram:
Siz düşməndən torpaq, qisas aldınız,
Şanlı adla xalqa övlad oldunuz.
El qəlbində əbədidir adınız,
Ölməzliyin özüsünüz, şəhidlər!
Allah rəhmət eləsin!
mayor Anar Əhmədov
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru