Avqust ayının 2-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Daxili Qoşunların Ali Hərbi Məktəbində qəbul planı üzrə boş qalan yerlərə seçim aparılması məqsədilə Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupunda qəbul imtahanlarında iştirak etmiş abituriyentlər və onların valideynləri ilə görüşüb. 

Abituriyentləri və onların valideynlərini səmimi salamlayan Daxili Qoşunların Komandanı, ilk olaraq, Daxili Qoşunlarda peşəkar zabit kadrlarının hazırlanmasında mühüm rol oynayan Ali Hərbi Məktəbdə təlim-tədrisin təşkili barədə məlumat verib.  O bildirib ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində təhsil alan kursantlar dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin olunurlar. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

Məktəbi müvəffəqiyyətlə bitirmiş məzunlara “İctimai təhlükəsizlik və idarəetmə” ixtisası və “leytenant” hərbi rütbəsi verilərək, Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər.

Həmçinin, cari il qoşunların Ali Hərbi Məktəbində təhsil almaq üçün 214 nəfər abituriyentin ərizə ilə müraciət etdiyini diqqətə çatdıran general-leytenant Şahin Məmmədov vurğulayıb ki, onların arasından müəyyən olunmuş keçid balını toplayanlar Ali Hərbi Məktəbə qəbul olunublar.

 Tədbir zamanı o da qeyd olunub ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasına imtahan verərək keçid balını toplaya bilməyən abituriyentlərin arasından bilik göstəriciləri uyğun olanların Daxili Qoşunların Ali Hərbi Məktəbinə seçilməsi qərara alınıb. Seçim zamanı Ali Hərbi Məktəbə boş qalan yerlərə kursant qəbulunun şəffaf şəkildə keçirilməsi üçün valideynlərin də tədbirdə iştirak etmələri təmin edilib. Abituriyentlərin qəbul imtahanında topladıqları balları nəzərdən keçirilərək, onlar içərisində yüksək bal toplayanlara Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil almaq və beləliklə, qoşunların sıralarında həqiqi hərbi xidmətə qəbul olunmaq təklif edilib.

Həmçinin onların arasından beş nəfər Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Qüvvələrinin Akademiyasında təhsil almaq üçün seçilib.

Daxili Qoşunların Komandanı görüşdə iştirak edən valideynlərin və abituriyentlərin suallarını cavablandırıb. Valideynlər övladlarının ali hərbi təhsil almaları məqsədilə şəffaf seçimin aparılmasına görə öz minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda general-leytenant Ş.Məmmədov Ali Hərbi Məktəbə qəbul olunan abituriyentləri və onların valideynlərini təbrik edərək, gələcək hərbi təhsillərində uğurlar arzulayıb.