Yanvarın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində "2018-ci ildə Daxili Qoşunlarda xidməti-döyüş fəaliyyətinin yekunları"na dair Hərbi Şuranın iclası keçirilib.

 Hərbi Şuranın sədri, Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, 2018-ci ildə Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun tələb və göstərişləri əsasında beynəlxalq idman və kütləvi tədbirlər zamanı ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə üzrə xüsusi əməliyyatların keçirilməsində şəxsi heyət tərəfindən yüksək döyüş hazırlığı nümayiş etdirilib.

Bildirilib ki, 2018-ci il ərzində təlim Direktivinin tələbləri tam və keyfiyyətlə yerinə yetirilməklə  hərbi qulluqçuların komandir, ixtisas, atəş və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi təmin edilmiş, bununla da hissə və bölmələrin döyüş hazırlığının, şəxsi heyətin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasına, peşəkarlıq vərdişlərinin təkmilləşdirilməsinə nail olunmuşdur. Maddi-texniki tədris bazasının inkişaf etdirilməsi də prioritet məsələlərdən olmuşdur.

Eyni zamanda, şəxsi heyətlə tərbiyə işi qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, xəsarətalma hallarının və nizamnamədənkənar münasibətlərin qarşısının alınmasına, komandir və rəislərin şəxsi nümunəliyinin təmin olunmasına, kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasına və hərbi qulluqçuların ictimai-siyasi hazırlıq üzrə biliklərinin artırılmasına yönəldilmişdir. Bu məqsədlə Qoşunlarda hərbi intizamın vəziyyəti və aparılan tərbiyə işi tədbirləri nəzarətə götürülmüş, bu istiqamətdə müvafiq göstəriş və tövsiyələr verilmişdir.

Ötən 2018-ci ildə Daxili Qoşunlarda maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı tədbirlər ardıcıllıqla davam etdirilmiş, şəxsi heyətin kazarma-məişət şəraiti müasir standartlara uyğunlaşdırılmış, hərbi qulluqçuların zəruri tələbatları təminat normalarına uyğun təmin olunmuş, tələb olunan texnika və avadanlıqların alınması həyata keçirilmişdir. Qoşunların maddi-texniki təminatının əsas istiqamətləri qarşıda duran vəzifələrin və xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün tələb olunan vasitələrlə hərbi hissələrin təmin edilməsinə yönəldilmişdir.

Hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması məqsədilə də bir çox hərbi hissələrdə hərbi və məişət obyektlərinin təmiri aparılmış, lazımi avadanlıqlarla təmin edilərək yenidən istifadəyə verilmişdir.

Daha sonra bir sıra hərbi hissə komandirləri və hərbi hissə komandirlərinin tərbiyə işləri üzrə müavinlərinin məruzələri dinlənilmişdir.

Tədbirin sonunda Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov əminliklə bildirib ki, Daxili Qoşunlar qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsinə həmişə hazır olacaq, hərbi hissə və bölmələrin döyüş hazırlığının daim yüksək saxlanılması, hərbi qulluqçuların peşə hazırlığının artırılması, sağlam mənəvi-psixoloji mühitin yaradılması təmin olunacaqdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısına cavab olaraq Daxili İşlər Nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyinə, polis orqanlarının əməkdaşları ilə birgə ölkədə sabitliyin və ictimai asayişin keşiyində mətinliklə dayanacağına əminlik ifadə olunub.