Ölkəmizdə son illər təşkil olunan bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə olduğu kimi, UEFA Avropa Liqasının final oyunu zamanı təyinatına uyğun olaraq daxili işlər orqanları qarşısında konkret vəzifələr qoyulub.

Məlum olduğu kimi, mayın 29-da paytaxt Bakımızda İngiltərənin “Arsenal” və “Çelsi” futbol komandaları arasında final oyunu keçirilib. Bununla əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsinə dair tədbirlər planı işlənib hazırlanıb və Daxili İşlər Naziri tərəfindən təsdiq olunmuşdur.

Müvafiq plana əsasən, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirilməsi üçün Daxili Qoşunların Baş İdarəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə bağlı Bakı Olimpiya Stadionunda, Dənizkənarı Milli Parkın “FAN” zonasında, o cümlədən, bu tədbirlə bağlı nəzərdə tutulmuş qeyri-yarış yerlərində xidmətin aparılmasına cəlb olunan qüvvə və vasitələr müəyyən olunmuşdur.

Yarış ərəfəsində şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılıb və hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətinin əlaqələndirilməsi üçün dəqiqləşdirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili məqsədilə zəruri tədbirlər görülmüşdür. Tədbirə cəlb olunacaq tibb personal müəyyən edilmiş, onların təminat və təchizatı ilə əlaqədar müvafiq işlər aparılmışdır. Həmçinin, tədbirə cəlb ediləcək şəxsi heyətin lazımi sayda radiostansiya, əl detektorları və digər vasitələrlə təchiz olunması təmin edilmişdir.

Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan şəxsi heyətə tədbirin əhəmiyyəti, qanunçuluq, vətəndaşların hüquq və azadlıqlarının qorunması prinsipləri izah edilmiş, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşılması tələb olunmuşdur.

Bu tədbirdə qadın hərbi qulluqçular da təhlükəsizlik tədbirlərinə cəlb olunublar. Bütün şəxsi heyət xüsusi geyim forması ilə təmin olunmuş, həvalə edilən obyektlərin mühafizəsi, piyadaların və nəqliyyat vasitələrinin yoxlanılması sahələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilmişdir.

Mayın 22-də Olimpiya stadionunda xidmətə cəlb olunacaq hərbi qulluqçuların  xidmətə hazırlığının yoxlanılması məqsədilə sıra baxışı keçirilib və şəxsi heyətin postlarla tanışlığı təmin olunub.

May ayının 27-dən 30-na kimi Daxili Qoşunların Bakı qarnizonunda yerləşən hərbi hissələrində xidmət gücləndirilmiş variantda təşkil olunmuş, müvafiq tədbirlər həyata keçirilmişdir. Bu müddətdə final oyunu ilə əlaqədar yarış və qeyri-yarış obyektlərində mühafizə və buraxılış rejimi ilə bağlı xidmət təşkil olunmuş və aparılmış, hər hansı bir ciddi qanun pozuntusu qeydə alınmamışdır.

Qeyd edilməlidir ki, qoşunların şəxsi heyəti növbəti dəfə mühüm beynəlxalq idman tədbirində qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirmişdir.