Fevral ayının 22-də Daxili Qoşunların Baş İdarəsində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru Əlamdar  Şahverdiyev Xocalı soyqırımı ilə əlaqədar çıxış edib.

O, çıxışında XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayətlər barədə ətraflı məlumat verib, ötən əsrdən etibarən erməni daşnakları tərəfindən soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. Erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdikləri silsilə soyqırım aktlarının, onların məkrli siyasətinin bütün dünyanın gözü qarşısında baş verməsinə baxmayaraq, bu tarixi faciəyə dünya birliyinin hələ də lazımi siyasi qiymət vermədiyini təəssüf hissi ilə qeyd edib.

Qeyd olundu ki, Milli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımının əsl mahiyyəti açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi bu faciəyə hüquqi-siyasi qiymət verib. Tarixdə misli görünməmiş məlum hadisələr xalqımızın qan yaddaşında dərin izlər buraxıb, neçə illər keçməsinə baxmayaraq, Xocalı soyqırımı dərin hüzn və ehtiramla yad edilir.

Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıdılması istiqamətində atılan addımları mərasim iştirakçılarının diqqətinə çatdıran Ə.Şahverdiyev vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir çox mötəbər beynəlxalq təşkilatın və qlobal forumların kürsüsündən Xocalı həqiqətlərini bütün dünyaya bəyan edib. Bununla yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülmüş işlərin nəticəsi olaraq, artıq bir çox ölkə Xocalı soyqırımını tanıyır.

Ə.Şahverdiyev erməni qəsbkarları tərəfindən törədilmiş misli görünməmiş vəhşiliklər, xalqımızın başına gətirilmiş amansızlıqlar barədə məlumatların dünyaya yayılmasına köməklik göstərməyin hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu qeyd edib.