İyunun 11-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2020-2021-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Əvvəlcə Ali Hərbi Məktəbin döyüş bayrağı sıra meydanına gətirilib, ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçmiş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov məzunların buraxılış mərasiminin Ali Hərbi Məktəbin həyatında ən əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıraraq təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.

Daxili Qoşunlar üçün yüksək ixtisaslı kadrların hazırlanmasında danılmaz roluna, təmənnasız yardımlarına görə qardaş Türkiyə Respublikasının Jandarma Qüvvələri Baş Komandanlığına, hərbi mütəxəssislərinə təşəkkürünü bildirən cənab nazir bu işdə digər ölkələrin də anoloji təhsil müəssisələri ilə işgüzar əlaqələrin əhəmiyyətini qeyd edib.

Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran daxili işlər naziri gənc zabitləri, onların valideynlərini və yaxınlarını Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil müəssisəsinin rəhbərliyinə və zabit-müəllim heyətinə təşəkkürünü bildirib, olduqca vacib fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Nazir Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirmiş üç məzuna fərqlənmə diplomlarını və «baş leytenant» hərbi rütbələrinin paqonlarını təqdim edib.
Sonda gənc zabitlər tənətənəli marşla tribunanın qarşısından keçib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı