Müasir Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi, vətəndaş cəmiyyətinin formalaşması, əsaslı siyasi və iqtisadi islahatların həyata keçirilməsi, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli ideya ətrafında birləşməsi və azərbaycançılıq ideologiyası Heydər Əliyev siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan dilini, tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini qorumağı daim tövsiyə edən Heydər Əliyevin ideoloji əsaslarının tam şəkildə bərqərar olmasına baxmayaraq, bu işlərin vahid mərkəzdən istiqamətlənməsinə ehtiyac duyulurdu.

  Bu zərurətdən  irəli gələrək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli müvafiq sərəncamına əsasən, Bakı şəhərində Heydər Əliyev Mərkəzi yaradılmışdır.

  İnşasına 2007-ci ildə başlanılmış mərkəzin binası 2012-ci il mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilmişdir. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur.

  Martın 15-də Daxili Qoşunların Baş İdarəsinin bir qrup zabiti Heydər Əliyev Mərkəzini ziyarət etmiş, burada Ulu Öndərə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlarla tanış olmuşlar.

  Şəxsi heyətə məlumat verilmişdir ki, binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur  müəllifi kimi tanınır.

  Mərkəzin binasının layihəsində düz xətlərdən istifadə olunmayıb. Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması davamlılığı, sonsuzluğu təcəssüm etdirir. Binanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını yaradır.

  Binanın inşası zamanı ümumi uzunluğu 90 km təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulmuşdur. Sahəsi 40 000 m² olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur- üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12027 ədəd paneldən istifadə olunmuşdur.

  Kompleksə əsas bina, yeraltı parkinq və park ərazisi daxildir. Ərazidə 2 dekorativ hovuz və süni göl var. Mərkəzin ümumi ərazisi 15,93 ha, tikinti sahəsi 101.801 m², park (landşaft ərazi) 13.58 ha, binanın zirvəsi isə 74.1 metrdir. Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır.

  Əsas bina 3 bölmədən ibarətdir:

  - Heydər Əliyev Muzeyi bölməsi.
  - Sərgi zalları  bölməsi  (sərgi salonları, inzibati ofis və kafe yerləşir).
  - Audiorium bölməsi (2 konfrans zalı, görüş və toplantı otaqları, media mərkəzi yerləşir).

  Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Muzey Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin həyat və  fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən zəngin materiallar mövzuddur.

  Ümumiyyətlə, mərkəz Ulu Öndərin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, həmçinin Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılmasına böyük imkanlar açır. Eyni zamanda mərkəz dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.