Noyabrın 1-də daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Silahlı Qüvvələr Attaşesi general-mayor Zekeriya Yalçını qəbul edib.

Qonağı səmimi salamlayan general-leytenant Ş.Məmmədov Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin dərin tarixi köklərə malik olduğunu bildirib. O, hazırda ölkələrimiz arasında mövcud olan çoxşaxəli əlaqələrin yüksək inkişafını vurğulayaraq, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq münasibətlərinin də uğurla inkişaf etməsindən danışıb.

Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın mövcudluğunu müsbət hal kimi qiymətləndirən Daxili Qoşunların Komandanı, Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri, o cümlədən Jandarm Baş Komandanlığı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini ifadə edib. Xüsusilə, Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığının Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan zabitlərinin təlim-tədris prosesinin inkişaf etdirilməsindəki önəmli fəaliyyətləri qeyd olunub.

Səmimi qəbul üçün təşəkkürünü bildirən general-mayor Z.Yalçın daxili qoşunlar komandanını 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə münasibətilə təbrik edərək, bu qələbənin tarixin səhifələrinə qızıl hərflərlə həkk olunacağını və yaddaşlardan silinməyəcəyini bildirib. Qonaq, həmçinin, ikitərəfli münasibətlərin ölkələrin gələcək inkişafına böyük təkan verəcəyini vurğulayıb. O, öz növbəsində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikasının bir sıra qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün lazımi dəstək verəcəyini də əlavə edib.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, iki ölkənin müvafiq qurumları arasında səmimi dostluq və hərbi əməkdaşlıq bundan sonra da uğurla davam edəcək.  
Görüşün sonunda xatirə şəkli çəkdirilib.