İclası giriş sözü ilə açan Hərbi Şuranın sədri, Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov qeyd edib ki, Daxili Qoşunlarda tərbiyə işinin təşkili, hərbi intizamın və qanunçuluğun möhkəmləndirilməsi döyüş hazırlığının artırılmasında əsas aspektlərdən biridir.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi uzaqgörənliyi, idarəçiliyi və gərgin əməyi sayəsində həyata keçirilmiş məqsədyönlü islahatlar sonrakı illərdə ölkəmizin davamlı və dinamik yüksəlişi üçün möhkəm zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sınaqlardan çıxmış dövlətçilik strategiyasını böyük səriştə ilə inkişaf etdirməkdədir. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış hərbi zəfərimiz beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da artırıb, Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıq yaradıb.

General-leytenant Şahin Məmmədov iclasın gündəliyini elan etdikdən sonra 2022-ci ilin müvafiq dövrü ərzində Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti barədə Daxili qoşunlar komandanının müavini - şəxsi heyət üzrə idarənin rəisi general-mayor İnqilab Muradov məruzə ilə çıxış edib.

Məruzədə bildirilib ki, ötən müddət ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Daxili Qoşunların şəxsi heyəti öz andına sadiq qalaraq respublikada ictimai asayişin və daxili təhlükəsizliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, bütövlükdə qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının icrasında yüksək peşəkarlıq və qətiyyətlilik nümayiş etdirib.

Qeyd edilib ki, şəxsi heyətlə tərbiyə işi qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, xəsarətalma hallarının və nizamnamədənkənar münasibətlərin qarşısının alınmasına, komandir və rəislərin şəxsi nümunəliyinin təmin olunmasına, kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasına, hərbi qulluqçuların ictimai-siyasi hazırlıq üzrə biliklərinin artırılmasına yönəldilib. Bu məqsədlə, hərbi hissələrdə keçirilən tərbiyə işi tədbirləri nəzarətə götürülüb, hərbi intizamın vəziyyəti üzrə təhlillər aparılıb, fəaliyyət istiqamətləri üzrə müvafiq tövsiyələr verilib.

Həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyəti, möhtəşəm dövlət quruculuğu prosesi, işğal altında olan torpaqlarımızın azad edilməsi ilə dövlətimizin beynəlxalq arenada nüfuzunun artması şəxsi heyət arasında geniş təbliğ edilib.

Bununla yanaşı, Daxili Qoşunlarda cinayət, hadisə və kobud intizam pozuntularına yol verilməməsi, neqativ halların vaxtında qarşısının alınması məqsədilə müvafiq göstərişlərin hazırlanaraq hərbi hissələrə göndərildiyi və icrasının nəzarətdə saxlanıldığı vurğulanıb. Məruzəçi əlavə olaraq bildirib ki, respublikada baş verən ictimai-siyasi hadisələr, dövlət səviyyəli tədbirlər daim diqqət mərkəzində saxlanılıb, Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının və zəngin siyasi irsinin öyrənilməsi təmin edilib, mühüm tədbirlərdə və yekunlarda dövlət başçısının çıxışları, eləcə də bununla bağlı Prezident Administrasiyasından göndərilən tezislərdən ictimai-siyasi hazırlıq məşğələlərində və digər tərbiyə işi tədbirlərində geniş istifadə olunub.

Məruzədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş aidiyyəti Dövlət Proqramlarının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı şəxsi heyət arasında maarifləndirmə işinin aparıldığı, gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsi, sağlam həyat tərzi keçirmələri, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə təbliğat işinin gücləndirildiyi bildirilib.

Çıxışının sonunda general-mayor İ.Muradov Baş İdarənin idarə, şöbə və xidmət rəisləri, hərbi hissələrin komandanlığı əldə olunan nailiyyətlərin qorunması, eləcə də mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması üçün əzmlə çalışacağına, hərbi intizamın vəziyyətinin yüksəldilməsi, xidməti-döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi istiqamətində hər bir hərbi qulluqçunun əlindən gələni əsirgəməyəcəyinə, qarşıya qoyulan tələb və vəzifələrin yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşacağına əminliyini ifadə edib.

Daha sonra mövcud vəziyyət, fəaliyyətdə qazanılmış nailiyyətlər, eləcə də yol verilmiş nöqsan və çatışmazlıqların yaranma səbəbləri, onların aradan qaldırılması istiqamətində görülən işlər barədə bir sıra hərbi hissə komandirlərinin və onların tərbiyə işləri üzrə müavinlərinin hesabat-çıxışları dinlənilib.

İclasa yekun vuran general-leytenant Ş.Məmmədov aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verərək, Daxili Qoşunların şəxsi heyətinin bundan sonra da xalqa və dövlətə sadiqliyini nümayiş etdirərək ləyaqətlə xidmət edəcəklərinə, həmçinin, ictimai təhlükəsizliyin, vətəndaşlarımızın əmin-amanlığının etibarlı qorunması üçün daim var qüvvəsi ilə çalışacaqlarına əminliyini ifadə edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.