Sentyabrın 17-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Hərbi Attaşesi polkovnik Nadem Yaqub Çodrini qəbul edib.
Qonağı səmimi salamlayan general-leytenant Ş.Məmmədov Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasındakı münasibətlərin dərin tarixi köklərə malik olduğunu bildirərək, qardaş Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu diqqətə çatdırıb. O, hazırda ölkələrimiz arasında mövcud olan çoxşaxəli əlaqələrin yüksək inkişafını vurğulayaraq, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında hərbi əməkdaşlıq münasibətlərinin də uğurla inkişaf etməsindən danışıb.
Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın mövcudluğunu müsbət hal kimi qiymətləndirən Daxili Qoşunların Komandanı, Pakistan İslam Respublikasının Hərbi Attaşeliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında son illərdə yaranmış qarşılıqlı əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbul üçün təşəkkürünü bildirən polkovnik N.Y.Çodri ikitərəfli münasibətlərin ölkələrin gələcək inkişafına böyük təkan verəcəyini vurğulayıb.
Qonaq, öz növbəsində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Pakistan İslam Respublikasının bir sıra qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün lazımi dəstək verəcəyini bildirib.
Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, iki ölkənin müvafiq qurumları arasında səmimi dostluq və hərbi əməkdaşlıq bundan sonra da uğurla davam edəcək.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.