Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Daxili Qoşunlar “Dəmir yumruğ”un əsas zərbə güclərindən biridir

 Birinci Qarabağ müharibəsi... Yeni yaradılan, cəmi 40 gün öncə and içərək hərbi xidmətə başlayan cəsur igidlər Ağdam istiqamətindən döyüşə atıldılar, Ağdərədən Qubadlıya, Kəlbəcərdən Zəngilanadək savaşın getdiyi bütün ərazilərdə şərəflə döyüşdülər... Sıralarından 680 qəhrəmanı şəhid verdilər...
 
İkinci  Qarabağ müharibəsi... Vətən savaşının ilk dəqiqələrindən silaha sarıldılar, 44 gün ərzində erməni işğalçılarının başını əzdilər, belini qırdılar, Şuşada ucaltdıqları bayrağın timsalında örnək qəhrəmanlıq nümunələri yaratdılar... 66 şəhidlə ölməzlik dastanı yazdılar... Tarixi Zəfər paradında Müzəffər Ali Baş Komandanın önündən keçərək qələbə raportunu verdilər, həm də böyük himayədarları olan Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında daşıdıqları borcu ləyaqətlə ödədilər... Onlar Azərbaycanın savaş qəhrəmanlarıdır, dövlətçiliyimizə qarşı qəsdləri zərərsizləşdirən vətənpərvərlərdir, ictimai asayişin təminində canlarından keçən igidlərdir... Onlar şanlı Daxili İşlər Nazirliyimizin fədakar Daxili Qoşunlarıdır...

Vətənin etibarlı keşiyində

Bu gün onların günüdür... Birinci Qarabağ müharibəsində hərbi əməliyyatlara başladıqları ilk tarix onlar üçün Ümummilli Lider tərəfindən belə əbədiləşdirilib... Və ötən dövrün elə hər günü də onlar üçün məhz belə qəhrəmanlıqla, hərbi andın layiqincə doğrulması ilə keçib...
 
Əslində, Daxili Qoşunların ölkəmizdə fəaliyyəti başqa adlar və fərqli xidmət məramları ilə əvvəlki dövrlərdə də mövcud olub. Daxili Qoşunların təyinatına uyğun olan vəzifələri yerinə yetirmiş hərbi qurum ilk dəfə  Xalq Cümhuriyyəti dövründə yaradılıb. Parlamentin müvafiq qərarına uyğun olaraq, əhalini hərbi işlə tanış etmək, yaşayış məntəqələrində asayişin mühafizəsi məqsədilə 1919-cu il iyunun 1-dən etibarən könüllü əsgərlərdən ibarət dəstə formalaşdırılıb. 1920-ci il martın 27-də isə Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsinin qərarı əsasında Bakı təşkilatının Yardım alayının könüllü dəstələri Daxili İşlər Nazirliyinin sərəncamına verilib.
 
