İyul ayının 8-də Daxili Qoşunların Baş İdarəsində “2023-cü ilin 1-ci yarımilində Daxili Qoşunların xidməti-döyüş fəaliyyətinin yekunları”na həsr olunmuş Hərbi Şuranın növbəti iclası keçirilib.
Giriş sözü ilə iclasda çıxış edən Hərbi Şuranın sədri, Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov qeyd edib ki, 2023-cü ilin 1-ci yarımilində Daxili Qoşunlar tərəfindən qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının icrası təmin olunmuşdur.
Daxili qoşunların komandanı iclasın gündəliyini elan etdikdən sonra Daxili qoşunlar komandanının 1-ci müavini-qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış edib.
Məruzədə bildirilib ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ordu quruculuğunun inkişafı və işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri yüksək templə davam etdirilmişdir. Daxili İşlər Nazirliyinin vahid sisteminin mühüm struktur qurumlarından biri olan Daxili Qoşunlar tərəfindən 2023-cü ilin 1-ci yarımili ərzində mühüm dövlət, ictimai-siyasi və idman tədbirlərində Daxili Qoşunların şəxsi heyəti polis əməkdaşları ilə birlikdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində fəal iştirak etmiş, müəyyən edilmiş tapşırıqlar layiqincə yerinə yetirilmişdir.
Ölkəmizin müstəqilliyinin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti 1-ci yarımil ərzində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai qaydanın qorunmasında, cinayətkarlığa qarşı mübarizədə fəal iştirak edərək, qarşıya qoyulmuş tapşırıqların icrasını tam təmin etməklə yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirib.
Qoşunların şəxsi heyəti polis əməkdaşları ilə birgə işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, terror, təxribat və digər qanunazidd fəaliyyətin qarşısının alınması, giriş-çıxışın xüsusi rejiminin tətbiq edilməsi və digər mühüm vəzifələrin yerinə yetirilməsi üzrə qarşıya qoyulmuş tapşırıqların icrası həyata keçirilib.
Həmçinin, mühüm beynəlxalq səviyyəli tədbirlərin, “Formula-1 Azərbaycan Qran-Pri” yarışının, o cümlədən, futbol oyunları zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması üzrə xidmətin aparılmasına cəlb edilən şəxsi heyət tərəfindən qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla, tam həcmdə icra edilib.
Daxili Qoşunların istehkamçıları tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və döyüş sursatı qalıqlarından təmizlənməsi üzrə qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqları uğurla yerinə yetirilib. Beynəlxalq idman tədbirləri zamanı da istehkamçıların fəaliyyəti qənaətbəxş olub.
Bundan əlavə, gündəlik xidməti fəaliyyətdə döyüş təlimi prioritet məsələ kimi qəbul edilib. Belə ki, hərbi qulluqçuların səhra təcrübəsinin artırılması, onların fərdi bacarıqlarının və birgə fəaliyyətlərinin təmini məqsədilə şəxsi heyət səhra təlimlərinə, atıcılıq məşqlərinə cəlb olunub, ixtisaslı hərbi qulluqçularla metodiki təlim toplanışları təşkil olunaraq keçirilib. Yarımil ərzində şəxsi heyətin döyüş hazırlığı mütəmadi olaraq yoxlanılıb.
İclasda Baş İdarənin bir sıra idarə, şöbə rəisləri və hərbi hissə komandirlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib. Çıxışlar zamanı qeyd olunub ki, ümumilikdə, hərbi hissələr qarşıya qoyulmuş tapşırıqlardan irəli gələn vəzifələri tam həcmdə yerinə yetiriblər.
Hərbi Şuranın iclasına yekun vuran Daxili qoşunların komandanı 2023-cü ilin 1-ci yarımilində Daxili Qoşunların xidməti-döyüş fəaliyyətini ümumən qənaətbəxş hesab edərək, aidiyyəti idarə, şöbə, xidmət rəislərinə və hərbi hissə komandanlıqlarına tapşırıqlar verib, Qoşunların şəxsi heyətinin bundan sonra da xalqa və dövlətə sadiqliyini nümayiş etdirərək ləyaqətlə xidmət edəcəyinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısına cavab olaraq, Daxili işlər nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyinə, polis orqanlarının əməkdaşları ilə birgə ölkədə ictimai asayişin və sabitliyin keşiyində mətinliklə dayanacağına əminliyini diqqətə çatdırıb.