Daxili Qoşunların yaranmasının 22-ci ildönümü ərəfəsində qurumun paytaxtın Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş yaşayış kompleksi istifadəyə verilmişdir.

  Bu münasibətlə keçirilmiş tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.

  Əvvəlcə daxili işlər nazirinin qarşılanma mərasimi olmuşdur. Nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik R.Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport vermişdir.

  Sonra general-mayor Şahin Məmmədov çıxış edərək yeni kompleksin açılışının Daxili Qoşunların həyatında əlamətdar günlərdən biri olduğunu qeyd etmiş, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara xüsusi diqqət və qayğısının nəticəsi kimi qiymətləndirmiş, Daxili Qoşunların komandanlığı və şəxsi heyəti adından ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.

  Qeyd olunmuşdur ki, inşasına 2012-ci ilin iyununda başlanmış iki ədəd 6 mərtəbəli yeni kompleksin ümumi sahəsi 12200 kvadratmetrdir. İki binada ümumilikdə 120 mənzil vardır və onların hər biri zəruri avadanlıqlarla təchiz edilmişdir.

  Daha sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin salamlarını və təbriklərini tədbir iştirakçıların çatdırmış, yeni mənzillərin sahiblərini və ailə üzvlərini təbrik etmiş, onlara xoşbəxtlik, cansağlığı və xidməti fəaliyyətdə uğurlar arzulamışdır.

  O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını vurğulamışdır. Nazir demişdir ki, son illərdə Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarca obyektlər, hərbi şəhərciklər, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri və s. tikilərək istifadəyə verilmişdir. Bildirilmişdir ki, Biləcəri qəsəbəsində yüksək səviyyədə inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi də Prezident İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

  Nazir yaşayış kompleksinin açılışını bildirən lenti kəsmiş, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə yaxından tanış olmuşdur.
Yeni tikilidə mənzillə təmin olunan Daxili Qoşunların zabitləri-mayor Çingiz Məmmədov, kapitan Anar Alıyev və onların ailə üzvləri göstərilən ali diqqət və qayğıya, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.