Sovet dövründə də ictimai təhlükəsizliyin qorunması və xüsusi tapşırıqların yerinə yetirilməsi məqsədilə DİN-in tərkibində hərbi statuslu qurum kimi Daxili Qoşunlar mövcud olub. Bu xidmətdə minlərlə azərbaycanlı zabit, gizir, çavuş və əsgər də hərbi xidmət keçib, bir qisminin zəngin xidmət təcrübəsindən sonradan ölkəmizin ordu quruculuğu prosesində, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təşkilində istifadə edilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Daxili Qoşunların yaradılmasına başlanıldı. SSRİ DİN-in Daxili Qoşunlarının o vaxt Bakı, Sumqayıt və Gəncədə yerləşmiş hərbi hissələrinin bazasında müstəqil dövlətimizə məxsus yeni hərbi hissələrin yaradılması hərbi quruculuq baxımından mühüm hadisə idi. Daxili Qoşunların hərbi hissələrinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularla komplektləşdirilməsi üçün çağırışçıların seçimi aparıldı, onlar qoşunların sıralarına göndərildi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Daxili Qoşunların yaradılmasına başlanıldı. SSRİ DİN-in Daxili Qoşunlarının o vaxt Bakı, Sumqayıt və Gəncədə yerləşmiş hərbi hissələrinin bazasında müstəqil dövlətimizə məxsus yeni hərbi hissələrin yaradılması hərbi quruculuq baxımından mühüm hadisə idi. Daxili Qoşunların hərbi hissələrinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularla komplektləşdirilməsi üçün çağırışçıların seçimi aparıldı, onlar qoşunların sıralarına göndərildi.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu gün Daxili Qoşunlar, sözün əsl mənasında, xalqımızın əmin-amanlığı, dövlət və dövlətçiliyin daha da gücləndirilməsi naminə fədakar xidmətini davam etdirməkdədir. Daxili Qoşunlar müstəqil dövlətimizin ilk nizami qoşun növlərindən biri kimi ordu quruculuğunun başlanğıc mərhələsində xüsusi rol oynayırdı. İlk mərhələdə bu hərbi hissələr yaşayış məntəqələrində daxili işlər orqanları ilə birgə ictimai asayişin və təhlükəsizliyin qorunması, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi, cəzaçəkmə müəssisələrinin mühafizəsi kimi mühüm vəzifələri yerinə yetirirdilər. Sonrakı dövrdə artıq regionlarda Daxili Qoşunların yeni hərbi hissələri yaradıldı, xidməti fəaliyyətin genişləndirilməsi prosesi davamlı xarakter aldı, maddi-texniki potensialın artırılması yönündə çoxşaxəli tədbirlər görüldü.

Yarandığı gündən daim dövlətçiliyin keşiyində yenilməz əzmkarlıqla dayanan Daxili Qoşunların inkişaf və yüksəliş yolu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Daxili Qoşunlar Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində formalaşıb, fəaliyyətinin hüquqi bazası yaradılıb, davamlı inkişaf edib, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib.

Heydər Əliyev daxili işlər orqanlarının, o cümlədən Daxili Qoşunların xidməti fəaliyyətini həmişə xüsusi diqqət mərkəzində saxlayıb. Təsadüfi deyildir ki, Ulu Öndər “Dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir” - deməklə, bu xidmətin, ümumilikdə, dövlət həyatında necə mühüm rol oynadığını aydın göstərib. Daxili Qoşunların əsas funksiyaları, vəzifələri, fəaliyyət prinsipləri dövlətçilik, müstəqillik və ictimai asayiş üçün çox vacib hədəfləri ehtiva edir. Onlar şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar və digər hüquqazidd qəsdlərdən qoruyur, mühüm dövlət obyektlərini, kommunikasiya qurğularını, xüsusi yükləri mühafizə edir, qəzaların, yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına çalışır, kütləvi iğtişaşların qarşısını almağa kömək göstərir, yaşayış məntəqələrində postpatrul xidməti vasitəsilə ictimai asayişin qorunmasında, kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edir, ən nəhayət, Azərbaycan Respublikası ərazisinin müdafiəsində canlarından belə keçirlər.
Vətən savaşında olduğu kimi...
 
Qəhrəmanlıq salnaməsi
 
Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədovla yubiley öncəsi görüşdük. Komandan dedi ki, Daxili Qoşunların şəxsi heyətinin fəaliyyətinin hər bir günü dövlətə, Vətənə, xalqa bağlılığı və xidməti anda dönməz sədaqəti əks etdirir: “Fəaliyyətimizin əsas göstəricilərindən biri də ərazi bütövlüyümüzün qorunması istiqamətində göstərdiyimiz qəhrəmanlıqlar idi. Heç bir zaman unutmadıq ki, Ulu Öndər Heydər Əliyev Birinci Qarabağ savaşında döyüşlərə başladığımız ilk günü Daxili Qoşunlar Günü kimi elan etdi. Bu həm də bizim üzərimizə qoyulan tarixi öhdəlik idi ki, müharibənin ədalətlə, qələbə ilə bitməsində ön sıralarda olmalı, yarımçıq qalmış işimizi zəfərlə yekunlaşdırmalıydıq. Daxili Qoşunların igid hərbi qulluqçuları Ümummilli Liderin ruhuna olan mənəvi borcu və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qarşımızda müəyyənləşdirdiyi tarixi vəzifəni böyük məsuliyyətlə, şərəflə, layiqincə icra edərək, “Dəmir yumruğ”un əsas zərbə güclərindən birinə çevrildilər”.

