Ölkə ictimaiyyəti xalqımızın sağlamlığı və təhlükəsizliyi naminə polis əməkdaşları və hərbi qulluqçularımızın əzmkar xidmətini yüksək dəyərləndirir
Bu gün dünya ölkələrini çətin sınaqlarla üz-üzə qoyan koronavirus (COVID-19) pandemiyası səbəbindən insanların təhlükəli infeksiyaya yoluxmasının qarşısının alınması, onların sağlamlığının qorunması ən vacib məsələ kimi hamılıqla qəbul olunur.
Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyası ilə bağlı müəyyən etdiyi qaydalara və beynəlxalq aləmə ünvanladığı tövsiyələrə çevik reaksiya verən, bunları təxirə salınmadan həyata keçirən ölkələrdən biri də Azərbaycandır.
Koronavirus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması və xüsusi karantin rejiminin tələblərindən irəli gələn vəzifələrin icrasının təmin olunmasına polis əməkdaşları ilə birgə Daxili Qoşunların şəxsi heyəti də cəlb edilmişdir. Belə bir mühüm vəzifənin onlara həvalə olunması müvafiq qanunvericiliyin tələblərindən irəli gəlir. Onu da qeyd etmək vacibdir ki, “Daxili Qoşunların statusu haqqında” Qanunda Daxili Qoşunların hərbi qulluqçularının fövqəladə hallarda fəaliyyəti nəzərdə tutulub. Koronavirus pandemiyası da fövqəladə hal kimi xarakterizə olunur.
Hərbi qulluqçularımız polis əməkdaşları ilə birgə şəhər və rayonlararası yollarda buraxılış rejiminə nəzarət edir, xüsusi səhiyyə müəssisələrinin mühafizəsində dayanır, yaşayış məntəqələrində karantin-rejim tədbirlərinin təmin olunması üzrə fəaliyyət göstərirlər. Onlar zəruri qoruyucu vasitələrlə təmin olunublar. Şəxsi heyət qarşıya qoyulan tapşırıqların məsuliyyətini düzgün dərk edir, karantin-rejim tədbirlərinə aid təlimatları dəqiq yerinə yetirir, vətəndaşlara münasibətdə etik davranış göstərir, belə çətin vəziyyətdə nümunəvi xidmətlə qoşunlar haqqında müsbət rəy yaradır. Ölkə ictimaiyyəti polis əməkdaşları və hərbi qulluqçularımızın əhalinin sağlamlığı və təhlükəsizliyi naminə əzmkar xidmətini yüksək dəyərləndirir.
Bütün Azərbaycan xalqı kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşərək, öz iradəsini və birliyini nümayiş etdirərək, üzləşdiyi bu sınaqdan da alnıaçıq çıxacaq, tezliklə koronavirus xəstəliyi təhlükəsi sovuşacaq və onun fəsadları güclü dövlətimiz tərəfindən aradan qaldırılacaq, beləliklə, həyatımız öz normal axarına qayıdacaq.