Mayın 17-də Daxili Qoşunların sıralarına yeni daxil olan gənc əsgərlərin andiçmə mərasimi  keçirilmişdir.
 
  Mərasimdə Daxili Qoşunlar Komandanının 1-ci müavini-Qərargah rəisi general-mayor Şirin Xəlilov, DQBİ-də Mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərov, Daxili Qoşunların Veteranlar şurasının sədr müavini Telman Aslanov, döyüşçü-şair Elxan Xəzər, əsgər valideynləri və yaxın qohumları iştirak edirdilər. 
Mərasim Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilməklə başladı. Sonra tədbirin rəsmi hissəsi açıq elan olundu. 
 
  Nümunəvi-Göstərici Hərbi Orkestrın ifası ilə Döyüş Bayrağı sıra meydanına gətirildi. Tədbir hərbi hissə komandiri polkovnik Salamat Cəfərovun çıxışı ilə davam etdi. Polkovnik S.Cəfərov Daxili Qoşunların yaranma tarixi, döyüş yolu, inkişaf və quruculuq dövrü barədə geniş məlumat verdi. O, gənc əsgərləri bu əziz gün münasibəti ilə təbrik edərək, Vətənə şərəflə xidmət etməyin vacibliyini vurğuladı.
 
  Sonra gənc əsgərlər hərbi anda gətirildi. Onlar Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü qanını və canını əsirgəməyəcəklərinə söz verərək, Vətənə sədaqət andı içdilər.
 
  General-mayor Ş.Xəlilov təntənəli gün münasibətilə gənc əsgərləri təbrik edərək onlara öz tövsiyələrini çatdırdı:  
“Hərbi andın insanın daxilində, fikrində, düşüncəsində yaratdığı məsuliyyət heç nə ilə əvəz olunmur. Bu anddan irəli gələn tələblər siz əsgərlərin üzərində çox çətin və şərəfli bir vəzifə qoyur. Vətənin, millətin, torpağın taleyi məhz siz əsgərlərə etibar edilir. Unutmayın ki, hərbi andiçmə gənc əsgərlərin Azərbaycanın ləyaqətli vətəndaşı olmaq üçün atdığı ilk addımdır”. 
 
  Sonra Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının təbrikinin çatdırılması üçün söz polkovnik M.Qənbərova verildi. Təbrikdə hər bir əsgərin Vətənə şərəflə xidmət edəcəyinə, Azərbaycan Respublikasının qanunlarına və hərbi nizamnamələrin tələblərinə ciddi riayət edəcəyinə, eləcə də yüksək döyüş hazırlığına və möhkəm nizam-intizama malik olacaqlarına əminlik vurğulanırdı.  
 
  Həmişəki kimi, döyüşçü-şair Elxan Xəzər də gənc əsgərləri təbrik edərək, onlara öz vəzifələrinin icrasına məsuliyyətlə yanaşmalarının son dərəcə vacib olduğu bildirdi.
 
   Mərasim şəxsi heyətin sıra meydanı önündən təntənəli keçidi ilə başa çatdı.