Fevralın 1-də Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-mayor Şahin Məmmədov qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində olmuşdur.

  2014-cü ildə qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin yoxlanılması məqsədilə regionlarda həyata keçirilən sayca 4-cü səfərində Daxili Qoşunların Komandanı hərbi hissənin bütün xidmət sahələri, eləcə də şəxsi heyətin kazarma-məişət şəraiti və təminat-təhcizatı ilə yaxından tanış olmuşdur.

  Hərbi hissə komandiri bütün xidmət sahələri və döyüş hazırlığının vəziyyəti,o cümlədən şəxsi heyətin mənəvi-psixoloji durumu barədə geniş məruzə etmişdir. Qeyd olunmuşdur ki, yüksək döyüş qabiliyyətinə malik hərbi hissənin şəxsi heyətinin fiziki hazırlığı,  sağlamlıq durumu, həmçinin mənəvi-psixoloji vəziyyəti tələb olunan səviyyədədir.

  Sonra kəskin qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, hərbi hissədə  real şəraitə uyğun xüsusi-taktiki təlim nümayiş etdirilmişdir.

  Təlimi izləyən Daxili Qoşunlar Komandanı şəxsi heyətin hazırlığını yüksək qiymətləndirərək, zabit və gizirlərin peşəkarlığını xüsusilə vurğulamış, peşə vərdişlərinin artırılması istiqamətində səylərin daha da artırılmasının vacibliyini önə çəkmişdir.

  O, həmçinin hərbi hissənin coğrafi-strateji mövqeyini vurğulayaraq,hərbi hissənin daima yüksək döyüş hazırlığına gətirilməsinin vacibliyini qeyd etmiş,diqqətdə saxlanılması barədə tapşırıqlar vermişdir.
Digər hərbi hissələrdə olduğu kimi, bu dəfə də general-mayor Ş.Məmmədov  hərbi hissənin zabitləri, gizirləri və əsgər valideyinləri ilə fərdi qaydada görüşmüş, onların müraciətlərini dinləmişdir. Qaldırılan məsələlərin nəzarətdə saxlanılması, həlli mümkün olanların isə dərhal yerinə yetirilməsi istiqamətində müvafiq göstərişlər vermişdir.