Avqust ayının 27-28-də DİN-in Daxili Qoşunlarının Lənkəranda və Qubada yerləşən hərbi hissələrinin yaranma günü qeyd edilmişdir. Yarandıqları gündən Vətənə sədaqətlə xidmət edən hərbi hissələr təqdirəlayiq xidmət yolu keçmiş, maddi-texniki tədris bazasının möhkəmləndirilməsi, döyüş təlimi və xidmətin səviyyəsinin artırılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində nəzərəçarpacaq irəliləyişlər əldə etmiş və müsbət nailiyyətlər qazanmışlar.
 
  Ötən müddət ərzində hərbi qulluqçuların peşə hazırlığının artırılması, tədris bazasının gücləndirilməsi istiqamətində istər komandanlıq, istərsə də şəxsi heyət tərəfindən çoxsahəli işlər görülmüş, gərgin əmək sərf olunmuşdur.
 
  Şəxsi heyət onlara göstərilən etimadın, diqqət və qayğının nəticəsi olaraq, bu inamı daima doğrultmaq üçün qarşıya qoyulan hər bir xidməti-döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyə çalışırlar.
 
  Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov ildönümü münasibətilə hər iki hərbi hissənin şəxsi heyətinə təbrik məktubu ünvanlamışdır. Təbrikdə hərbi hissənin şəxsi heyətinin Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi etimadı doğruldacaqlarına, Daxili Qoşunların qəhrəmanlıq ənənələrini bundan sonra da davam etdirəcəklərinə, ləyaqətli xidmət nümunəsi göstərəcəklərinə əminlik ifadə olunmuşdur.
 
  Qeyd olunmuşdur ki, bu gün Daxili Qoşunların ciddi nizam-intizamın hökm sürdüyü hərbi hissələri əmin-amanlığın, asayişin sadiq keşikçisi olaraq, qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını tam və keyfiyyətlə, yüksək səviyyədə yerinə yetirməyə qadirdir və şəxsi heyət xalqın, dövlətin, Vətənin mənafeyi naminə bütün xidməti vəzifələrin öhdəsindən həmişə olduğu kimi, bundan sonrada layiqincə gələcəkdir.