Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, iyul ayının 1-dən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında çağırışçıların müddətli həqiqi hərbi xidmətə qəbulu prosesi başlayıb. Sərəncamdan irəli gələn tələblərin yerinə yetirilməsi məqsədilə, daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının “Daxili Qoşunlara çağırışçıların seçilməsi, qəbulu, daşınması və sıraya daxil edilməsi ilə əlaqədar təşkilati tədbirlərin keçirilməsi haqqında” əmri ilə çağırışçıların tibbi müayinəsinin aparılması və mənəvi-psixoloji durumunun qiymətləndirilməsi üçün seçim qrupu yaradılıb. Daxili Qoşunların Baş İdarəsinin qərargahında təşkilat və komplektləşdirmə şöbəsinin rəisi polkovnik Xalid Bağırov seçim qrupunun rəhbəri təyin edilib. 

Hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini polkovnik-leytenant Müşfiq Xankişiyev bildirdi ki, çağırışçıların xidmətə qəbulu, yerləşdirilməsi və hərbi anda gətirilənədək müvafiq qaydada hazırlanması Daxili Qoşunların komandanlığının diqqət yetirdiyi ən vacib məsələlərdən biridir. Çağırışçıların hərbi xidmətə tədricən uyğunlaşmaları, hərbi nizamnamələrin müddəaları ilə tanış olmaları, eləcə də mənəvi-psixoloji durumlarının yüksək səviyyədə saxlanılması təsdiq edilmiş tədbirlər planına əsasən icra edilir. İlk olaraq, mənəvi-psixoloji hazırlıq planları hazırlanıb və hərbi hissə komandiri tərəfindən təsdiq olunub.
 
 Xidmətə yeni qəbul edilmiş əsgərlərin 45 günlük təlim dövründə bütün tədbirlər həmin plana əsasən həyata keçirilir. Təlim dövründə sıra, ictimai-siyasi, fiziki və atəş hazırlığı məşğələlərinə xüsusi diqqət yetirilir. Daxili Qoşunların təyinatı və vəzifələri, istifadədə olan silahların taktiki-texniki xüsusiyyətləri, nişanalma və təhlükəsizlik qaydaları, hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri özündə əks etdirən müvafiq nizamnamələrin maddələri ilə bərabər, qanunvericilik aktlarının aidiyyəti müddəaları da onlara öyrədilir. Sonuncu həftədə isə praktiki atışlar yerinə yetirilir və hər bir əsgər fərdi qaydada qiymətləndirilir.
 
Polkovnik-leytenant M.Xankişiyev onu da söylədi ki, çağırışçılar hərbi həkim komissiyasından keçməzdən əvvəl qəbul məntəqəsində seçim qrupunun üzvləri - Daxili Qoşunların Baş İdarəsində şəxsi heyət üzrə idarənin mənəvi-psixoloji hazırlıq şöbəsində zabit polkovnik-leytenant Xalid Hüseynov, mətbuat xidmətində zabit kapitan Sadıq Rəfiyev, “N” saylı hərbi hissənin tərbiyə işləri üzrə bölməsində təlimatçı baş leytenant Nail Nəzirov və “N” saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsində xüsusi vasitələrin tətbiqi bölməsi komandirinin tərbiyə işləri üzrə müavini baş leytenant Ruhin Məmmədov tərəfindən onlarla söhbətlər aparılır.
 
Söhbət zamanı çağırışçıların demoqrafik məlumatları, məşğuliyyətləri, ailə vəziyyətləri, dünyagörüşləri, Vətənə bağlılığı, orduya münasibəti, sosial vəziyyəti, təhsili, bacarıq və işgüzar keyfiyyətləri, yaxın qohumlarının məhkumluğunun olub-olmaması ətraflı öyrənilir. Həmçinin, onlara hərbi xidmətin üstünlükləri izah edilir, dövlət və dövlətçiliyə sadiqlik, Vətənə məhəbbət kimi ən müqəddəs hisslərin, döyüş ruhunun aşılanması, mənəvi-psixoloji durumun yüksəldilməsi məqsədilə Daxili Qoşunların şərəfli döyüş yolu, qəhrəmanları haqqında məlumat verilir. Bütün məlumatlar toplandıqdan sonra hər bir çağırışçının mənəvi-psixoloji durumu haqqında rəy hazırlanır və hərbi hissəyə təqdim olunur.
 
 Çağırışçılar növbə ilə həkim-terapevt, həkim-stomatoloq, baş ordinator-oftalmoloq, baş ordinator-kardioloq, baş ordinator-rentgenoloq tərəfindən müayinə olunur, onlara ümumi bədən baxışı keçirilir, həmçinin, profilaktik-flüoroqrafik müayinədən keçirilmələri təmin olunur.
 
Çağırışçıların tibbi müayinədən keçirilməsi barədə məlumat verən qrupun üzvü - Daxili Qoşunların Baş İdarəsinin tibb xidmətində sanitar-epidemiologiya dəstəsinin rəisi-baş sanitar həkim tibb xidməti polkovnik-leytenantı Vüqar İbrahimov vurğuladı ki, nəzarət-buraxılış məntəqəsində hərbi hissəyə gətirilən bütün çağırışçıların hərarəti ölçülür və hər biri tibbi maska ilə təmin olunur. Növbə ilə həkimlər tərəfindən yoxlanıldıqdan sonra, bütün dünyada və ölkəmizdə yayılan koronovirus xəstəliyi ilə əlaqədar olaraq TƏBİB-in həkimləri tərəfindən bütün çağırışçılardan analizlər götürülür. Müayinələrdən keçən çağırışçılar barədə hərbi həkim komissiyası tərəfindən rəylər verilir və onlar yalnız praktiki sağlam hesab olunduqları halda hərbi xidmətə qəbul olunurlar. O, tibbi personalın normal işi üçün hərbi hissədə bütün zəruri şəraitin yaradıldığını, həmçinin, gündəlik olaraq bölmələrdə hərbi qulluqçuların səhhətinin yoxlanıldığını, tibbi maskadan və əlcəklərdən istifadə qaydaları barədə onlarla söhbətlər aparıldığını da sözlərinə əlavə etdi.
 
 Çağırışçıların əşya əmlakları, eləcə də bədən ölçülərinə uyğun olan geyimlərlə təmin olunmaları da diqqətdə saxlanılır. Bundan əlavə, onlarla hərbi hissədə bölük və taqım komandirləri tərəfindən tərbiyəvi söhbətlər aparılır, hərbi xidmətə adaptasiya olunmaları üçün müvafiq məsləhətlər verilir.
 
Bütün bunlar onu deməyə əsas verir ki, çağırışçıların qəbulu prosesi Daxili Qoşunlar komandanlığının nəzarəti altında uğurla həyata keçirilir.