Aprel ayının 18-də Daxili Qoşunların 25031 saylı hərbi hissəsində hərbi xidmətə yeni qəbul olunmuş gənc əsgərlərlə “Böyük Vətən Müharibəsində Qələbənin 69 illiyi” mövzusunda görüş keçirilmişdir. Görüşdə Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Ramiz Axundov, II Dünya Müharibəsi veteranı Mehdi Mehdiyev, Pedoqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Nəsirov və hərbi hissə komandanlığı iştirak edirdi.

  İlk olaraq söz müharibə veteranı Mehdi Mehdiyevə verildi. Gənc əsgərləri salamlayan veteran görüşü təşkil etdiyi üçün hərbi hissə komandirinə təşəkkürünü bildirdi və onlarla tərbiyə mövzusunda söhbətlərin aparılmasını, məlumatlandırılmalarını çox müsbət hal kimi qiymətləndirdi. Çünki hər bir vətəndaş öz tarixini mütləq bilməli, qəhrəmanlarını tanımalı, onlardan özünə örnək, nümunə götürməlidir.

  Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının qarşıda duran əsas vəzifələrdən olduğunu vurğulayan Mehdi Mehdiyev söylədi ki, vətənpərvərlik bizə ulularımızdan qalan mirasdır: "Bu mirasa sahib çıxmaq, onu qoruyub gələcək nəsillərə çatdırmaq isə hər birimizin borcudur. Vətənə məhəbbət, sədaqətlə xidmət, lazım gələrsə, onun yolunda canını qurban verməyə hazır olmaq ölkəmizdə geniş təbliğ olunan ideyalardan biridir.

  Azərbaycan xalqı mərd, igid xalqdır və hər zaman öz torpaqları uğrunda mübarizə aparmışdır. Elə Böyük Vətən Müharibəsi illərində də xalqımız uşaqdan böyüyə kimi tam səfərbər olmuş, Ana Vətəni müdafiə etmişlər".

  Müharibənin törətdiyi ağır faciələrindən danışan qocaman veteranımız azərbaycanlıların xeyli itki verməsinə baxmayaraq, böyük rəşadətlə düşmənə qarşı döyüşdüyünü sözlərinə əlavə etdi.

  Mehdi müəllimin fikirlərini davam etdirən Bəhruz Nəsirov isə müharibədə öz şücaəti, qəhrəmanlığı ilə xüsusilə fərqlənən və əsasən azərbaycanlılardan ibarət 416-cı tank diviziyasının qalibiyyətli danışdı: "1942-ci ilin dekabrından qələbə gününə kimi olduqca şərəfli yol keçmiş diviziya ən cəsur 10 diviziya arasında yer tutmuşdu. Öz döyüş yoluna Şimali Qafqazdan başlayan diviziya Taqanroq şəhərinin azad olunması uğrunda misilsiz rəşadət nümayiş etdirmişdir. Bu döyüşdən sonra diviziyanı “Taqanroq diviziyası” da adlandırırdılar. Almaniya ərazisinə daxil olan ilk diviziya kimi adı tarixə yazılan “416” Meritopol, Odessa və digər şəhərlərin azad olunmasında mühüm rol oynamışdır".

  B.Nəsirov azərbaycanlıların nəinki ön cəbhədə, arxa cəbhədə də böyük igidliklər göstərdiklərini, bir yumruq kimi birləşdiyini də sözlərinə əlavə etdi. Eyni zamanda, böyük fəxarət hissi ilə qeyd olundu ki, SSRİ qəhrəmanı adına layiq görülən 130 nəfərdən 43-ü məhz azərbaycanlı idi. Onlar arasında 2 dəfə bu ada layiq görülmüş Həzi Aslanovun müharibədə göstərdiyi şücaət, qəhrəmanlıq isə dillər əzbəridir.    

  Görüşdə müharibənin qələbə ilə sonlanmasında Bakı neftinin əhəmiyyəti də xüsusilə qeyd edildi. Bildirildi ki, SSRİ bir çox sahələrdə Almaniyadan geri qalsa da, məhz Bakı nefti hesabına qələbə qazandı.

  Müharibədə qələbə qazanmağın ən mühüm şərtlərindən biri kimi əsgərlərin döyüş ruhunun, mənəvi-psixoloji durumunun yüksəldilməsi amili də səsləndirildi. Bu baxımdan şəxsi heyətin Vətənə sevgi ruhunda tərbiyəsində mədəniyyət, elm xadimlərimizin, xüsusilə də Azərbaycan radiosunun misilsiz xidmətləri qeyd olundu.

  Görüşdə yekun söz Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Ramiz Axundova verildi. 1941-1945-ci illərin Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu diqqətə çatdıran R.Axundov xüsusilə vurğuladı ki, müharibədə iştirak edənləri, veteranları heç bir zaman unutmaq olmaz. Xalq onları həmişə ehtiramla xatırlamalı, hörmətlə anmalıdır.

  Ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən veteranlara göstərilən böyük diqqət və qayğıdan da söz açan R.Axundov çıxışının sonunda gənc əsgərlər tövsiyələrini bildirdi. Qeyd etdi ki, tariximizi dərindən bilməli, xarici dillərlə yanaşı, ilk növbədə ana dilimizi mükəmməl öyrənməli, Mübariz kimi oğullardan nümunə götürməli, torpaqlarımızı qorumalı, xalqımızı, Vətənimizi sevməli, dövlət və dövlətçiliyimizə sadiq olmalıyıq. 

  Hərbi hissə komandiri polkovnik Zəfər Əliyev isə öz növbəsində bütün şəxsi heyət adından qonaqlara dərin minnətdarlığını bildirdi və əminliklə vurğuladı ki, şəxsi heyət torpaqlarımızın azadlığı uğrunda hər an döyüşə hazırdır.

  Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olundu və xatirə şəkli çəkildi.