Sentyabrın 14-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna 2024-cü ildə qəbul olunan kursantların təntənəli andiçmə mərasimi keçirilib.

Mərasim Hərbi İnstitutun Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başlayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhid hərbi qulluqçularımızın əziz xatirələri bir dəqiqəlik sükutla anılıb. Nümunəvi göstərici hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa edilib.

Hərbi İnstituta yeni qəbul olunmuş kursantlar hərbi and içərək, Vətənimiz Azərbaycana və onun xalqına sadiq olacaqları, dövlətimizin mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqları, bundan ötrü qanlarını və canlarını əsirgəməyəcəkləri barədə söz veriblər.

İlk olaraq çıxış edən Hərbi İnstitutun rektoru general-mayor Elçin Məmmədov kursantların hərbi anda sadiq qalacaqlarına, hərb işini vicdanla öyrənəcəklərinə, hərbi ənənələri şərəflə davam və inkişaf etdirəcəklərinə, üzərilərinə düşən şərəfli və məsul vəzifələri layiqincə yerinə yetirəcəklərinə, zabit adına hər zaman layiq olmağa çalışacaqlarına və onlara göstərilən etimadı hər zaman doğruldacaqlarına əminliyini bildirib.

Andiçmə mərasimində iştirak edən daxili qoşunlar komandanının müavini - şəxsi heyət üzrə idarənin rəisi general-mayor İnqilab Muradov daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədovun andiçmə münasibətilə təbrik və tövsiyələrini çatdırıb. Təbrikdə qeyd olunub ki, Daxili Qoşunların bütün şəxsi heyəti kimi, bu gün sıralarımıza daxil olan kursantlar da Ulu Öndər Heydər Əliyev məktəbinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirəcək, Daxili Qoşunların sıralarının möhkəmlənməsi üçün səy göstərəcək, dövlət və dövlətçiliyimizin daha da gücləndirilməsi naminə öz fədakar xidmətlərini əsirgəməyəcəklər.

Təbrikdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazandığı böyük qələbənin müasir dövlətçilik və hərb tariximizin parlaq səhifəsi olduğu vurğulanıb, eləcə də Daxili Qoşunların şəxsi heyətinin qəhrəmanlıq nümunələri  göstərərək, şərəfli döyüş yolu keçdiyi bildirilib.

Əlavə olaraq, general-mayor İ.Muradov çıxışında bütün kursantların təlimdə və məşğələlərdə fəallıq göstərəcəklərinə, mükəmməl hərbi biliklərə yiyələnəcəklərinə,  təhsillərini müvəffəqiyyətlə başa vuraraq, qoşunların hərbi hissələrində hazırlıqlı və peşəkar zabitlər kimi xidmətə başlayacaqlarına, bilik və bacarıqlarını dövlətimizin qorunması, inkişafı və tərəqqisi naminə əsirgəməyəcəklərinə, eləcə də bu şərəfli yolda inamla addımlayaraq uğurlar əldə edəcəklərinə inamını ifadə edib.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.