“Formula-1 Qatar Airways Azərbaycan Qran-Pri” yarışı zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilib

Sentyabr ayının 13-dən 15-dək Bakıda “Formula-1 Qatar Airways Azərbaycan Qran-Pri” yarışı keçirilib. Beynəlxalq əhəmiyyətli idman yarışı zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, ərazinin mühafizəsi və nəzarət-buraxılış tədbirlərinə polis əməkdaşları ilə birlikdə cəlb olunan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də qarşıya qoyulan tapşırıqların icrasına tam məsuliyyətlə yanaşmaqla, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Qeyd edilməlidir ki, ilk növbədə, müvafiq plan-hesab hazırlanaraq şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılıb, polislə qoşunların birgə xidmətinin əlaqələndirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin qurulması məqsədilə Daxili Qoşunların Baş İdarəsində baş idarəetmə mərkəzinin, hərbi hissələrdə isə idarəetmə məntəqələrinin fəaliyyəti təşkil edilib. Yarışın təşkil olunacağı ərazi və obyektlərə baxış keçirilərək xidmətin təşkili baxımından təhlil olunub, aidiyyəti üzrə komandir heyəti xidmətaparma yerləri ilə əyani tanış edilib. Xidmətə cəlb olunan şəxsi heyətə tədbirin əhəmiyyəti, qanunçuluq, vətəndaşların hüquq və azadlıqlarının qorunması prinsipləri izah edilərək, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşılması tələb olunub.

Yarış ərəfəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xidmətə cəlb olunan hərbi hissələrində keçirilən sıra baxışında “Formula-1 Qatar Airways Azərbaycan   Qran-Pri” yarışı zamanı ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək hərbi qulluqçuların xidmətə hazırlığı, təminat-təchizat məsələlərinin həlli, eləcə də nəqliyyat vasitələrinin vəziyyəti yoxlanılıb. Xüsusi təyinatlı və xüsusi vasitələrin tətbiqi bölmələrinin, perimetr boyu xidmətin aparılmasına cəlb olunacaq şəxsi heyətin, o cümlədən qadın hərbi qulluqçuların xüsusi geyim formalarına, hərtərəfli təminatına, xüsusi vasitə və avadanlıqlarla, rabitə vasitələrilə təchizatına və nəqliyyat vasitələrinə xüsusi diqqət yetirilib.

Bununla yanaşı, həvalə edilən obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmini mövzuları üzrə xüsusi məşğələlər keçirilib, xidmətə cəlb olunacaq qadın hərbi qulluqçuların da müvafiq məşğələlərdə iştirakı təmin edilib.

Müəyyən edilib ki, yarış zamanı xidməti tapşırıqların tam həcmdə yerinə yetirilməsi üçün planlaşdırılmış hazırlıq tədbirlərinin vaxtlı-vaxtında icrası təmin olunub.

Sentyabr ayının 11-də yarış zolağında, sentyabrın 12-də “Atletlər kəndi”ndə, sentyabrın 13-də isə Bakı Kristal Zalında müəyyən edilmiş tapşırıqların icrası ilə əlaqədar Daxili Qoşunların hərbi qulluqçularının polis əməkdaşları ilə birlikdə xidməti başlayıb. Hərbi qulluqçularımız tərəfindən yarış və qeyri-yarış obyektlərinin mühafizəsi istiqamətində qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilib. İstehkam qrupları tərəfindən tamaşaçılar üçün quraşdırılmış tribunalar və digər obyektlər öncədən yoxlanılaraq müvafiq qaydada aidiyyəti üzrə mühafizəyə verilib. Nəzarət-buraxılış məntəqələrində buraxılış rejimi təmin olunub, hərəkət icazəsi olan mülki avtomobillərin yoxlanılması zamanı xidməti itlərdən də geniş istifadə edilib. Qeyd olunan istiqamətlər üzrə qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilərək, xidmətin aparılmasında hər hansı bir nöqsana yol verilməyib.

Həmçinin xidmətə cəlb olunan hərbi qulluqçularla əvvəlcədən aparılmış təlimatlandırma, o cümlədən onların mənəvi-psixoloji və fərdi keyfiyyətlərinə xüsusi diqqət yetirilməsi nəticəsində vətəndaşlarla, xüsusən əcnəbi qonaqlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi əməl olunub.

Yarış keçirilən müddətdə xidmətin aparılması üçün bütün zəruri tədbirlər görülüb, şəxsi heyətin daşınması, onların qidalanması, hərbi qulluqçulara tibbi xidmətin göstərilməsi, asudə vaxtının səmərəli təşkili xüsusi diqqət mərkəzində saxlanılıb.

Göründüyü kimi, mötəbər tədbir zamanı ictimai təhlükəsizliyin təmin olunmasında kifayət qədər təcrübəyə malik olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti bu dəfə də qarşıya qoyulmuş bütün tapşırıqları peşəkarlıqla yerinə yetirib.