İyul ayının 18-də Türkiyə Respublikasının Jandarm Qüvvələrinin Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan daha bir heyətinin fəaliyyət müddəti başa çatmışdır. Bu münasibətlə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov heyətlə görüşmüşdür.
 
 Türkiyəli zabitləri səmimi salamlayan general-mayor Ş.Məmmədov xidməti ezamiyyətini başa vurmuş qoşunların hərbi hissələrində çalışmış 9 nəfərdən ibarət müəllim heyətinə göstərdikləri köməkliyə görə minnətdarlığını bildirmişdir.
 
   Cənab Komandan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci il oktyabırın 31-də Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında imzalanmış protokoldan danışaraq, iki qurum arasındakı sıx “əsgəri qardaşlıq” münasibətlərinin günü-gündən dərinləşdiyini vurğulamışdır. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını xatırladan Daxili Qoşunların Komandanı qardaş Türkiyə Respublikasının Jandarm təşkilatının Azərbaycan Respublikasının DİN-nin Daxili Qoşunlarına təlim-tədris sahəsində göstərdiyi köməkliyin bunun bariz nümunəsi olduğunu nəzərə çatdırmışdır.
 
  Türkiyəli müəllim heyəti onlara göstərilən diqqətə görə Daxili Qoşunların Komandanına öz dərin minnətdarlığını ifadə etmişdir. Xidməti fəaliyyət müddətində  qardaş münasibətini hiss etdiklərini deyən heyət üzvləri Daxili Qoşunlara daima köməklik göstərməyə hazır olduqlarını bildirmişlər. Görüşün sonunda general-mayor Ş.Məmmədov Jandarm Qüvvələrinin zabitlərini “Fərman"la mükafatlandırmış və xatirə şəkli çəkdirmişdir.