Yanvarın 10-da Daxili Qoşunların Baş İdarəsində “2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında”  Hərbi Şuranın iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən Hərbi Şuranın sədri, Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov diqqətə çatdırıb ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti ötən il ərzində təhlükəsizliyin təmin olunması, mühüm obyektlərin mühafizəsi, eləcə də digər vəzifələri layiqincə və keyfiyyətlə icra edib. Xüsusən işğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş tapşırıqlar tam həcmdə həyata keçirilib.

2022-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunları barədə Daxili qoşunlar komandanının 1-ci müavini - qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə edib.

Qeyd olunub ki, Daxili Qoşunlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaradılan stasionar postlarda və ayrı-ayrı marşrutlar üzrə xidmət təşkil edilib, mühüm obyektlərin mühafizəsi təmin olunub, xidməti ərazilərin monitorinqi keçirilərək əməliyyat məlumatları fasiləsiz toplanılıb və təhlili aparılıb, aidiyyəti orqanlarla zəruri qarşılıqlı əlaqələr yaradılıb.

İl ərzində qoşunlar “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının, “Formula-1 Azərbaycan Qran-Pri” yarışının və digər mühüm beynəlxalq səviyyəli tədbirlərin, futbol oyunlarının keçirilməsi zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb olunub. Bu tədbirlər zamanı, həmçinin işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin istehkamçı yarımqrupları tərəfindən də onlara həvalə edilmiş aidiyyəti xidməti-döyüş tapşırıqları uğurla yerinə yetirilib.

 2022-ci il ərzində qoşunlarda döyüş təlimi müvafiq direktivin tələbləri əsasında keçirilib, hərbi qulluqçuların komandir, ixtisas, atəş və fiziki hazırlıq səviyyəsinin təkmilləşdirilməsi təmin olunub. Daxili Qoşunların hərbi hissələri və ərazi polis orqanlarının birgə fəaliyyətinin və koordinasiyasının təkmilləşdirilməsi məqsədi ilə birgə xüsusi-taktiki təlim məşqləri təşkil olunub keçirilib.

Bununla yanaşı, məruzədə 2022-ci il ərzində Daxili Qoşunların şəxsi heyəti ilə tərbiyə işinin təşkilinin və hərbi intizamın vəziyyətinin qənaətbəxş olduğu vurğulanıb. Bildirilib ki, respublikada baş verən ictimai-siyasi hadisələr daim diqqət mərkəzində saxlanılıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm dövlət quruculuğu prosesi, dövlətimizin beynəlxalq arenada nüfuzunun artması şəxsi heyət arasında geniş təbliğ edilib. Qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsi, xəsarətalma hallarının və nizamnamədənkənar münasibətlərin qarşısının alınması, kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin yaradılması diqqətdə saxlanılan məsələlərdən olub.

Həmçinin ötən il ərzində Daxili Qoşunlarda maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı tədbirlərin ardıcıllıqla davam etdirilməsi, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması və hərbi qulluqçuların zəruri tələbatlarının təminat normalarına uyğun təmin olunması da diqqətə çatdırılıb.

Daha sonra bir neçə hərbi hissə komandiri və onların müavinlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib. Çıxışlar zamanı qeyd olunub ki, ümumilikdə, hərbi hissələr qarşıya qoyulmuş tapşırıqlardan irəli gələn vəzifələri tam həcmdə yerinə yetiriblər.

Çıxışlardan sonra Daxili qoşunların komandanı növbəti ildə qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib.

Sonda iclasa yekun vuran general-leytenant Ş.Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətinin bundan sonra da müəyyən edilmiş vəzifələri, habelə qarşıya qoyulacaq tapşırıqları tam həcmdə və əzmlə yerinə yetirəcəyinə əminliyini ifadə edib, hərbi qulluqçulara fəaliyyətlərində uğurlar arzulayıb.