Oktyabrın 15-də Daxili Qoşunların Baş İdarəsində Hərbi Şuranın Daxili Qoşunlarda hərbi intizamın, vətəndaş müraciətlərinə baxılmasının və qoşun təsərrüfatının qış mövsümünə hazırlığının vəziyyətinə həsr olunmuş növbəti iclası keçirilib.
 İclası giriş sözü ilə açan Hərbi Şuranın sədri, Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov bildirib ki, inamla irəliləyən ölkəmizdə müstəqil dövlətçilik, müstəqil xarici və daxili siyasət milli ideologiyanın prioritetləridir. Müxtəlif inkişaf modellərinin tətbiqi, sosial-iqtisadi islahatların həyata keçirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafı, bu əsnada ictimai-siyasi sabitliyin qorunması müasir Azərbaycanın gerçəkliyini təşkil edir.

Həmçinin qeyd olunub ki, sentyabr ayının 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilib, Daxili Qoşunların şəhid hərbi qulluqçularının əziz xatirəsi anılaraq yad olunub, müvafiq tədbirlər planına əsasən Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunların komandanlığının iştirakı ilə tədbirlər keçirilib.
Sonra Daxili qoşunlar komandanının müavini-şəxsi heyət üzrə idarənin rəisi general-mayor İnqilab Muradov şəxsi heyətlə tərbiyə işi qanunçuluğun və hərbi intizamın möhkəmlənməsinə, qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə, vətənpərvərlik ruhunun aşılanmasına və kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasına yönəldilib. Həmçinin, respublikada baş verən ictimai-siyasi hadisələr, dövlət səviyyəli tədbirlər daim diqqət mərkəzində saxlanılıb.
Məruzəçi qeyd edib ki, Daxili Qoşunların hərbi qulluqçuları hərbi intizamın möhkəmləndirilməsində əldə olunan nailiyyətlərin qorunması, eləcə də mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması üçün əzmlə çalışacaq, qarşıya qoyulan tələb və vəzifələrin yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşacaqlar.

Daha sonra Daxili qoşunlar komandanının müavini - maddi-texniki təminat idarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov Daxili Qoşunların qoşun təsərrüfatının qış mövsümünə hazırlığının vəziyyəti haqqında məruzə ilə çıxış edib.
Bildirilib ki, qoşun təsərrüfatının qış mövsümünə hazırlığı hissə və bölmələrin döyüş hazırlığının fasiləsiz təmin edilməsində, döyüş təlimində, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsində, şəxsi heyətin maddi-məişət və mədəni tələbatlarının ödənilməsində, kazarma-yaşayış fondunun, texniki və tibbi təyinatlı obyektlərin, silah, texnika və avadanlıqların hazırlığında, maddi-texniki vasitələrin saxlanılmasında, ümumilikdə qoşunların hərtərəfli təminatında prioritet məsələlərdən biridir.

Qışa hazırlıq işlərinin planlı surətdə aparılması məqsədilə, “2022-ci ildə Daxili Qoşunların Baş İdarəsində, Ali Hərbi Məktəbində, Təlim Mərkəzində və hərbi hissələrində qoşun təsərrüfatının qış mövsümünə hazırlığı üzrə tədbirlər planı” hazırlanıb, icrası üçün Ali Hərbi Məktəbə və hərbi hissələrə göndərilib. Əmrin və tədbirlər planının tələbləri aidiyyəti vəzifəli şəxslər tərəfindən öyrənilib və tədbirlərin vaxtında yerinə yetirilməsi nəzarətdə saxlanılıb.
Qış mövsümünə keçidlə əlaqədar qoşunların şəxsi heyəti mövsümi geyim əmlakları ilə təmin olunub, ərzaq məhsullarının tədarük edilməsi, normalara uyğun şəxsi heyətə çatdırılması, xörəklərin keyfiyyəti, əsgər yeməkxanalarının və iaşə obyektlərinin sanitar vəziyyəti nəzarətdə saxlanılıb, xidməti heyvanlar arasında baytar-profilaktiki və müalicə tədbirləri həyata keçirilib.

Həmçinin, qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə nəqliyyat vasitələrinin qış mövsümündə fasiləsiz istifadəsini təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilərək, park təsərrüfatlarının hazırlığı yoxlanılıb. Şəxsi heyətlə pis hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması, mövsümi texniki xidmətin keçirilməsi və qış dövründə nəqliyyat vasitələrinin istismarı qaydaları mövzularında məşğələlər keçirilib.
Bundan əlavə, soyuq hava şəraitində şəxsi heyətin sağlamlığının qorunması ilə əlaqədar qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi barədə də məruzə edilib.
Hərbi Şuranın iclasında mövcud vəziyyət, fəaliyyətdə qazanılmış nailiyyətlər, eləcə də yol verilmiş nöqsan və çatışmazlıqların yaranma səbəbləri, onların aradan qaldırılması istiqamətində görülən işlər barədə bir sıra hərbi hissə komandirlərinin hesabat-çıxışları dinlənilib.

İclasa yekun vuran general-leytenant Ş.Məmmədov hərbi intizamın möhkəmləndirilməsi və qış mövsümünə hazırlıqla əlaqədar şəxsi heyətin maddi-texniki və tibbi təminatı, sosial-məişət şəraitinin yaxşılaşdırılması, texnikanın istismarı üzrə tədbirlər planında nəzərdə tutulmuş işlərin tam olaraq başa çatdırılması üçün vəzifəli şəxslərə tapşırıqlarını verib.
Əminliklə bildirilib ki, dövlət qayğısına cavab olaraq, Daxili Qoşunların şəxsi heyəti yüksək döyüş hazırlığını bundan sonra da qoruyub saxlayacaq, xüsusən işğaldan azad olunmuş ərazilərdə qarşıya qoyulmuş tapşırıqları əzmlə yerinə yetirəcəklər.  

Mətbuat xidməti