Həqiqətən də, hər iki Qarabağ savaşının hərbi salnaməsi Daxili Qoşunların şəxsi heyətinin göstərdiyi qəhrəmanlıq, cəsurluq, şücaət faktları ilə zəngindir. Ağdam rayonunun Şelli, Qalayçılar və Papravənd kəndlərinin müdafiəsinə gələrək, şanlı döyüş yoluna başlayan Daxili Qoşunların hərbi hissələri bu istiqamətlərdə döyüş mövqelərini dərhal öz nəzarətlərinə götürdülər, ilk sınaqdan alnıaçıq çıxaraq, qətiyyət və cəsarət göstərdilər. Şəxsi heyət ön cəbhəyə gəldiyi ilk anlardan yüksək nizam-intizam, ruh yüksəkliyi və qorxmazlıq nümunələri nümayiş etdirdi, zabit, gizir, çavuş və əsgərlər öz fədakarlıqları ilə yerli sakinlərin inamını qazandılar. Döyüş bölgəsində yerləşdirilən Daxili Qoşunların birləşmiş hərbi dəstəsi sonradan yeni hərbi hissələrin təşkilinə zəmin yaratdı.

Daxili Qoşunların hərbi hissələri, ümumilikdə, 1992-1994-cü illərdə Ağdam (Xocalı rayonuna aid ayrı-ayrı yaşayış məntəqələri də daxil olmaqla), Tərtər (Ağdərə istiqaməti), Qubadlı, Laçın, Kəlbəcər, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində respublikamızın müdafiəsi və ərazi bütövlüyünün bərpası uğrunda şərəfli döyüş yolu keçdilər. Bu istiqamətlərdə döyüş əməliyyatları mürəkkəb relyefə malik, habelə strateji yüksəkliklərin, mühüm kommunikasiya qovşaqlarının, hətta dövlət sərhəd zolağının yerləşdiyi əraziləri, eləcə də kiçik və böyük yaşayış məntəqələrini əhatə etməklə, müxtəlif şəraitlərdə, bəzən döyüş təchizatının fasiləsiz təmin edilməsinin çətinlikləri vəziyyətində aparılırdı. Daxili Qoşunların ön cəbhədəki şəxsi heyətinin iştirakı ilə müxtəlif istiqamətlərdə düşmənin xeyli canlı qüvvəsi, texnika, artilleriya qurğuları, istehkam vasitələrinin məhv edilməsi ilə nəticələnən uğurlu hücum və müdafiə xarakterli döyüşlər oldu. Lakin o dövrün hərbi-siyasi böhranları, xaos və anarxiya elementləri nəticə etibarilə torpaqlarımızın işğalına zəmin yaratdı.

1993-cü il noyabrın 2-də Ümummilli Lider Heydər Əliyevin tarixi çağırışı ilə başlanan Silahlı Qüvvələrin yenidən qurulması prosesində Daxili Qoşunların xüsusi iştirakı oldu. Şəxsi heyət 1993-cü ilin noyabr-dekabr aylarında Füzuli rayonunda düşmənin hücumlarının qarşısının alınmasında, 1994-cü ilin yanvar ayında isə ordu hissələri ilə birgə Horadiz və ətrafdakı onlarca kəndin işğaldan azad olunmasında əvəzsiz xidmətlər göstərdi. 1999-cu ilədək isə Füzuli və Cəbrayıl rayonlarının ərazilərindən keçən təmas xəttindəki mövqelərimizin müdafiə olunması üzrə döyüş tapşırıqlarını layiqincə yerinə yetirdilər. Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlər zamanı Daxili Qoşunların şəxsi heyətindən 680 nəfər həlak oldu, 1178 nəfər isə yaralandı. 9 nəfər Milli Qəhrəman zirvəsinə yüksəldi...

