"Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir". Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunlar haqqında söylədiyi bu qiymətli fikir tutduğu vəzifədən asılı olmayaraq, bütün şəxsi heyəti daha fədakar xidmətə ruhlandırır. Elə bunun nəticəsidir ki, hər bir zabit, gizir xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi istiqamətində əlindən gələni əsirgəmir.
 
  Ümumiyyətlə, hərbi hissələrin qarşısına qoyulmuş xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin vəziyyəti, bu istiqamətdə görülən məqsədyönlü fəaliyyət Daxili Qoşunlar Komandanlığının daima diqqət mərkəzində saxladığı məsələlərdəndir.Hətta həftənin bazar günləri belə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının hərbi hissələrdə olması, mövcud şəraitlə şəxsən tanış olması dediklərimə əyani sübutdur.
 
  Şəxsi heyətlə görüşlər zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyin, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyin, verilmiş əmr və göstərişlərə sözsüz tabe olmağın zəruriliyi vurğulanır, həlli vacib məsələlərlə bağlı konkret tapşırıqlar verilir.
 
  Daxili Qoşunlar Komandanının zabit və gizirlərlə görüşü zamanı etdiyi çıxışdan bir məqamı xatırlatmaq istərdim: "Daxili Qoşunlarda fəaliyyət prinsiplərinin təkmilləşdirilməsi, döyüş hazırlığının daha da yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, maddi-texniki bazanın, həmçinin şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun nəzarəti altında uğurla həyata keçirilməkdədir. Bu baxımdan hər birimiz üzərimizə düşən məsuliyyəti dərindən dərk etməli, vəzifələrimizdən irəli gələn tələblərə ciddi riayət etməliyik".
 
  Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov növbəti dəfə - aprelin 13-də və 20-də qoşunların 25031, 16075 və 12576 saylı hərbi hissələrində olmuşdur.
 
  O, 25031 saylı hərbi hissədə şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu, təminat-təhcizatı, eləcə də  ərazidə aparılan quruculuq-abadlıq işləri ilə yaxından tanış olmuşdur.
 
  16075 saylı hərbi hissədə də bütün xidmət yerlərinə baxış keçirilmiş, avtomobil parkında hərbi texnikaların, nəqliyyat vasitələrinin sazlığı yoxlanılmış, həmçinin bölüklərdə şəxsi heyətin asudə vaxtının səmərəli təşkilinə diqqət yetirilmişdir.
 
  Qeyd etdiyim kimi, Daxili Qoşunlar Komandanlığı hərbi hissələrdə olarkən, birbaşa şəxsi heyətlə, o cümlədən - kiçik komandir heyətilə, habelə  əsgərlərlə də ünsiyyətdə olur, onların qayğıları ilə maraqlanır. Məqsəd şəxsi heyəti hərbi borcu yerinə yetirərkən nümunəvi xidmətə ruhlandırmaq, əla döyüş hazırlığı göstəricilərini yüksəltməkdən ibarətdir.
 
  Sumqayıt şəhərində yerləşən hərbi hissədə təşkil olunan görüş zamanı məlum oldu ki, həmin gün əsgərlər İsmayılov Ömərin 23, Qüdrətli Elminin isə 19 yaşı tamam olur. Bu münasibətlə  general-mayor Ş.Məmmədov hər iki əsgəri təbrik edərək, onlara qol saatı hədiyyə etdi və xatirə şəkli çəkdirdi.
 
  Bu anlar doğum gününü qeyd edən əsgərlərin həyatında ən xoş hadisə kimi iz qoydu. Bu, eyni zamanda Daxili Qoşunlar Komandanının öz əsgərinə olan münasibəti idi, onlara verdiyi yüksək qiymət idi. Əsgərə olan belə bir diqqət və qayğı digər hərbi qulluqçularda da yüksək döyüş ruhunun yaranmasını təcəssüm etdirir.
 
  Cənab Komandan sonra stasionar müalicədə olan xəstə əsgərlərə baş çəkmək, onların səhhətilə maraqlanmaq üçün 12576 saylı hərbi hissəyə yola düşdü. Qoşunların Hərbi hospitalında xəstələrin səhhəti və aparılan müalicənin effektivliyi barədə ətraflı məlumat verildi.
 
  Hərbi hissələrdə övladları ilə görüşə gələn əsgər valideynlərinin rəhbərlik tərəfindən qəbul olunması, onların müraciətlərinin dinlənilməsi də diqqətdən kənarda qalmamışdı.
 
  Valideynlərlə görüşdə hər dəfə olduğu kimi, bu dəfə də Daxili Qoşunların Komandanı respublikamızın iqtisadi inkişafından söz açaraq, bu tempin ordu quruculuğuna da yüksək dərəcədə təsir etdiyini diqqətə çatdırmışdır.
 
  Övladları üçün yaradılmış hərtərəfli şəraitə görə minnətdarlıq ifadə edən  valideynlərin fikirlərinə münasibət bildirən cənab Komandan  xüsusi olaraq vurğulamışdır ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi, eləcə də Daxili Qoşunlar Komandanlığı bu istiqamətdə sadəcə, öz vəzifə borcunu yerinə yetirir: "Əsgərlərin kazarma-məişət şəraitinin yaxşılaşdırılması, müvafiq geyim növlərilə təchiz edilməsi, qida rasionunun keyfiyyətinin artırılması və s. məsələlərin həlli Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşımızda qoyduğu əsas tələblərindən biridir".
 
  Görüş zamanı valideynlər əsasən övladlarının müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda xidmətlərini davam etdirmək istəyində olduqlarını diqqətə çatdırmışlar. Bu istək və arzuları təqdirəlayiq hal kimi qiymətləndirən Daxili Qoşunların Komandanı qeyd etmişdir ki, böyük məmnuniyyətlə, onların müraciətləri nəzərə alınacaq.
 
  Görüşdən sonra əsgər valideynləri və bir sıra hərbi qulluqçular fərdi qaydada qəbul edilmiş, onlar tərəfindən qaldırılan məsələlərin yerinə yetirilməsinə dair müvafiq qaydada göstərişlər verilmişdir.
 
  Yazımı Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun hərbi hissə komandanlıqları qarşısında qoyduğu tələb və tövsiyələrdən çıxarış etdiyim bu fikirlərlə yekunlaşdırmaq istərdim: "Əgər rəhbər şəxslər öz vəzifə borclarına son dərəcə həssas yanaşırsa, özünə qarşı tələbkardırsa, onun tabeçiliyindəki hərbi qulluqçular da xidmətə qarşı məsuliyyəti ikiqat artırmalıdırlar. Belə olan halda qoşunlarımızın yüksək döyüş hazırlığına və qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsinə nail olarıq".