Aprelin 23-də Daxili Qoşunların Baş İdarəsində videokonfrans formatında  “2021-ci ilin müvafiq dövrü ərzində Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti haqqında” Hərbi Şuranın iclası keçirilib.   
İclasda giriş sözü ilə çıxış edən Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov qeyd edib ki, Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti, tərbiyə işinin təşkili, qanunçuluğun möhkəmləndirilməsi üzrə fəaliyyətin nəticələri və qarşıda duran vəzifələr döyüş hazırlığının artırılmasında əsas aspektlərdən biridir. 
 
Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan, Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarına qarşı aparılan 44 günlük Vətən müharibəsində hərbi qulluqçularımızın mənəvi-psixoloji vəziyyətinin yüksək olması, onların Vətən torpaqlarının azad edilməsi kimi ali amal ruhunda tərbiyə edilməsi qazanılmış şanlı qələbənin əsas şərtlərindən biri olduğunu bir daha təsdiqlədi. Bu zəfərin qazanılmasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da üzərinə düşən şərəfli missiyanı yerinə yetirib.  

General-leytenant Şahin Məmmədov iclasın gündəliyini elan etdikdən sonra    2021-ci ilin müvafiq dövrü ərzində Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti barədə daxili qoşunlar komandanının müavini - şəxsi heyət üzrə idarə rəisi general-mayor Vidadi Əliyev məruzə ilə çıxış edib.

Məruzədə bildirilib ki, ötən müddət ərzində şəxsi heyətlə tərbiyə işi qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, xəsarətalma hallarının və nizamnamədənkənar münasibətlərin qarşısının alınmasına, komandir və rəislərin şəxsi nümunəliyinin təmin olunmasına, kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasına, hərbi qulluqçuların ictimai-siyasi hazırlıq üzrə biliklərinin artırılmasına yönəldilib. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyəti, möhtəşəm dövlət quruculuğu prosesi, işğal altında olan torpaqlarımızın azad edilməsi ilə dövlətimizin beynəlxalq arenada nüfuzunun artması şəxsi heyət arasında geniş təbliğ edilib.

Həmçinin, hazırda hərbi qulluqçularımızın polis əməkdaşları ilə birgə işğaldan azad edilən ərazilərdə layiqincə xidmət apardıqları, təhlükəsizlik tədbirlərinin təmin olunmasında iştirak etdikləri, qazanılan nailiyyətlərin, Azərbaycan Respublikasının Prezidenti və daxili işlər naziri tərəfindən yüksək qiymətləndirilməsi də qeyd olunub.

Bununla yanaşı, məruzədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş aidiyyəti Dövlət Proqramlarının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı şəxsi heyət arasında maarifləndirmə işinin aparıldığı, gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsi, sağlam həyat tərzi keçirilmələri, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə təbliğat işinin gücləndirildiyi bildirilib.
 
Çıxışının sonunda general-mayor V.Əliyev Baş İdarənin şöbə və xidmət rəisləri, hərbi hissələrin komandanlığı əldə olunan nailiyyətlərin qorunması, eləcə də mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması üçün əzmlə çalışacağına, hərbi intizamın vəziyyətinin yüksəldilməsi, xidməti-döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi istiqamətində hər bir hərbi qulluqçunun əlindən gələni əsirgəməyəcəyinə, qarşıya qoyulan tələb və vəzifələrin yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşacağına əminliyini ifadə edib.

Daha sonra hərbi hissə komandiri və komandirlərin tərbiyə işlər üzrə müavinlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib. Çıxışlar zamanı qeyd olunub ki, ümumilikdə, hərbi hissələrin şəxsi heyətinin mənəvi-psixoloji durumu qarşıya qoyulmuş tapşırıqlardan irəli gələn vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün qənaətbəxşdir.

Müşavirəyə yekun vuran general-leytenant Ş.Məmmədov aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verərək, Daxili Qoşunların şəxsi heyətinin bundan sonra da xalqa və dövlətə sadiqliyini nümayiş etdirərək ləyaqətlə xidmət edəcəklərinə, həmçinin, ictimai təhlükəsizliyin, vətəndaşlarımızın əmin-amanlığının etibarlı qorunması üçün daim var qüvvəsi ilə çalışacaqlarına əminliyini ifadə edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.