Murovdan Şuşayadək Zəfər yolu

Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə qoşunların xidməti fəaliyyəti yeni mərhələyə qədəm qoydu, ötən müddətdə Daxili Qoşunlar təyinatından irəli gələn vəzifələrin icrasında zəngin təcrübə qazandı, geniş quruculuq işləri aparıldı. Maddi-texniki bazanın yenilənməsi, beynəlxalq hərbi əməkdaşlıq əlaqələrinin qurulması, Daxili Qoşunların döyüş hazırlığına, hərtərəfli təchizatına, müasir silah-sursatına, texnikasına görə Avropanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlməsi Zəfərin əldə olunmasında vacib şərtlərdən biri oldu. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında Silahlı Qüvvələrimizin tərkibində Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanılmasına öz layiqli töhfələrini verdilər. Ön cəbhənin bütün istiqamətlərində Daxili Qoşunların şəxsi heyəti düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetirdi. Hərbi qulluqçularımız yüksək vətənpərvərlik, peşəkarlıq və müasir döyüşaparma qabiliyyəti nümayiş etdirərək, “dəmir yumruq”la erməni işğalçılarının başını əzdilər. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfərin şəhid olması, 346 nəfərin isə yaralanması həm ağrı və kədər, həm də qürurlu, şərəfli salnamədir.

Ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə görə Daxili Qoşunların 4 nəfər hərbi qulluqçusu “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edildi. 39 nəfər “Zəfər”, “Qarabağ”, “Azərbaycan bayrağı”, “Rəşadət” ordeni ilə mükafatlandırıldı, yüzlərlə hərbi qulluqçu, ümumilikdə, 1833 medala layiq görüldü. Vətən müharibəsi dövründə Daxili Qoşunların maddi-texniki təminat, tibb xidmətlərinin hərbi qulluqçuları da döyüş bölgəsinə ezam olundular, öz sahələri üzrə qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəldilər. Səfərbərliyə cəlb edilənlər sırasında Daxili Qoşunların bir qrup ehtiyata buraxılmış hərbi qulluqçusu da vardı. Övladları və yaxın qohumları döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə ucalan, habelə qazi olan Daxili Qoşunların veteranları da yetərincədir.

Bu qəhrəmanlarımızın missiyası heç də zəfərin əldə edilməsi ilə bitmədi. Onlar son 16 aydır işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunmasına da cavabdehdirlər. Nəzərə alaq ki, bu bölgədə təhlükəsizlik tədbirləri görülmədən bərpa-yenidənqurma işlərinin aparılması, dinc həyatın bərqərar olması, vətəndaşlarımızın məskunlaşması mümkün olmaz. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti polis əməkdaşları ilə birgə işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Xocavənd, Xocalı, Tərtər rayonlarının, eləcə də Şuşa şəhərinin ərazilərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, terror, təxribat və digər qanunazidd fəaliyyətin qarşısının alınması, giriş-çıxışın xüsusi rejiminin tətbiqi üzrə xidməti tapşırıqları yerinə yetirir. Gündəlik olaraq, qeyd olunan istiqamətlərdə stasionar postlar və piyada marşrutlarında hərbi qulluqçular komendant xidmətinin aparılmasına cəlb edilirlər. Bununla yanaşı, onlara Şuşa şəhərinin müdafiəsində dayanmaq həvalə olunub. Şəxsi heyətin işğaldan azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti çoxşaxəli olmaqla, hərbi qulluqçulardan yüksək peşəkarlıq, ayıq-sayıqlıq, qətiyyət və əzmkarlıq tələb edir. Hərbi qulluqçular qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirir, Ali Baş Komandanın etimadını ləyaqətlə doğruldurlar.
 
Ali Baş Komandan Daxili Qoşunların döyüş hazırlığı səviyyəsindən razıdır
 
Xidməti-döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə şəxsi heyətin mükəmməl hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün döyüş təlimi prosesinin keyfiyyətli təşkili, onun məzmun və üsullarının davamlı olaraq təkmilləşdirilməsi, yeni texnika, silahlar, xüsusi vasitələrin xüsusiyyətlərinin praktiki mənimsənilməsi, fəaliyyət taktikası üzrə məşqlərin real şəraitə uyğun keçirilməsi peşəkarlıq vərdişlərinin formalaşmasına əsaslı zəmin yaradır.

Hər bir hərbi hissə və bölmənin, hərbi qulluqçunun gücünün onun döyüş qabiliyyətinə bağlı olduğunu söyləyən daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Ş.Məmmədov qeyd edir ki, şəxsi heyətin döyüş təlimi prosesi komandanlığın xüsusi diqqət mərkəzindədir və ildən-ilə göstərilən sahədə yeniliklər tətbiq olunur: “Hazırda Daxili Qoşunların sərəncamında müasir standartlara cavab verən poliqon, təlim mərkəzləri və şəhərcikləri, idman zalları, atıcılıq tirləri, tədris vasitələri və ləvazimatları mövcuddur. Hərbi hissələrdə məşğələ sinifləri müasir tərtibata malikdir və lazımi texniki avadanlıqlarla təchiz edilib. Daxili Qoşunlarda döyüş təliminin öz xüsusiyyətləri var. Bu prosesdə Daxili Qoşunların vəzifələrindən irəli gələn praktiki fəaliyyətlərə əsas diqqət yönəldilir. Daxili Qoşunların taktikasının çoxşaxəli elementləri təlimlərdə məşq etdirilərək, ötən illərdə qazanılan təcrübə də nəzərə alınır. Müxtəlif bölmələrin yerinə yetirdikləri tapşırıqların xarakterinə uyğun olaraq, təlimlərdə onların döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı dəstək və birgə fəaliyyət üsullarının təkmilləşdirilməsi xüsusi diqqət yetirilən məqamlardır. Döyüş təlimlərində şəxsi heyətin fiziki hazırlığının möhkəmləndirilməsinə, silahlardan sərrast atəş açmaq bacarıqlarının inkişaf etdirilməsinə, zirehli texnika, avtomobillərin idarə olunması məharətinin artırılmasına, çeviklik, dözümlülük, ahəngdarlıq, nizamlılıq vərdişlərinin aşılanmasına nail olunur”.

Ötən illər ərzində Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müasir standartlar və qabaqcıl təcrübə nəzərə alınmaqla əhatəli və planlı tədbirlər həyata keçirilib. Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Qoşunların Bakı şəhərində, eləcə də regionlarda yerləşən hərbi hissələrində geniş yenidənqurma, əsaslı təmir və abadlıq işləri aparılıb, yeni qərargahlar, tibb məntəqələri, yeməkxanalar, kazarmalar, hamam-camaşırxana kompleksləri, anbarlar, idman zalları, təlim şəhərcikləri tikilib, hərbi qulluqçular üçün hərtərəfli şəraitə malik olan çoxmənzilli binalar, modul tipli yataqxanalar istifadəyə verilib.

Bu nailiyyətlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. İndiyədək Azərbaycan Prezidenti 11 dəfə Daxili Qoşunların müxtəlif bölgələrdəki hərbi hissələrində olub. Müzəffər Komandanın şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, sosial-məişət şəraiti ilə də yaxından tanış olur, onların maddi-texniki təminatı ilə maraqlanır ki, bunlar da nəticə etibarilə hərbi qulluqçularımızın döyüş ruhunu yüksəldir. Hər bir səfər həm də yeni sosial, hərbi obyektin açılışı ilə əlamətdar olur. Mərhələlərlə və ardıcıl həyata keçirilən hərtərəfli quruculuq işləri nəticəsində Daxili Qoşunlar qarşısına qoyulmuş tapşırıqları yerinə yetirməyə qadir olan, müvafiq qanunla statusu müəyyən edilmiş hərbi birləşmə kimi dövlətimizin etibarlı dayaqlarından birinə çevrilib.

