28 may Respublika Günü Daxili Qoşunların hərbi qulluqçuları üçün ikiqat bayrama çevrilmişdir. Həmin gün Daxili Qoşunların Nərimanov rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün növbəti yeni tikilmiş 12 mərtəbəli yaşayış kompleksi istifadəyə verilmişdir.
 
  Bu münasibətlə keçirilmiş tədbirdə respublikanın daxili  işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.
 
  Əvvəlcə daxili işlər nazirinin qarşılanma mərasimi olmuşdur. Daxili işlər nazirinin müavini-Daxili Qoşunların Komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport vermişdir.

  Sonra general-mayor Şahin Məmmədov çıxış edərək yeni kompleksin açılışının Daxili Qoşunların həyatında əlamətdar günlərdən biri olduğunu qeyd etmiş, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara xüsusi diqqət və qayğısının nəticəsi kimi qiymətləndirmiş,  Daxili Qoşunların komandanlığı və şəxsi heyəti adından ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.

  Mənzillə təmin olunmuş zabitlər adından çıxış edən mayor Telman Mustafayev bu günün onların həyatında unudulmaz tarixə çevrildiyini qeyd edərək, hərbi qulluqçulara göstərdiyi belə bir qayğıya görə Respublika Prezidentinə minnətdarlığını ifadə etmişdir. 
 
  Qeyd etmişdir ki, bu diqqət və qayğı hər bir zabiti, giziri daha fədakar xidmətə, daha çox əzmkarlığa ruhlandırır. 

  Qeyd olunmuşdur ki, yaşayış kompleksində həmçinin hərbi qulluqçuların azyaşlı uşaqları üçün müasir tələblərə cavab verən uşaq bağçası da yaradılmışdır.  

  Daha sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış edərək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını və təbriklərini tədbir iştirakçıların çatdırmış, yeni mənzillərlin sahiblərini və ailə üzvlərini təbrik etmiş, onlara xoşbəxtlik, cansağlığı və xidməti fəaliyyətdə uğurlar arzulamışdır.  
 
  General-polkovnik R.Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını bildirilmişdir. Nazir demişdir ki, son illər Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarca obyektlər, hərbi şəhərciklər, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri və s. tikilərək istifadəyə verilmişdir. 
 
  General-polkovnik R.Usubov xüsusi olaraq vurğulamışdır ki, yüksək səviyyədə inşa olunan  12 mərtəbəli yaşayış kompleksinin, eləcə də uşaq bağçasının istifadəyə verilməsi də Prezident İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. 
    
  Nazir yaşayış kompleksinin açılışını bildirən lenti kəsmiş, uşaq bağçasında, eləcə də hərbi qulluqçular üçün yaradılmış şəraitlə yaxından tanış olmuşdur.

  Məlumat verilmişdir ki, inşasına 2011-ci ilin oktyabr ayında başlanmış 12 mərtəbəli yeni kompleksin yaşayış sahəsi, uşaq bağçası da daxil olmaqla, ümumilikdə 9500 kvadratmetrdir. Zəruri avadanlıqlarla təchiz edilmiş 102 mənzildən 40-ı birotaqlı, 50-si ikiotaqlı, 12-si isə üçotaqlıdır.

   Yeni binada mənzillə təmin olunan Daxili Qoşunların zabit və gizirlərin ailə üzvləri  göstərilən ali diqqət və qayğıya, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.