Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilati dəstəyi ilə “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi çərçivəsində növbəti - sonuncu tədbir iyunun 27-də Daxili Qoşunların Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsində keçirilmişdir. Milli Qəhrəman Qorxmaz Eyvazova həsr edilmiş tədbirdə rejissor Yalçın Verdiyev tərəfindən lentə alınmış “Adına yaraşan oğul” sənədli filminin təqdimatı keçirilmişdir.
 
  Tədbirdə Milli Məclisin deputatları, Milli qəhrəmanlar - Qorxmaz Eyvazovun, Gültəkin Əsgərovanın, Rasim İbrahimovun və Məzahir Rüstəmovun ailə üzvləri, dostları və KİV nümayəndələri iştirak etmişlər. Kino Xidməti İdarəsinin rəis müavini Cəmil Xəlilov tədbiri açaraq Milli Qəhrəmanın həyatından və keçdiyi döyüş yolundan danışmışdır. Bildirilmişdir ki, 1967-ci ildə Laçın rayonunda dünyaya göz açan Qorxmaz Eyvazov 1984-cü ildə onuncu sinfi bitirərək Laçın rayonundakı 127 nömrəli texniki-peşə məktəbinə daxil olmuşdur. O, 1985-ci ildə ordu sıralarına çağırılmış, xidmət etdiyi müddətdə dəfələrlə komandanlığın fəxri fərmanları ilə təltif olunmuşdur. Q.Eyvazov 1987-ci ildə əsgəri xidmətini başa vurmuşdur. 1988-ci ildə Laçında yaradılan partizan dəstəsinə qoşulan Qorxmaz 1992-ci ilin martında Laçın Rayon Polis İdarəsinə işə qəbul edilmişdir. Qorxmazın döyüş yolu doğma yurdundan - Qazdərəsi, Suarası və Mazutlu kəndlərindən başlamışdı. Qızartı dağı uğrunda gedən döyüşlərdə onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilmişdi. 1992-ci il avqustun 4-də erməni quldurları Qızartı dağını ələ keçirmək üçün qəfil hücuma keçirlər. Cəsur döyüşçü bu döyüşdə qolundan güllə yarası alır. Sağalan kimi, qısa müddətdən sonra yenidən döyüşə atılan Qorxmaz Eyvazov Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə bölük komandiri təyin edilir. 1994-cü il fevralın 10-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə Qorxmaz Eyvazov düşmənin xeyli canlı qüvvəsini məhv edir. Lakin bu döyüşdə özü də həlak olaraq şəhidlik zirvəsinə ucalır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli Fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Sonra Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
 
  Milli Qəhrəmanın qardaşı oğlu İntiqam Eyvazov əmisinin xatirəsinə göstərilən yüksək ehtirama görə minnətdarlığını bildirmişdir. Millət vəkilləri Qənirə Paşayeva, Asim Mollazadə və Aydın Mirzəzadə çıxışlarında ölkəmizdə şəhid ailələrinə, veteranlara, əlillərə, o cümlədən Milli qəhrəmanlara, onların ailə üzvlərinə göstərilən dövlət qayğısından danışmışlar. Qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran  Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordunun yaradılmasına nail olmuşdur. Natiqlər Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, bölgənin ən qüdrətli ordusu olan Silahlı Qüvvələrimizin Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olduğunu vurğulamışlar.
 
  Digər çıxış edənlər də ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan, ordu sıralarında xidmət edən Azərbaycan əsgərinin hazırlığından bəhs etmiş, Milli Qəhrəman Qorxmaz Eyvazovun keçdiyi həyat yolundan, Vətənin müdafiəsində göstərdiyi şücaətlərdən danışmışlar. Tədbirdə respublikanın xalq artisti Flora Kərimova öz repertuarından hərbi vətənpərvərlik ruhu aşılayan mahnılar ifa etmişdir. Sonda “Adına yaraşan oğul” sənədli filmi təqdim edilmişdir.