Daxili Qoşunların inkişafı və döyüş hazırlığı səviyyəsinin artırılması Ali Baş Komandan tərəfindən daim yüksək qiymətləndirilib. “Son illər ərzində Daxili Qoşunlar sürətli inkişaf etmişdir, çox yüksək səviyyədə peşəkarlıq, vətənpərvərlik var. Bu, bizim üçün çox böyük nailiyyətdir” - söyləyən Prezident İlham Əliyev onu da qeyd edib ki, “Azərbaycan dövləti, dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi üçün Daxili Qoşunların xidməti yüksək səviyyədədir və məni qane edir”.

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov da şərəfli xidmət yolu keçən, respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət və qəhrəmanlıq göstərmiş Daxili Qoşunların Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq dövlətçiliyin sütunlarından birinə çevrildiyini vurğulayıb: “Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin əvəzsiz diqqəti və qayğısı sayəsində bu gün davamlı inkişafda olan Daxili Qoşunların döyüş hazırlığı, təchizatı, şəxsi heyətinin xidmət şəraiti, sosial müdafiəsi yüksək səviyyədədir. Öz andına sadiq olan hərbçilərimizin respublikada ictimai asayişin və daxili təhlükəsizliyin qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, bütövlükdə, qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının icrasında professionallığı və qətiyyəti özünü Vətən müharibəsi dövründə bir daha təsdiqləmişdir”.
 
Yeni hədəflər, müasir islahatlar
 
Daxili Qoşunların Komandanı vurğulayır ki, ötən dövrdə uğurlu xidməti fəaliyyətin mühüm göstəricilərindən biri də beynəlxalq hərbi əməkdaşlıq əlaqələridir: “Xarici həmkarlara aid qabaqcıl təcrübənin öyrənilməsi, hərbi qulluqçularımızın müasir texnologiyalara, yeni texnika, silah və xüsusi vasitələrin xüsusiyyətlərinə dərindən yiyələnmələri, bilik və bacarıqlarının beynəlxalq standartlara uyğunlaşdırılması, praktiki fəaliyyətlərə hazırlıqlarının yüksəldilməsi və təlim-təhsil prosesi standartlarının təkmilləşdirilməsi əsas məqsəddir. Daxili Qoşunlar tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ikitərəfli münasibətlər çərçivəsində müxtəlif ölkələrin müvafiq hərbi qurumları ilə əməkdaşlıq əlaqələri qurulub. Yüzlərlə hərbi qulluqçu Türkiyə DİN-in Jandarm Baş Komandanlığının təlim-tədris mərkəzlərində ixtisas və təkmilləşdirmə kursları keçib, həmçinin qoşunların nümayəndələri ayrı-ayrı ölkə və xarici qurumlar tərəfindən təşkil olunan təhlükəsizlik məsələləri üzrə tədbirlərdə iştirak ediblər. Beynəlxalq hərbi əməkdaşlıq prosesi xidməti fəaliyyətdə yeniliklərə yol açır, peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə təkan verir. Dünyanın qabaqcıl ölkələrinin müvafiq güc strukturlarının təcrübəsinin öyrənilməsi, qarşılıqlı informasiya mübadiləsi xidməti vəzifələrin yerinə yetirilməsinə, təlimlərdə müasir standartların tətbiqinə real zəmin yaradır”.

Beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi əsas məkanlardan birinə çevrilən ölkəmizdə mühüm mədəniyyət, idman, humanitar, siyasət yönümlü tədbirlərin, sammitlərin təhlükəsizliyinin təmin olunması prosesində də Daxili Qoşunların şəxsi heyəti ön sırada olur. Pandemiya ilə bağlı elan edilən xüsusi karantin rejimində Daxili Qoşunların şəxsi heyətinin fədakarlığı xüsusilə diqqət çəkdi. Hərbi qulluqçular polis əməkdaşları ilə birgə şəhər və rayonlararası yollarda buraxılış rejiminə nəzarət etdi, yaşayış məntəqələrində postpatrul xidməti apardı, xüsusi səhiyyə müəssisələrinin, karantin obyektlərinin mühafizəsində dayandı. Vətən savaşı müddətində isə ön cəbhədə döyüşməklə yanaşı, ölkədə elan edilən hərbi vəziyyət dönəmində, komendant saatında vəziyyətə nəzarət də böyük peşəkarlıqla icra edildi. Ağır sınaqlardan üzüağ çıxan Daxili Qoşunlar dövlətimiz, dövlətçiliyimiz əleyhinə təxribatlar törətmiş qüvvələrə qarşı dəfələrlə polis əməkdaşları ilə birgə barışmaz mübarizə aparmış, vətəndaşların əmin-amanlığını layiqincə qorumuşdur. Bu məqamları xüsusi vurğulayan Ş.Məmmədov qeyd edir ki, Daxili Qoşunların xidməti fəaliyyəti daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun daim diqqət mərkəzindədir: “Cənab nazirin şəxsi heyətə etimadı hərbi qulluqçularımızı layiqli xidmətə ruhlandıran mühüm amildir. İstər cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də mühüm dövlət obyektlərinin mühafizəsində şəxsi heyət müsbət nəticələr əldə etmişdir. Əlbəttə ki, bu uğurlar bilikli və bacarıqlı komandir heyətinin rəhbərliyi altında idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına ərsəyə gəlmişdir. İnanıram ki, Daxili Qoşunların şəxsi heyəti bundan sonra da çiçəklənən Azərbaycanımızın mənafeyi naminə bütün vəzifələrin öhdəsindən layiqincə gələcək”.

Ölkəmiz müasir inkişaf müstəvisinə yüksəldiyi bir vaxtda, həmçinin Vətən müharibəsinin reallıqları kontekstində Daxili Qoşunlar qarşısında duran vəzifələrin tam və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində yeni hədəflər müəyyən edir. Dünyada qloballaşma prosesinin sürətlənməsi, beynəlxalq inteqrasiyanın dərinləşməsi, müasir dövrün çağırışları fonunda daim təkmilləşən Daxili Qoşunlar döyüş və mənəvi-psixoloji hazırlığın yüksək səviyyədə qorunub saxlanılmasını, xidməti fəaliyyətdə peşəkarlığın artırılmasını təmin etmək məqsədilə islahatların yeni mərhələsini həyata keçirir.

Daxili Qoşunlarda bu gün ciddi nizam-intizam hökm sürür, şəxsi heyətin mənəvi-psixoloji durumu qənaətbəxşdir. Şəxsi heyət Prezidentə, dövlətə, xalqa məhəbbət və sədaqət ruhunda tərbiyə olunur. Hərbi hissələrin döyüş qabiliyyəti və döyüş ruhu kifayət qədər yüksəkdir.

Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olaraq, respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak edərək, işğalına son qoyulan torpaqlarımızın müdafiəsində qətiyyətlə dayanaraq, həmin bölgələrdə polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində yüksək peşəkarlıq göstərərək, dövlət əhəmiyyətli, mürəkkəb xidməti-döyüş tapşırıqlarının öhdəsindən cəsarətlə gəlir. Bu da Daxili Qoşunların cəmiyyətdə nüfuzunu artırır və vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır.

Müzəffər Komandanın qəhrəman əsgərləri olan Daxili Qoşunların şəxsi heyəti yubileyini “Dəmir yumruğ”un əsas zərbə güclərindən biri kimi qeyd edir. Bu isə ən böyük mükafat, ən səmimi təltifdir...

İxtiyar HÜSEYNLİ,
“Azərbaycan”

"Azərbaycan Qəzeti"nin rəsmi internet səhifəsi, Bakı şəhəri, 12 mart 2022-ci il.