“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının “Ombudsman təsisatı və hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər” mövzusunda, həmçinin, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin və hərbi hissələrinin şəxsi heyəti ilə 2021-ci ildə keçirilməsi nəzərdə tutulan birgə görüşlərə dair tədbirlər planı”na əsasən fevralın 11-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Daxili Qoşunların Ali Hərbi Məktəbində olub.

Görüşün keçirilməsində əsas məqsəd İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının hərbi qulluqçuların hüquq və azadlıqlarının qorunub saxlanılması sahəsində həyata keçirdiyi fəaliyyət haqqında kursantlara və ümumilikdə, şəxsi heyətə ətraflı məlumat vermək, hərbi qulluqçuların hüquqi baxımdan maarifləndirilməsini təmin etmək və onları maraqlandıran sualları cavablandırmaq olub.

İlk olaraq, Ali Hərbi Məktəbin ərazisi ilə tanış olan qonaq daha sonra tədris binasına, sinif otaqlarına, kursant yataqxanasına, yeməkxanaya və yuyunma otaqlarına ümumi baxış keçirib. Kursantlara insan hüquqları, bu əsnada, hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti barədə məlumat verilib, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparılıb.

 Görüşün sonunda İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) S.Əliyeva tədrisdə fərqlənən kursantlara hədiyyələr təqdim edib.

Qeyd edək ki, müvafiq tədbirlər planına əsasən, ilin sonunadək Daxili Qoşunların müxtəlif hərbi hissələrində Ombudsman Aparatı əməkdaşlarının şəxsi heyətlə görüşlər keçirməsi nəzərdə tutulur.