Əsgər valideynləri övladları üçün yaradılmış hərtərəfli şəraitə görə Respublika Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər 

Dekabrın 15-də Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədovun qoşunların Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində əsgər valideynləri ilə görüşü keçirilib.

Görüşdən əvvəl Daxili Qoşunların komandanı şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə yaxından tanış olub, hərbi hissənin ərazisində aparılan quruculuq-abadlıq işləri ilə maraqlanıb.

Hərbi hissə komandiri polkovnik Xalid Eyvazov döyüş hazırlığının vəziyyəti, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji durumu barədə məruzə edib.

General-leytenant Ş.Məmmədov xidməti fəaliyyətə dair zəruri məsələlərlə əlaqədar məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verdikdən sonra övladları ilə görüşə gələn əsgər valideynləri ilə görüşərək, onların müraciətlərini dinləyib.

Görüşün təşkil olunmasında əsas məqsədin valideynlərin müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulayan cənab komandan qeyd edib ki, Daxili Qoşunların bütün hərbi hissələrində əsgərlərin yüksək səviyyədə xidmət aparması üçün hərtərəfli şərait yaradılıb. Diqqətə çatdırılıb ki, Daxili Qoşunların hərbi qulluqçularının sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərtərəfli şəraitə malik yaşayış kompleksləri, yeni hərbi şəhərciklər, qərargah binaları, əsgər kazarmaları, yeməkxanalar, tibb məntəqələri ən müasir zəruri avadanlıqlarla təchiz edilib.

Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı bildirib ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsi heyətə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Görüş zamanı valideynlərin övladlarının xidmət keçməsi ilə bağlı verdikləri suallar cavablandırılıb, onların qaldırdığı məsələlərin həlli istiqamətində konkret göstərişlər verilib.

Əsgərlərin sosial-məişət şəraiti ilə yaxından tanış olmalarından məmnunluqlarını ifadə edən valideynlər övladları üçün yaradılmış hərtərəfli şəraitə görə Respublika Prezidentinə, həmçinin, Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.