İyulun 8-də Daxili Qoşunların Baş İdarəsində videokonfrans formatında “2022-ci ilin birinci yarımilində Daxili Qoşunların xidməti-döyüş fəaliyyətinin yekunları”na həsr olunmuş Hərbi Şuranın iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini-daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov qeyd edib ki, ötən dövr ərzində Daxili Qoşunlar tərəfindən qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının icrası təmin olunmuşdur.

General-leytenant Şahin Məmmədov iclasın gündəliyini elan etdikdən sonra daxili qoşunlar komandanının 1-ci müavini-qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış edib.

Məruzədə bildirilib ki, ölkəmizin müstəqilliyinin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti 2022-ci ilin birinci yarımili ərzində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai qaydanın qorunmasında, cinayətkarlığa qarşı mübarizədə fəal iştirak edərək, qarşıya qoyulmuş tapşırıqların icrasını tam təmin etməklə yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirib.

Qoşunların şəxsi heyəti polis əməkdaşları ilə birgə işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, terror, təxribat və digər qanunazidd fəaliyyətin qarşısının alınması, giriş-çıxışın xüsusi rejiminin tətbiq edilməsi və digər mühüm vəzifələrin yerinə yetirilməsi üzrə qarşıya qoyulmuş tapşırıqların icrası həyata keçirilib.

Həmçinin, mühüm beynəlxalq səviyyəli tədbirlər olan “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı, “Formula-1 Azərbaycan Qran-Pri” yarışının, o cümlədən, futbol oyunları zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması üzrə xidmətin aparılmasına cəlb edilən şəxsi heyət tərəfindən qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla, tam həcmdə icra edilib.

Daxili Qoşunların istehkamçıları tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və döyüş sursatı qalıqlarından təmizlənməsi üzrə qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqları uğurla yerinə yetirilib. Beynəlxalq idman tədbirləri zamanı da istehkamçıların fəaliyyəti qənaətbəxş olub.

Bundan əlavə, gündəlik xidməti fəaliyyətdə döyüş təlimi prioritet məsələ kimi qəbul edilib. Belə ki, hərbi qulluqçuların səhra təcrübəsinin artırılması, onların fərdi bacarıqlarının və birgə fəaliyyətlərinin təmini məqsədilə şəxsi heyət səhra təlimlərinə, atıcılıq məşqlərinə cəlb olunub, ixtisaslı hərbi qulluqçularla metodiki təlim toplanışları təşkil olunub keçirilib. Yarımil ərzində şəxsi heyətin döyüş hazırlığı mütəmadi olaraq yoxlanılıb.

Ötən müddət ərzində şəxsi heyətlə tərbiyə işi qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, xəsarətalma hallarının və nizamnamədənkənar münasibətlərin qarşısının alınmasına, komandir və rəislərin şəxsi nümunəliyinin təmin olunmasına, kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasına, hərbi qulluqçuların ictimai-siyasi hazırlıq üzrə biliklərinin artırılmasına yönəldilib. Bu məqsədlə qoşunlarda hərbi intizamın vəziyyəti və aparılan tərbiyə işi tədbirləri nəzarətə götürülüb, bu istiqamətdə müvafiq göstəriş və tövsiyələr verilib.

Bununla yanaşı, Daxili Qoşunlarda maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı tədbirlər ardıcıllıqla davam etdirilib, şəxsi heyətin kazarma-məişət şəraiti müasir standartlara uyğunlaşdırılıb, hərbi qulluqçuların zəruri tələbatları təminat normalarına uyğun təmin olunub, tələb olunan texnika və avadanlıqların alınması həyata keçirilib. Qoşunların maddi-texniki təminatının əsas istiqamətləri qarşıda duran vəzifələrin, xüsusən işğaldan azad olunmuş ərazilərdə və xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün tələb olunan vasitələrlə hərbi hissələrin təmin edilməsinə yönəldilib.

Çıxışının sonunda məruzəçi Daxili Qoşunların şəxsi heyətinin bundan sonra da qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsinə həmişə hazır olacağını, hərbi hissə və bölmələrin döyüş hazırlığının daim yüksək saxlanılması, hərbi qulluqçuların peşə hazırlığının artırılması, sağlam mənəvi-psixoloji mühitin yaradılmasının təmin olunacağını bildirib.

Daha sonra bir neçə hərbi hissənin komandirinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib. Çıxışlar zamanı qeyd olunub ki, ümumilikdə, hərbi hissələr qarşıya qoyulmuş tapşırıqlardan irəli gələn vəzifələri tam həcmdə yerinə yetiriblər.

Müşavirəyə yekun vuran general-leytenant Ş.Məmmədov 2022-ci ilin birinci yarımilində Daxili Qoşunların xidməti-döyüş fəaliyyətini ümumən qənaətbəxş hesab edərək, hərbi hissə komandanlıqlarına tapşırıqlar verib, Daxili Qoşunların şəxsi heyətinin bundan sonra da xalqa və dövlətə sadiqliyini nümayiş etdirərək ləyaqətlə xidmət edəcəyinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısına cavab olaraq, daxili işlər nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyinə, polis orqanlarının əməkdaşları ilə birgə ölkədə sabitliyin və ictimai asayişin keşiyində mətinliklə dayanacağına əminliyini ifadə edib.